Məhkəmə qərarları › İş №2(001)-7578/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7578/2021

28.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7578/2021 28.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 27 Saylı Dövlət Notariat Kontoruna qarşı “miras əmlaka vərəsəlik hüqunun müəyyən edilməsi, vəsiyyətnamə üzrə vərəsə hesab edilməsi və şəhadətnamənin verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri 27 Saylı Dövlət Notariat Kontoruna qarşı “miras əmlaka vərəsəlik hüququnun müəyyən edilməsi, vəsiyyətnamə üzrə vərəsə hesab edilməsi və şəhadətnamənin verilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 3 saylı evin 38 saylı mənzil mülkiyyət hüququ əsasında X6 məxsus olmuşdur. İ.Kadzova iddiaçının atası X9 ilə 1999-cu ildən faktki nikahda olmuş, atasının vəfatından sonra isə İrina Kadzova onun himayəsində olmuşdur. İ.Kadzova tək qadın olduğundan və heç bir yerdə işləmədiyindən, iddiaçı onun yaşayışını təmin etmiş, mənzilin kommunal və digər xərclərini ödəmiş, onun səhhəti ilə məşğul olmuşdur. İ.Kadzovanın son vaxtlar səhhətində problemlər yaranmış və həkimlərin məsləhəti ilə o, 2021 ilinin iyul ayında 1 saylı Bakı Kliniki Xəstəxanasına stasionar müalicəyə yerləşdirilərək 20.07.2021-ci il tarixədək müalicə almışdır. 27.07.2021-ci il tarixdə iddiaçı işdə olarkən İrina Kadzova ona zəng vuraraq halının pis olduğunu bildirmişdir. İddiaçı işdə olduğundan ailə dostları Səfərəli Cəfərova zəng vuraraq İ.Kadzovanı təcili xəstəxanaya aparmasını xahiş etmiş və həmin gün o xəstəxanaya yerləşdirilmişdir. Xəstəxanada olan zaman İrina Kadzova iddiaçıya ondan başqa heç kiminin olmadığını, bu səbəbdən də, özünə məxsus əmlakını və mənzilini ona vəsiyyət etdiyini bildirmişdir. Xəstəxananın reanimasiya şöbəsində 3 gün intensiv müalicə almasına baxmayaraq, Kadzova 31.07.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı tərəfindən onun dəfn mərasimi ilə bağlı bütün işlər görülmüş, xəstəxanadan müvafiq sənədləri əldə edərək, ölüm haqqında şəhadətnamə almış və hazırda miras əmlakı olan Bakı şəhəri, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 3 saylı evin 38 saylı mənzilini yeganə vərəsə kimi istifadə edərək miras əmlakı faktiki qəbul etməklə sahiblik edir. Bu səbəbdən də iddiaçı hesab edir ki, Bakı şəhəri, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 3 saylı evin 38 saylı mənzilinə vəsiyyətnamə üzrə yeganə vərəsə olmağına dair müvafiq şəhadətnamə verilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, digər maraqlı şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Yasamal rayonu qeydiyyat şöbəsi tərəfindən AZ-İİ 212985 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 31.07.2021-ci il tarixdə infarkt səbəbindən vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 27.08.2021-ci il tarixdə 1416 nömrə ilə qeyd edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, ünvan 1 tam xüsusi mülkiyyətlə X6 məxsusdur. - X11 tərəfindən yazılmış və imzalanmış 28.07.2021-ci il tarixli vəsiyyətnaməyə (əlyazma ilə rus dilində yazılmış) əsasən, o, öz bütün əmlakını və Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 3, 38 saylı mənzilini İddiaçı vəsiyyət etmişdir. - X16 tərəfindən verilmiş arayışda 1960-cı il təvəllüdlü X3 31.07.2021-ci il tarixdə saat 04:30 vəfat etməsi qeyd edilmişdir. - “Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya” ETT Birliyi tərəfindən verilmiş 10.08.2021-ci il tarixdə arayışa əsasən, X3 31.07.2021-ci il tarixdə X13 vəfat etdiyi, həmin tarixdə meyit təşrif olunmuş və dəfn olunması üçün qohumlarına təvhil verilmişdir. - Bakı şəhəri 27 saylı Notariat Ofisi tərəfindən verilmiş 16.09.2021-ci il tarixli 875 nömrəli məktuba əsasən, 31.07.2021-ci il tarixdə vəfat etmiş X11 tərəfindən 28.07.2021-ci il tarixdə ünvan 1 ünvanındakı mənzilin İddiaçı adına verilmiş vəsiyyətnamə qanunvericliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilmədiyindən, sonuncunun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. - Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23.10.2021-ci il və 27.10.2021-ci il tarixli sorğuya cavab məktublarından görünür ki, 25.01.1960-cı il təvəllüdlü X3 doğumu 25.02.1960-cı ildə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 597 saylı akt ilə qeydə alınmış, doğum qeydə alınan zaman ana qrafasında X14, ata barədə məlumatlar isə tək ananın ərizəsinə əsasən Sergey qeyd edilmişdir. X8 ölümü 16.06.1999-cu il tarixdə 489 saylı aktla Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Əlavə olaraq, mərhum X3 övladları və bacı, qardaşları barədə hər hansı bir məlumat Vətəndaşlıq vəziyyəti aktlarının informasiya sistemində aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, iddiaçı onun dostunun oğludur. O, mərhum İrina Kadzova ilə 1987-ci ildən 1990-cı ilə qədər X7 bir yerdə işləyiblər. İ.Kadzova vasitəsi ilə də iddiaçının atası Yusiflə tanış olublar. İ.Kadzovanın anası Zoya 1999-cu ildə rəhmətə gedib. Yusiflə İrinanın faktiki ər-arvad kimi bir yerdə yaşadıqlarını, 2009-cu ildə Yusifın ölümündən sonra İrina xanıma iddiaçı Xəyyamın qulluq etdiyini bildirdi. Həmçinin İ.Kadzovanın xəstəxanada olarkən onun yanında olduğunu, mənzilini iddiaçıya vəsiyyət etmək istədiyini ona bildirdiyini, həmin vəsiyyətnamənin İ.Kadzova tərəfindən məhz onun yanında yazıldığını bildirdi. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. -1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. -1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. -1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1179-cu maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. -1186-cı maddəyə əsasən vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. -1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. -1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. -1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. -1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. -1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, 28 iyul 2021-ci il tarixli vəsiyyətnamə vəsiyyətnaməni qoyan X3 iradəsinə uyğun və şəxsən onun özü tərəfindən tərtib olunmuşdur. Vəsiyyətnamə tərtib edilən və imzalanan vaxt Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 3 ünvanda yerləşən 38 saylı mənzil X3 xüsusi mülkiyyətində olmuşdur. Məhkəmə qeyd edir ki, vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalamışdır. Mülki Məcəllənin 1187-ci maddəsinə əsasən, vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni zərfə qoyub bağlayaraq, üç şəxsin yanında saxlanması üçün notariusa və ya digər vəzifəli şəxsə verə bilər. Göründüyü kimi, vəsiyyətnamənin saxlanması üçün notariusa və ya müvafiq vəzifəli şəxsə verməsi vəsiyyət edənin vəzifəsi deyil, hüququdur. Beləliklə, vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni ya saxlanılması üçün notariusa və ya müvafiq vəzifəli şəxsə verə bilər, ya da özündə saxlaya bilər ki, buna ev vəsiyyətnaməsi deyilir. Ev vəsiyyətnaməsi notariusda təsdiq edilməyən yazılı formada olur və onun əsl nüsxəsi vəsiyyət edəndə saxlanılır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı münasibətdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən Notariat Ofisinin imtinası əsassızdır. Beləliklə, müəyyən edildi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, ünvan 1 tam xüsusi mülkiyyətlə X3 adına qeydiyyata alınmışdır. 31.07.2021ci il tarixdə İrina Kadzova Bakı şəhərində vəfat etmişdir. İddiaçı vəsiyyətnamə əsasında Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 3 ünvanda yerləşən 38 saylı mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhəri 27 saylı Notariat Ofisinə müraciət etmişdir. Bakı şəhəri 27 saylı Notariat ofisinin 16.09.2021-ci il tarixli, 875 nömrəli məktubu ilə 31.07.2021-ci il tarixdə vəfat etmiş X11 tərəfindən 28.07.2021-ci il tarixdə ünvan 1 ünvanıdakı mənzilin İddiaçı adına verilmiş vəsiyyətnamə qanunvericliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilmədiyindən, sonuncunun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Həmçinin müəyyən olunmuşdur ki, miras qoyanın əmlakı İddiaçı tərəfindən miras əmlak faktiki qəbul edilmiş və idarə olunmuşdur. Məhkəmə qeyd edir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir, mirası əmlakın yalnız müəyyən hissəsini (qismini) qəbul etmək olmaz, yəni miras əmlakın bir hissəsini qəbul edib, digər hissəsinin qəbulundan imtina etmək olmaz. Mirasın nədə ifadə edilməsminin və harada olmasından asılı olmayaraq ərizəçi mənzili miras əmlakın bir hissəsi kimi qəbul etdiyindən o bütün mirasın hamısını tam və bütöv halda qəbul etmiş hesab olunur. Qanunvericilik mirasın qəbul edilməsinin iki üsulunu müəyyən edir: formal üsulunu; qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat Ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu dedikdə, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Qeyri-formal üsulun özü də iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu; miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində sahiblik edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, miras qoyan İ.Kadzovanın vərəsəsi İddiaçı miras qoyanın ölümündən sonra miras əmlakını faktiki qəbul edərək mirasın saxlanılması xərclərini çəkmişdir. Miras əmlakı faktiki idarə etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, yəni miras qoyanın əmlakını lazımi səviyyədə saxlayır, miras qoyanın əmlakı ilə bağlı vergi ödəmək, sığorta haqqı və ödənişlər verir, miras qoyanın həyətyanı təsərrüfatını şəxsən aparmış, (həyətyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq) və bunun üçün başqa şəxsin əməyindən istifadə etmək. Avropa Məhkəməsi qeyd edir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmçinin Avropa Məhkəməsi hesab edir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən “Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar “Uolson İsveçrəyə qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Məhkəmə hesab edir ki, vəsiyyət edən İ.Kadzovanın Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 3 ünvanda yerləşən 38 saylı mənzilinə İddiaçı vərəsəlik hüququ müəyyən edilməlidir. Ona görə ki, vərəsəlik hüququnun əsasını miras qoyanın əmlakının vərəsələrə verilməsi təşkil edir. Bu hüquqi nəticənin əldə edilməsi üçün miras əmlak vərəsələr tərəfindən qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi, miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. Mirasın qəbul edilməsi haqqında vərəsənin yazılı ərizəsi ona qanunda müəyyən edilmiş qaydalara müvafiq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas ola bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı mərhum İ.Kadzovanın vəsiyyət üzrə vərəsəsi olduğundan, miras əmlakda onun vərəsəsi olan İddiaçı vərəsəlik hüququ müəyyən edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə iş materiallarını, ərizəçinin izahatını yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, İddiaçı miras qoyan İ.Kadzova vəfat etdikdən sonra vəsiyyətnamə əsasında əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etmiş sayılır. Bununla da İddiaçı mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı vəsiyyət edən (miras qoyan) X5 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 3 ünvanda yerləşən 38 saylı mənzilinə vərəsəlik hüququ müəyyən edilsin. İddiaçı adına vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri 27 saylı Notariat Ofisinin üzərinə qoyulsun. Ödənilmiş dövət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar