Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7579/2021 28.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1nə və Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) “müqavilələrin etibarsız hesab edilməsi, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və əmlakın geri qaytarılması” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, saxta etibarnamə əsasında 15 noyabr 2018-ci il tarixli ona məxsus “New Holland” B110 markalı, sarı rəngli 2011-ci il buraxılışlı, zavod nömrəsi NBHH05008, AZ 10R - 732 dövlət qeydiyyat nişanlı, ekskavator yükləyici, AG001295 saylı arayışa əsasən Cavabdeh3 tərəfindən Cavabdeh4 satılmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “New Holland” B110 markalı, sarı rəngli 2011-ci il buraxılışlı, zavod nömrəsi NBHH05008, AZ 10BA - 138 dövlət qeydiyyat nişanlı, ekskavator yükləyici texnikanın Cavabdeh5 satılması barədə saxta etibarnamə əsasında formalaşmış 19 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “New Holland” B110 markalı, sarı rəngli 2011-ci il buraxılışlı, zavod nömrəsi NBHH05008, 10AB - 389 dövlət qeydiyyat nişanlı, ekskavator yükləyici texnikanın Cavabdeh1 MMC-yə saxta etibarnamə əsasında formalaşmış 24 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “New Holland” B110 markalı, sarı rəngli 2011-ci il buraxılışlı, zavod nömrəsi NBHH05008, 10AB - 389 dövlət qeydiyyat nişanlı, ekskavator yükləyici texnikanın saxta etibarnamə əsasında 04 iyul 2019-cu il tarixli, 2 saylı satınalma müqaviləsi əsasında (31 oktyabr 2019-cu il tarixdə AZ 10AB – 917 dövlət qeydiyyat nişanı ilə Bakı şəhəri Binəqədi rayon MKTD-nin adına rəsmiləşdirilmişdir) Binəqədi Rayon İcra Hakimiyyətinə satılması, etibarsız hesab edilməsi, yuxarıda göstərilən müqavilələrə dair nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və ona məxsus “New Holland” B110 markalı, sarı rəngli 2011-ci il buraxılışlı, zavod nömrəsi NBHH05008 ekskavator yükləyici texnikanın onun mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini, həmçinin cavabdehlərin hərəkəti nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci, 320.2 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər olduğuna görə barələrində xüsusi qərardad çıxarılmaqla prokurorluğa xəbər verilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddia ərizəsində cavabdeh kimi qeyd edilən Cavabdeh5 poçt ünvanı göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. Qeyd olunan mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi, iddia ərizəsində cavabdehin poçt ünvanı göstərilməlidir və “poçt ünvanı” dedikdə – məhkəmə sənədlərinin həmin ünvana göndərilməsi ilə sənədlərin cavabdehə rəsmi qaydada verilməsi mümkün olan ünvan nəzərdə tutulur. Qanunvericiliyin tələbinə görə iddia ərizəsi iddiaçı tərəfindən tərtib edildiyi üçün, cavabdehin poçt ünvanını da iddiaçı göstərməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən, hakim çəkişmə prinsipinə əməl etməklə işlərin, məhkəmə iclasında məhkəmə araşdırmaları aparılması, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir. Beləliklə də, yuxarıda qeyd edilənlərdən görünür ki, iddia ərizəsində cavabdehin ünvanı göstərilmədikdə, çəkişmə prinsipinə əməl edilməsi üçün iddia ərizəsinin surətinin cavabdehə göndərilməsi və həmin iddia ərizəsinə etiraz və mülahizələrinin bildirilməsi üçün cavabdehə vaxt verilməsi - iddia ərizəsinə baxılıb həll edilməsi üçün qanunda nəzərdə tutulan müddət ərzində mümkün deyildir və bu nöqsan cavabdehin prosessual müddətlər çərçivəsində məlumatlandırılmasına və çəkişmə prinsipinin təmin edilməsinə təminat yaratmır. Ona görə də, məhkəmə araşdırılmasının aparılmasının çəkişmə prinsipinə əməl etməklə aparılması məqsədi ilə cavabdehin ünvanının iddiaçı tərəfindən iddia ərizəsində dəqiq göstərilməsi və həmin ünvanın cavabdehə aid olması barədə iddia ərizəsinə hər hansı bir sübut əlavə edilməsi xüsusi ilə mühüm əhəmiyyət kəsb edir. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri ərizəyə əlavə edilməlidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinə də riayət edilməmişdir. Belə ki, iddiaçı tərəfindən 15 noyabr 2018-ci il tarixli, 19 fevral 2019-cu il tarixli, 04 iyul 2019-cu il tarixli və 24 iyul 2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi xahiş edilsə də, lakin həmin müqavilələrdən yalnız 15 noyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi iddia ərizəsinə əlavə edilmiş, digərləri isə ərizəyə əlavə edilməmişdir. Prosessual qanunvericilikdə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlərin cavabdehə verilməsi tələbi onu nəzərdə tutur ki, cavabdeh ona qarşı yönəlmiş tələbin konkret nədən ibarət olduğunu qanunda göstərilmiş formulələrin adlarına görə deyil, onların əsaslandığı hallara və sənədlərə görə özü üçün müəyyən etməlidir. Təsadüfü deyildir ki, Azərbaycan Respublikası MPM-nin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Xüsusilə nəzərə alınmalıdır ki, həmin Məcəllənin 154.2.3-cü maddəsinə əsasən etiraz və mühahizədə iddiaçının tələbinin tam və ya qismən rədd edilməsinin motivləri öncədən cavabdeh tərəfindən məhkəməyə təqdim edilə də bilər. Bu isə yalnız o halda mümkündür ki, iddiaçı cavabdehə qarşı öz tələblərini və tələblərini əsaslandırdıqları halları iddia ərizəsində göstərmiş olsun və öz tələblərini əsaslandırdığı hallara dair sənədlərini iddia ərizəsinə əlavə etmiş olsun. Bunlardan əlavə, hazırda qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.2-ci maddələrə əsasən iddianın qiyməti əmlakın tələb edilməsi haqqındakı iddialarda—tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizədə tələb edilən əmlakın - “New Holland” B110 markalı, sarı rəngli 2011-ci il buraxılışlı, ekskavator yükləyici texnikanın dəyəri 500 manatdan çoxdur. Lakin, buna baxmayaraq iddiaçı tərəfindən cəmi 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsinin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ M: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1nə və Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) “müqavilələrin etibarsız hesab edilməsi, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və əmlakın geri qaytarılması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-7579/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7579/2021
28.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver