Məhkəmə qərarları › İş №2(001)-720/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-720/2021

29.01.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-720/2021 29.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1963-cü il təvəllüdlü Soltanəliyeva Sevda Dövlət qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1963-cü il təvəllüdlü Soltanəliyeva Sevda Dövlət qızı onun bacısıdır. Qeyd edir ki, bacısı Soltanəliyeva Sevda Dövlət qızı 1996-cı il tarixindən etibarən ağır psixi xəstəlik olan şizofreniya xəstəliyindən əziyyət çəkir. Bacısı xəstəliyi ilə əlaqədar olaraq düzgün düşünə bilmir. Tez-tez unutqanlıq halları baş verir və bu da hadisələrin gedişatı və insanlar haqqında yanlış təsəvvürə malik olmasına təsir göstərmişdir. Hal-hazırda xəstəlik ilə əlaqədar olaraq ətraf mühitə qarşı diqqəti qeyristabildir. Daimi olaraq unutqanlıq halları müşahidə edilir. Bütün bunlarla əlaqədar olaraq kənar şəxsin daimi qulluğuna və yardıma ehtiyacı vardır. İllərdir bacısı bu haldadır. Özünü idarəedə bilmir, tək başına evdə qala bilmir, həmçinin küçəyə təkbaşına çıxdıqda unutqanlığından dolayı evə qayıda bilmir. Keçən ilə qədər bacısı anası ilə birlikdə yaşamışdır. Lakin 2019-cu ilin may ayında anası, daha sonra qardaşı rəhmətə getdiyindən, bacısı isə daimi qulluğa ehtiyac duyduğundan hal-hazırda onun himayəsindədir. Bacısı xəstəliyinə görə 1996-cı ildən bu günədək müalicə olunsada bir xeyiri ollmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilən arayışa əsasən bacısı Soltanəliyeva Sevda Dövlət qıızına “Şizofreniya paranoid forma, natamam remissiya” diaqnozu qoyulmuşdur. Bütün bunlara əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Bakı şəhəri, Nizami rayon şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixində verilən 035920 saylı vəsiqədən görünür ki, Soltanəliyeva Sevda Dövlət qızı İİ qrup əlildir. Tibbi sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Soltanəliyeva Sevda Dövlət qızı şizofreniya paranoid forma, natamam remissiya diaqnozu ilə İİ dərəcəli əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Hüquqi Şəxsin xx xxxxxx 2020-ci il tarixli 2345 saylı anbulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Soltanəliyeva Sevda Dövlət qızında şizofreniya paranoid forma fasiləsiz gedişli xroniki psixi xəstəliyi qeyd olunur. Soltanəliyeva Sevda Dövlət qızı onda qeyd olunan psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. Soltanəliyeva Sevda Dövlət qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsas vardır. xx xxxxxx 1969-cu il tarixli, №1842258 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1969-cu il tarixində Bakı şəhərində doğulmuş, atası Soltanəliyev Dövlət Soltan oğlu, anası X1r. xx xxxxxx 1963-cü il tarixli, № 565731 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Soltanəliyeva Sevda Dövlət qızı xx xxxxxx 1963-cü il tarixində Bakı şəhərində doğulmuş, atası Soltanəliyev Dövlət Soltan oğlu, anası X1r xx.xx.2020-ci il tarixli mədaxil qəbzinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək üçün ərizəçi tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən xx.xx.1963-cü il təvəllüdlü Soltanəliyeva Sevda Dövlət qızının bacısıdır. Soltanəliyeva Sevda Dövlət qızının şizofreniya paranoid forma fasiləsiz gedişli xroniki psixi xəstəliyi olduğundan ərizəçi bacısının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabilyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işin halını, ekspert rəyini məcmu halda qiymətləndirərərk o qənaətə gəlir ki, Soltanəliyeva Sevda Dövlət qızı onda qeyd olunan şizofreniya paranoid forma fasiləsiz gedişli xroniki psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, xx xxxxxx 1963-cü il təvəllüdlü Soltanəliyeva Sevda Dövlət qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1963-cü il təvəllüdlü Soltanəliyeva Sevda Dövlət qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar