Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-724/2021 23.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X8, habelə iddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh nümayəndəsi və vəkili X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsi və X15) qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və tikilinin cavabdehin hesabına sökülməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsi və X15) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xocəsən Bələdiyyəsinin 07 mart 2007-ci il tarixli 05/22 saylı qərarı ilə X4 adına ayrılmış Xocəsən Bələdiyyəsinin ərazisində yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsi üzərində özbaşına inşa edilmiş tikilinin Cavabdeh vəsaiti hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən qeyd edilən torpaq sahəsinin boşaldılaraq ona geri qaytarılması, ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə və sui-istifadə edərək qanunsuz olaraq torpaq sahəsini zəbt etdiyi üçün Cavabdeh və ona torpaq sahəsinin qanunsuz satılması ilə məşğul olmuş təqsirkar şəxslərin dairəsi müəyyən edilməklə barələrində hazırki iş üzrə xüsusi qərardad qəbul edilməsini qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xocəsən Bələdiyyəsinin 07 mart 2007-ci il tarixli/ 05/22 saylı qərarı ilə, Xocəsən Bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi iddiaçının rəhmətlik anası X4 adına ayrılmışdır. Ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazinin cizgisi Binəqədi RİH-nin Torpaq Şöbəsi tərəfindən təsdiq edilərək, həmin torpaq sahəsi naturada ona göstərilmişdir. Həmin torpaq sahəsinə görə 1344 manat məbləğində pul ödənilmiş və bu barədə Ödəniş qəbzi də mövcuddur. Qeyd olunan torpaq sahəsi tərəflərindən 6-7 mişar daşı hündürlüyündə hər tərəfdən daş hasara alınmışdır. Ailədə yaranmış problemlərlə bağlı həmin torpaq sahəsində tikinti aparılmamış, lakin mütəmadi olaraq tərəflərindən nəzarət edilmişdir. Təxminən 2020-ci ilin fevral ayında həmin torpaq sahəsinə baxanda, oranın digər şəxslər tərəfindən zəbt olunaraq tikinti aparıldığının şahidi olmuşdur. Müəyyən olunmuşdur ki, torpaq sahəsini Cavabdeh zəbt edərək orada qanunsuz tikinti işləri aparmışdır. Cavabdehdən torpaq sahəsinin boşaldılmasını dəfələrlə tələb etsələr də, o (cavabdeh), həmin torpaq sahəsini pul verib aldığını bildirərək torpaq sahəsini boşaltmamışdır. Cavabdehdən həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədinin olduğunu soruşduqda, əvvəlcə sənədinin olduğunu bildirmiş, lakin sonradan müəyyən olunmuşdur ki, qeyd edilən torpaq sahəsinə dair heç bir sənədi yoxdur. Eyni zamanda iddiaçının anasına məxsus torpaq sahəsinin digər şəxslər tərəfindən zəbt edildiyi Xocəsən Bələdiyyəsinin 16 sentyabr 2020-ci il tarixli məktubu ilə də təsdiq edilir. Belə ki, Xocəsən Bələdiyyəsinə edilən vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, "X6 Xocəsən Bələdiyyəsinin 07 mart 2007-ci il tarixli, 05/22 saylı qərarı ilə torpaq sahəsi ayrılmış və həmin qərarla ayrılan sözügedən torpaq sahəsinə əməkdaşlarımız tərəfindən baxış keçirilmiş və baxış zamanı torpaq sahəsinin naməlum şəxslər tərəfindən zəbt edilmiş və orada qanunsuz tikinti aparılmışdır". Verilən cavabdan da bir daha görünür ki, iddiaçının anasına məxsus torpaq sahəsi qanunsuz zəbt edilmişdir. Hazırda Cavabdeh zəbt etmiş olduğu torpaq sahəsini könüllü olaraq ona qaytarmır, ona görə də hazırda torpaq sahəsinə dair mübahisə olduğundan iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X16 iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili X5 iddia tələbini qəbul etməyərək, bildirdi ki, mübahisəli torpaq sahəsinin X10 adına ayrılmasına dair 12 aprel 2004-cü il tarixli Xocasən Bələdiyyəsinin qərarı və cizgi planı vardır. Həmin torpaq sahəsini X15 etibarnamə əsasında Cavabdeh satmış, cavabdeh mübahisəli torpaq sahəsində ev tikərək yaşayır və orada qeydiyyatdadır. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin nümayəndəsi X17 iddia tələbini təmin edilib-edilməməsini məhkəmənin səlahiyyətinə buraxdığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə c iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 07 mart 2007-ci il tarixli 05/22 saylı qərarından görünür ki, Xocəsən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq, 600 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə vətəndaş X4 mülkiyyətinə verilmişdir; həmin qərara sözügedən sahənin cizgisi əlavə edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 656558 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 19 fevral 2014-cü il tarixdə ağciyər ödəmindən ölmüşdür. İş materiallarından aydın olur ki, mərhum X3 qalmış miras əmlaka dair 13.03.2014cü il tarixdə Bakı şəhəri 20 saylı notariat kontorunda vərəsəlik işi açılmış, miras qoyanın qızı X13 tək vərəsə kimi tanınaraq ona 08.09.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Xocəsən bələdiyyəsinin 12 aprel 2004-cü il tarixli 50 №-li Çıxarış-Qərarın lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhər, Xocəsən Bələdiyyəsinin ərazisində cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq, 600 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə vətəndaş X11 mülkiyyətinə verilmişdir; həmin qərara sözügedən sahənin cizgisi əlavə edilmişdir. İş materiallarından həmçinin aydın olur ki, X15 Bakı şəhəri 22 saylı notariat kontorunda təsdiq edilmiş 21 fevral 2019-cu il tarixli, AR-İ seriyalı 713455 №-li etibarnaməyə əsasən Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsi tərəfindən 12 aprel 2004-cü il tarixli 50 saylı Çıxarış-Qərara əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsi ərazisində yerləşən fərdi evin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə dair sərəncam verməyi, sənədləşmə işlərini aparmağı, onu müxtəlif orqanlarda təmsil etməyi, o cümlədən özəlləşdirildikdən sonra almağı, satmağı, bağışlamağı, ...bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün əməliyyatları etməyi 80 il müddətinə (qüvvədə olma tarixi 21.02.2099-cu il) etibar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22 oktyabr 2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, “X6 Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 07 mart 2007-ci il tarixli 05/22 saylı qərarı əsasında ayrılmış torpaq sahəsinin yerləşmə sxemində göstərilmiş yollar, parsellər, ümumi konfiqurasiya, ərazinin 2007-ci il və hal-hazırki mövcud vəziyyət ilə uyğunluq təşkil etmir. Eyni zamanda yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən istinad nöqtəsindən məsafə, eyni zamanda torpaq sahəsinin tərəflərinin ölçüləri olmaması səbəbindən, yerləşmə sxemində ayrılmış torpaq sahəsi ilə tərəflər arasındakı mübahisəli torpaq sahəsi uyğunluq təşkil etmir”. Həmin rəydə həmçinin araşdırmanın elektron baza və təqdim edilən sənədlər əsasında aparıldığı və ölçülən torpaq sahəsinin dövlət mülkiyyəti torpağına aid olduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Eyni Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Mülki Məcəllənin 165.1-ci maddəsinə görə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçı, Xocəsən Bələdiyyəsinin 07 mart 2007-ci il tarixli 05/22 saylı sərəncamı ilə vərəsəsi olduğu mərhum anasına ayrılmış torpaq sahələrinin Cavabdeh tərəfindən zəbt olunduğunu bildirsə də, həmin hallara dair dair hər hansı sübut təqdim etməmişdir. Əksinə iş üzrə əldə edilmiş 22 oktyabr 2021-ci il tarixli mütəxəssis rəyi ilə yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən istinad nöqtəsindən məsafə, eyni zamanda torpaq sahəsinin tərəflərinin ölçülərinin olmaması səbəbindən, yerləşmə sxemində ayrılmış torpaq sahəsi ilə tərəflər arasındakı mübahisəli torpaq sahəsinin uyğunluq təşkil etməyi müəyyən edilmişdir, o cümlədən xüsusi olaraq vurğulanmışdır ki, elektron baza və təqdim edilən sənədlər əsasında aparılan və ölçülən torpaq sahəsi dövlət mülkiyyəti torpağına aiddir. Bütün bunlar isə iddianın əsassız olduğunu göstərməklə onun təmin olunmasını mümkünsüz edir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və tikilinin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddianın rədd edilməsi əsas götürülərək iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Kоnstitusiyаsının 127-ci mаddəsinin İİ hissəsində ədаlət mühаkiməsinin həyаtа kеçirilməsinin əsаs prinsipləri kimi işlərə qərəzsiz, ədаlətlə, tərəflərin hüquq bərаbərliyinə, fаktlаrа əsаsən və qаnunа müvаfiq bаxılmаsı təsbit еdilmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 9.1-ci mаddəsində göstərilir ki, ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа kеçirilir. Həmin Məcəllənin 9.3-cü mаddəsində göstərilir ki, məhkəmə bütün hаllаrdа prоsеsin çəkişmə prinsipini təmin еtməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə еtdiyi dəlillərlə, оnlаrın vеrdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və tikilinin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-724/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-724/2021
23.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver