Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7370/2021 28.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı şəxs qismində Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 23471 reyestr və 2027 inventar nömrəli qeydiyyat vəsiqəsinin AZ-İ№-li 987260 saylı ölüm haqqında şəhadətnamədə göstərilən “X3”na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndində yerləşən vəfat etmiş X2 məxsus fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 30.07.2021-ci il tarixli Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş 23471 reyestr və 2027 inventar nömrəli qeydiyyat vəsiqəsində göstərilən Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə dair arxiv əsaslarının mövcud olmadığı və mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparılmadığı, sözügedən daşınmaz əmlakın X4 tərəfindən əldə edilməsinə dair hər hansı bir keçid sənədinin hazırki ərizəsinə əlavə edilmədiyi aşkar edilmişdir. Bundan başqa fərd yaşayış evinin tikintialtı sahəsinin 28,8 kv.m hissəsinin yüksən gərginlikli (10 kvt) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Həmçinin 23471 reyestr və 2027 inventar nömrəli qeydiyyat vəsiqəsində hüquq sahibi “X4” kimi göstərilsə də, şəxsiyyət vəsiqəsini təsdiq edən sənəddə “X3” kimi qeyd edilmişdir. X1 onun doğma bibisidir. Bibisinin ondan başqa heç kimi yoxdur. Məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirmişdir ki, mərhumun şəxsiyyət vəsiqəsində adı “X3”dır. Ancaq hazırda şəxsiyyət vəsiqəsi onda yoxdur. Ölüm haqqında şəhadətnamə alan zaman şəxsiyyət vəsiqəsini müvafiq orqana təqdim etmişdir. Sənəddə olan səhvin düzəliş edilməsi ilə bağlı DƏDRX-ə müraciət etmişdir. Ancaq bu barəd sübut təqdim edə bilmir. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıdakılara görə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin(bundan sonra MPM) 307.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsində qeyd olunan şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi də belə işlərin kateqoriyasına aiddir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Plenum qərarında qeyd edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin Plenum qərarında eyni zamanda konkret olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Eyni zamanda qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Ərizəyə əlavə edilən sənədlərdən ərizəçinin hüquqmüəyyənedici sənədləri verən təşkilata(hüquqi varisinə) sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsi barədə müraciət etməsi müəyyən edilmir. Belə ki, ərizəyə əlavə edilən sənədlərdə ərizəçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciətinin yalnız Abşeron rayonu, Masazır kəndində yerləşən vəfat etmiş X2 məxsus fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı olduğu müəyyən edilir. Halbuki maraqlı şəxs mübahisə doğuran yalnışlığın aradan qaldırılması ilə bağlı müraciət etməli idi. Çünki hazırki icraat çərçivəsində baxılan məsələ sənəddə göstərilən adın eyni şəxsə məxsus olmasının müəyyən edilməsi ilə bağlı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsindən ibarətdir. Belə faktın müəyyən edilməsi isə yeni sənədin və ya sənəddəki düzəlişin aparılmasının qeyri-mümkünlüyü hallarında mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsəməhkəmə ərizəni baxılmamış saxlayır. 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi məhkəməyə müraciət etməmişdən öncə mövcud mübahisənin həlli üçün müvafiq təşkilata müraciət etməsinə dair sənəd təqdim etmədiyindən ərizə baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilən sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Ərizəçi (maraqlı şəxs qismində Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında” ərizəsi baxılmamış saxlanılsın və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın. Ərizənin verilməsi üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu(qəbz nömrəsi-19617) Ərizəçi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-7370/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7370/2021
28.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver