Məhkəmə qərarları › İş №2(001)-715/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-715/2023

22.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-715/2023 22.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1963-cü il təvəllüdlü əri X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X6 uzun müddətdir ki, parkinson xəstəsidir, yaddaşı kəskin olaraq zəifləmişdir. O,artıq özü hərəkətlərini ölçübbiçməyi bacarmır, etdiyi hərəkətlərin mənasını başa düşmədiyindən, dərk edə bilmədiyindən onun daima kənar şəxsin himayəsinə ehtiyacı var. Uzun illərdir ki, həyat yoldaşını müxtəlif xəsətəxanalarda, poliklinikalarda müalicə elətdirmişlər, lakin heç bir nəticəsi olmayıb. Onu da qeyd edir ki, xəstəliyi ilə əlaqədar həyat yoldaşı X5 müddətsiz 1ci dərəcəli əlillik dərəcəsi verilmişdir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X7 Xəstəxanasının Həkim psixiatr Komissiyası tərəfindən tərtib edilib verilmiş 09 iyun 2022-ci il tarixli 1310 nömrəli Rəydən müəyyən edilir ki, 1963-cü il təvəllüdlü X6 başbeynin itki xəstəliyi (parkinson mənşəli) nəticəsində “dərin ağıl zəifliyi, kobud nitq, davranış və dayaq hərəkət aparatının pozğunluğu” xəstəliyi var və daima kənar şəxslərin himayəsinə ehtiyacı var. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən həyat yoldaşı X1 müayinəsinə əsasən tərtib edilib verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən edilir ki, xx.xx.1963-cü il təvəllüdlü, 1-ci dərəcəli müddətsiz əlil olan X6 öz hərəkətlərini ölçübbiçə bilmədiyindən, etdiyi hərəkətlərinin mənasını başa düşmədiyindən və dərk edə bilmədiyindən onun daima kənar şəxsin himayəsinə ehtiyacı var. Odur ki, həyat yoldaşı məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və ona qəyyum təyin edilməlidir. Bununla yanaşı məhkəmənin nəzərinə çatdırır ki, o, bir həyat yoldaşı olaraq daima ərinin qayğısına qalır, onun davranışlarına nəzarət edir və ona himayəçilik göstərir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 Ərizəçi xx.xx.1963-cü il təvəllüdlü əri X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinin təmin edilib-edilməsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə İV-ЖГ seriyalı 390866 saylı nikahın bağlanması haqqında şəhadətnamənin lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 ilə Ərizəçi arasında nikah 03 dekabr 1987-ci il tarixdə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının Arayışından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X6 birinci dərəcəli əlildir, ona “parkinson xəstəliyi, kəskin yaddaş zəifliyi və kobud davranış və bütün ətraflarda hərəki funksiyanın pozğunluğu, yerişin pozulması” diaqnozu qoyulmuşdur. Əmək qabiliyyətsizdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2023-cü il tarixli 64 saylı rəyindən görünür ki, X3 “baş beynin üzvi xəstəliyi (parkinsonizm xəstəliyi) nəticəsində ağıl zəifliyi”aşkar olunur. X6 onda müəyyən edilmiş xəstəliklə bağlı ağıl zəifliyi nəticəsində öz hərəkətlərini mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə X6 tam fəlaiyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X6 onda müəyyən edilən baş beynin üzvi xəstəliyi(parkinsonizm xəstəliyi) nəticəsində ağıl zəifliyi ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etməyən və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarına malik olmayan şəxsdir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə, məhkəmə hesab edir ki, 12 sentyabr 1963-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 12 sentyabr 1963-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar