Məhkəmə qərarları › İş №2(001)-711/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-711/2025

04.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-711/2025 04.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı mülki iş üzrə (Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1974-cü təvəllüdlü X2 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı xx.xx.1974-cü təvəllüdlü X4 xx.xx.2003cü il tarixdən müddətsiz 2-ci dərəcəli əlildir (lal, kar, kor). Son 3 ildə qardaşı Z.M.İmanov bir sıra ağır xəstəliklərdən (şəkərli diabet, yüksək təzyiq, baş ağrıları və başqa xəstəliklərdən) əziyyət çəkir. 2024-cü ilin mart ayından isə yaddaş pozğunluğu, ailə üzvlərini tanımama, ətrafı tam dərk etməmə kimi xüsusiyyətlər hiss olunmağa başlamışdır. xx.xx.2024-cü il tarixdən isə qəfil halı pisləşmiş, təcili tibbi yardımın köməkliyi ilə Məlikov adına BTM-nə gətirilmiş və reanimasiya şöbəsində müalicəsini davam etdirmişdir. xx.xx.2024-cü il tarixdən qardaşı Z.M.İmanovun adına tərtib olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator kitabçasından çıxarışdan göründüyü kimi qardaşına üzvi məşəli psixi pozuntu, motor afaziya, serebral atrofiya, beyin yarımkürəsində hemorrogik insult və digər ağır xroniki xəstəliklər üzrə diaqnoz qoyulmuşdur. Qardaşı ağır vəziyyətdə evə buraxıldıqdan sonra xx.xx.2024-cü il tarixdə yenidən ağırlaşmış, onu evdə saxlamaq və müalicəsini ev şəraitində davam etdirmək mümkün olmadığından DİN-nin Respublika Hospitalına reanimasiya şöbəsinə yerləşdirilmişdir. Həmin tibb idarəsinin xx.xx.2024-cü il tarixli epikrizndə (F13) qardaşının ümumi vəziyyətinin ağır olduğu, görməsinin, eşitməsinin, huşunun olmaması, soporoz, psixomotor oyanıqlılıq qeyd olunmaqla hər iki tibb müəssisəsi tərəfindən ona daimi nəzarət, xəstənin özünü idarə edə bilməyəcək vəziyyətdə olması, kənar şəxsin qulluğuna və köməyinə ehtiyacı olması göstərilmişdir. Hazırda ev şəraitində müalicəsi davam etdirilir, qardaşının efektli müalicəsi üçün onu ixtisaslaşdırılmış müalicə müəssisələrində və xaricdə müalicə, müayinə, lazım gəldikdə əməliyyat etdirmək, hüquq və mənafelərinin qorunması, həyata keçirilməsi üçün Füzuli rayon İcra Hakimiyyətinə rəsmi müraciət edərək, bütün lazımi sənədləri ərizəyə əlavə etməklə qardaşının onun qəyyumluğuna verilməsini xahiş etmiş, lakin ona bildirilmişdir ki, X2 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə olmalıdır, məhkəmə qətnaməsi təqdim edildikdən sonra bu məsələyə mahiyyəti üzrə baxılacaqdır. Bu səbəbdən də X2 maraqlarının və mənafeyinin müdafiə edilməsi üçün mülki hüquqi fəaliyyət qabiliyyətinin əldə edilməsi və həyata keçirilməsi zəruri olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

Mülki işin materialları:

5. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 33.4-cu bəndinə görə on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntula görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Buna görə də X2 Ərizəçi qəyyumluğuna verilməsi üçün “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi bərədə" məhkəmə qətnaməsi təqdim edildikdən sonra məsələyə mahiyyəti üzrə yenidən baxılacaqdır.

6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X3 “anadangəlmə lal-kar, toyuq korluğu” aşkar edilmişdir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xəstənin Ambulator kitabçasından çıxarışdan görünür ki, X3 “sağ tərəfli yüngül hemiparez, mator afaziya, üzvi məşəli psixi pozuntu” diaqnozu qoyulmuşdur. Həmçinin kənar şəxslərin qulluğuna ehtiyacının olması müəyyən edilmişdir.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 3560 saylı rəyindən görünür ki, X3 işemik insultdan sonraki damar mənşəli demensiya (ağıl zəifliyi) müəyyən edilir, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması müəyyən edilir və X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər.

c) Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

9. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir

10. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

11. 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir.

12. 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir.

13. 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

17. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

18. 217.4-ci maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

19. 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır.

20. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər.

21. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir.

22. 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

23. X1 işemik insultdan sonraki damar mənşəli demensiya (ağıl zəifliyi) nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması ərizəçinin izahatı, tibb müəssisəsinin arayışı və ekspert rəyi ilə tam sübuta yetirildi. Buna görə də məhkəmə hesab edir ki, X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosssesual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. xx.xx.1974-cü il il tarixdə Füzuli rayonu, Dövlətyarlı kəndində anadan olmuş Füzuli rayonu, Dövlətyarlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Stadion məhləsi, ev 13, ETK-nın 1 saylı ərazisində yaşayan (müvvəqəti məskunlaşan) X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar