Məhkəmə qərarları › İş №2(001)-7130/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7130/2023

16.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7130/2023 16.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinin sədrinə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış borcun silinməsinə köməklik edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər bir neçə əsasla geri qaytarılmalıdır. Belə ki, əvvəla iddia ərizəsi məhkəmənin sədrinə yox, məhkəməyə ünvanlanır. Həmçinin iddia ərizəsinin giriş hissəsində iddiaçı və cavabdehlər ayrı-ayrılıqda göstərilməli və onlar barəsində MPM-nin 149.2.2-ci bəndində göstərilən məlumatlar əks olunmalıdır. Bundan başqa iddiaçının məhkəmədən xahişi və yönələn tələb konkret və aydın ifadə edilməlidir. Bununla yanaşı iddia ərizəsi cavabdehlərin sayına uyğun nüsxədə təqdim edilməlidir.Hansı ki, aşağıdakı normalarda iddia ərizəsinin forma və məzmununa aid tələblər göstərilmiş. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 150.1.1-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eyni zamanda nəzərinizə çatdırıram ki, müxtəlif internet səhifələrində iddia ərizəsinin nümunəsi barədə məlumatlar tapmaq mümkündür. Misal olaraq www.courts.gov.az internet səhifəsinin “faydalı məlumatlar” bölməsində iddia ərizələrinin nümunəsi göstərilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar