Məhkəmə qərarları › İş №2(001)-7252/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7252/2021

15.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7252/2021 15.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçılar İddiaçı1 Firması və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Sukanal İdarəsinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı1 Firması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Sukanal İdarəsinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Sukanal İdarəsi tərəfindən hesablanmış 13.734 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən isə görünür ki, iddiaçı iddia ərizəsinin giriş hissəsində cavabdehlər qismində Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətini və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Sukanal İdarəsini qeyd etsə də, lakin ərizənin “xahiş edirəm” hissəsində tələb yalnız bir cavabdehə - Cavabdeh2nə qarşı yönəldilmiş, digər cavabdehə qarşı isə hər hansı tələb irəli sürülməmişdir. Halbuki, yuxarıda qeyd edilən prosessual qanunvericiliyin normalardan da aydın olur ki, iddiaçı tərəfindən hər bir cavabdehə qarşı yönəldilmiş tələb və tələbin əsaslandığı hallar konkret və aydın olmalıdır. Başqa sözlə, prosessual qanunvericiliyin hər bir cavabdehə qarşı yönəlmiş tələbin və tələbin əsaslandığı halların iddia ərizəsində dəqiq göstərilməli olması onu nəzərdə tutur ki, hər bir cavabdeh ona qarşı yönəlmiş tələbin konkret nədən ibarət olduğunu qanunda göstərilmiş formulələrin adlarına görə deyil, onların əsaslandığı hallara görə özü üçün müəyyən etməlidir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası MPM-nin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Xüsusilə nəzərə alınmalıdır ki, həmin Məcəllənin 154.2.3-cü maddəsinə əsasən etiraz və mühahizədə iddiaçının tələbinin tam və ya qismən rədd edilməsinin motivləri öncədən cavabdeh tərəfindən məhkəməyə təqdim edilə də bilər. Bu isə yalnız o halda mümkündür ki, iddiaçı hər bir cavabdehə qarşı öz tələblərini və tələblərini əsaslandırdıqları halları konkret şəkildə iddia ərizəsində göstərmiş olsun. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci və 108.3-cü maddələrinı əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə ərizə verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə qəbz də ərizəyə əlavə edilməmişdir. Qeyd olunanlardan əlavə “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir; istehsalçı - mülkiyyət formasından və təşkilatihüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin Qeyd hissəsindən görünür ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 24-cü bəndində qeyd olunmuşdur ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, Cavabdeh1 ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən iddia ərizəsinə kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 150.0.8-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Beləliklə, iddia ərizəsinin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və iddiaçıya izah olunmalıdır ki, o, göstərilən nöqsanları aradan qaldırmaqla Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qərara a l d ı m: İddiaçı1 Firması və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Sukanal İdarəsinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, göstərilən nöqsanları aradan qaldırmaqla Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində ondan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar