Məhkəmə qərarları › İş №2(001)-77/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-77/2024

20.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-77/2024 20.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X8 iştirakı ilə İddiaçı "X11" Şirkətinin Cavabdeh qarşı (Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) "qanunsuz tikilinin sökülməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində Şirkətin saziş ərazisi hüdudları daxilində (1. 396822.660 4478356.588; 2. 396844.738 4478360.127; 3. 396847.828 4478347.219; 4. 396825.700 4478343.581 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən İddiaçı Şirkətinin saziş əsasında istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində, 1 saylı mədənin 5-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində lazımi icazələr almadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Hesab edilmişdir ki, cavabdehin inşa etdiyi özbaşına tikili şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneələr yaratdığından, İddiaçı Şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi, xx.xx.2004-cü il tarixdə "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X15 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti arasında saziş imzalanmış və xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin evinin yaxınlığında neft quyusu yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında, cavabdehin əmlakının şirkətin hüdudları daxilində tikildiyini bildirmişdir. Cavabdehə torpaq sahəsinə dair bələdiyyə qərarı verilsə də, həmin qərar etibarsızdır. Bunun səbəbi də torpaq sahəsinin bələdiyyənin deyil, İddiaçı şirkətinin mülkiyyətində olmasıdır. Cavabdehin evinin yaxınlığında neft quyusu yoxdur. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Bakı İnzibati Məhkəməsində üçüncü şəxs qismində evi aldığı Əfqan Məmmədovu cəlb etmişlər. O məhkəmə iclasına getsə də, ona qərarın surəti verilməmişdir. Mübahisəli torpaq sahəsini X4 49 illik etibarnamə əsasında almışdır. Özü Biləcəri qəsəbəsinin sakinidir, İİ qrup əlildir və qəsəbənin inkişafında iştirak etmiş şəxslərdən biridir. Bundan əlavə cavabdeh izahatında qeyd etmişdir ki, iddiaçının səlahiyyətli şəxsləri tikinti aparmaq üçün istədikləri şəxslərə icazə veriblər. Əvvəllər sahəsi 11 kv.metr olan evdə yaşayırmış. İllərdir yığdığı pulla məsləhətləşərək, mübahisəli torpaq sahəsini almışdır. Tikinti aparmaq üçün Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmiş, 5-ci müraciətindən sonra Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətindən ona “hamı necə sizdə həmin formada” evi tikməyini bildirmişlər. Tikinti ilə bağlı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətindən hər hansı bir sənəd almaq istəsə də, ona sənəd verilməmişdir. 2017-ci ildə evi tikən zaman Şirkətin işçilərindən də, ərazinin Şirkətin saziş ərazisi hüdudlarında olub-olmamasını soruşmuşdur. Hətta həmin şəxslər ona xeyir-dua verib və ondan şirinlik istəyiblər. O evi tikdikdən sonra şirkətin nümayəndələrinə şirinlik də vermişdir. Onun evinin ətrafında çoxlu sayda tikili vardır. Bugünki gün özünü bağışlaya bilmir ki, həmin ərazidən ev almışdır. Cavabdehin məhkəməyə ünvanlandığı etirazında əsaslandırır: "X11” şirkəti tərəfindən mənə qarşı faktiki yaşadığım Binəqədi bələdiyyəsinin hüdudları daxilində yerləşən və qanuni istifadəmdə olan torpaq sahəsində inşa etdiyim fərdi yaşayış evimin mənim hesabıma sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətə verilməsi, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pulun məndən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı Binəqədi rayon Məhkəməsinə müraciət edilmişdir. Aşağıdakı dəlillərə görə hesab edirəm ki, iddia əsassız və qərəzlidir. Bildirirəm ki, mən X5 uzun illər "xxxx" QSC-nin Biləcəri dəmir yolu stansiyasında usta işləmişəm. 2009-cu ildə iş yerimdə baş vermiş bədbəxt hadisə nəticəsində onurğam sınmış, qapalı fəqərə sütunum travma almışdır. Uzun müddət tibb müəssisəsində stasionar rejimdə müalicə almışam və illərlə reabilitasiya prosesi keçmişəm. Hadisə nəticəsində əmək qabiliyyətimi tamamilə itirmişəm və mənə müvafiq əlillik dərəcəsi verilmişdir. Hazırda əlilliyə görə aldığım pensiyadan başqa heç bir gəlirim yoxdur. Bir neçə il əvvəl ölkə ərazisində baş vermiş devalvasiya proseslərinin nəticəsində həyat yoldaşım çalışdığı kommersiya bankı da ləğv edilmiş və o da işsiz qalmışdır.xx.xx.2017-ci il tarixində X9 adlı şəxs 30 illik etibarnamə əsasında Bakı şəhəri, Binəqədi rayonu, X2 30 may 2009-cu il tarixli, 428 nömrəli Qərarı əsasında həmin qəsəbə ərazisi hüdudlarında qəsəbə ərazisi hüdudlarında fərdi yaşayış evi tikilməsi üçün ona ayrılmış 400 m2 torpaq sahəsinə dair bütün hüquqları mənə satmışdır. Həmin torpağı əldə etdikdən sonra nə mənə, nə də ki qonşularıma qeyd edilən torpaqların "X11" şirkətinə məxsus olması barədə heç bir irad bildirilməyib. Bununla bağlı qurumun özü ilə belə dəqiqləşdirmə aparmışam. İllərlə min bir əziyyətlə, qəpik-qəpik yığdığım pulları həmin torpaq sahəsində ev inşa etməyə xərcləmişəm. Mən tikinti işlərinə başlayan zaman ətrafdakı bütün sahələr artıq tutularaq yaşayış evləri tikilmişdir. Tikinti müddətində nə iddiaçı tərəfindən, nə də başqa hansısa qurum tərəfindən tikintinin qanunsuz olması barədə heç bir irad bildirilməmişdir. Evə köçdükdən sonra isə istifadə etdiyim bütün elektrik, məişət tullantıları və digər kommunal xərcləri də ödəmişəm. Hazırda işsiz qalmış həyat yoldaşım, yeni ailə qurmuş oğlum və oğlunu təkbaşına böyüdən qızım da mənimlə həmin yaşayış evində yaşayırıq. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı tərəfindən mənim torpağımın onun fəaliyyətinə mane olması və mənim torpağı guya qanunsuz zəbt etməyim barədə heç bir tutarlı dəlil gətirilmir. Yalnız bu işlə əlaqəsi olmayan hansısa başqa məhkəmə qərarlarından sitat gətirilərək sanki məhkəməni hüquqi üsullarla təhdid edirlər. İddia ərizəsini aldıqdan sonra iddiaçının ünvanına gedərək məsələni araşdırmağa çalışsam da, məni heç qapıdan içəri buraxmayıb, "məhkəmədə görüşərik" deyərək hədəqorxu gəliblər. Qeyd edilənlərdən belə nəticəyə gəlmişəm ki, mənim yaşadığım ev hansısa harınnamış məmurun diqqətini cəlb edib. Məni bu üsulla yaşadığım evdən zorla çıxararaq oranı qanunsuz yolla ələ keçirmək istəyirlər. Düşünüblər ki, yaşlı, əlil, heç bir əlaqəsi olmayan vətəndaşı asanlıqla sındıra bilərlər. Amma onlar unudurlar ki, belələrinin pulu, vəzifəsi varsa, bizim də möhtərəm prezidentimiz var. Ümumiyyətlə son günlər sosial dəstəyə ehtiyacı olan ayrı-ayrı vətəndaşların intihar hallarının artması onu deməyə əsas verir ki, ölkədə sosial sabitliyi pozmağa, vətəndaşları dövlətə qarşı çıxarmağa çalışan, xarici xüsusi xidmət orqanlarının sifarişi ilə fəaliyyət göstərən qüvvələr mövcuddur. Belələri vətəndaşları hüquqlarını bilərəkdən pozmaqla hər vasitə ilə özünü yandırmağa, intihara sövq edir, bununla da dövlətlə vətəndaş arasında uçurum yaratmağa çalışırlar. Hesab edirəm ki, iddiaçı "X11" şirkətini də belə vətən xainləri zəbt edib. Ətrafda yüzlərlə tikili olduğu halda, mənim kimi əlil birinin evini söküb ailəsini çölə atmaqda, bunların başqa nə niyyəti ola bilər? Bütün bunlar onu göstərir ki, məhkəməyə iddia məqsədli şəkildə sifarişlə verilib. Hədəf isə tək mən yox, Azərbaycan dövləti və onun Prezidentidir. Amma belələri bilsin ki, heç bir qüvvə bizim Prezidentimizə olan sevgimizi azalda bilməz. Biz həmişə onu dəstəkləmişik və dəstəkləyəcəyik də!” Belə ki, iş materiallarında olan “Kontrakt sahəsinin coğrafi koordinatlarının xəritə üzərində düzgün göstərilməsini təsdiq edən” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsindən və mübahisəli torpaq sahəsinin həmin ərazidə yerləşməsini təsdiq edən xəritədən çıxarışdan görünür ki, sökülməsi tələb edilən mübahisəli tikili İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində, eləcə də tikinti aparılan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 296 saylı Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyi müəyyən olunur. Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X15 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sian-şor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" 2004-cü il 1 iyul tarixli 296 nömrəli Sərəncamına uyğun olaraq, 2004-cü il sentyabrın 29-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ("ARDNŞ") ilə X15 Bi. Vi. ("xxxx") və ARDNŞ-nin Ortaq Neft Şirkəti ("ONŞ") arasında Saziş bağlanmışdır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qərara alır: Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. 6. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz. 7. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir. 8. Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir. Bakı şəhəri Binəqədi rayon X2 xx.xx.2009-cü il tarixli 428 saylı qərarından görünür ki, X2 ərazi hüdudlarında Bakı şəhər sakinləri X6 və X7 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 400 kv.m torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqları Bakı şəhəri sakini X7 adına keçirilməsi və s.qərara alınmışdır. 14 may 2017-ci il tarixli, 528228 nömrəli etibarnaməyə əsasən, X2 ərazi hüdudları daxilində yerləşən fərdi yaşayış evi tikintisi üçün ayrılmış 400 kv m torpaq sahəsində tikinti işlərini aparmağı, həmin torpaq sahəsini və tikintini özəlləşdirmək üçün bütün dövlət orqanlarında X7 nümayəndəsi olmağı, özəlləşdirməyi, sənədləri aidiyyatı üzrə dövlət idarələrə verməyi, reyestrdən çıxarışları almağı, aldığına dair imza etməyi, alqı-satqı üçün lazım olan sənədləri topladıqdan sonra 400 kv.m torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, pulunu almağı, buna dair müqavilələr imzalamağı, X7 adından ərizələr verməyi, lazım olarsa, 400 kv.m torpaq sahəsinin hərracdan alınması ilə əlaqədar olaraq bələdiyyə və digər orqanlarda onun nümmayəndəsi olmağı, əgər məhkəmə mübahisəsi olarsa, bütün məhkəmə və digər orqanlarda ona aid olan mülki işləri aparmağı, iddia ərizəsini verməyi, həmin torpaq sahəsinin bir addan başqa ada keçirilməsi ilə əlaqədar adından ərizə verməyi, imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi Cavabdeh etibar edir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-11331/2022 saylı qərarından görünür ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı (üçüncü şəxs X9) “xx.xx.2022-cü il tarixli qərarın qanunsuzluğunun tanınması tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11331/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Qərardadda göstərilir: İddiaçının tələbindən göründüyü kimi iddiaçı İPM-nin 36.1-ci maddəsinə istinadən cavabdeh Binəqədi qəsəbə X1 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 428 saylı, xx.xx.2009-cu il tarixli qərarının qanunsuzluğunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Konkret halda isə iddianın mümkünlük şərtlərini yerinə yetirilmir. Birincisi ona görə ki, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ("xxxx"), X15 Bi.Vi və ARDNŞ-ın Ortaq Şirkəti (“Podratçılar ”) arasında Saziş (“ Saziş ”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış və 15 may 2005-ci il tarixindən qüvvəyə minmiş 901 saylı Qanunun: 4-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı, Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunların, fərmanların, yaxud inzibati sərəncamların (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. 5-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür Başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Qanunun qeyd olunan normalarında göründüyü kimi, Saziş qüvvədə olduğu müddətdə Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur və istər 15 may 2005-ci il tarixindən əvvəl, istərsə də bundan sonra Kontrakt sahəsi barəsində qəbul olunmuş bütün sənədlər ləğv edilir və hüquqi qüvvəyə malik ola bilməz. Bu baxımdan, konkret halda da, cavabdeh X2 mübahisələndirilən xx.xx.2009-cu il tarixli, 428 saylı qərarı da qəbul olunduğu gündən heç bir hüquqi qüvvəyə malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. O cümlədən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə görə isə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göstərilən qanunvericilik normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, mübahisə predmetini təşkil edilən və cavabdehin faktiki sahibliyində olan fərdi yaşayış evi Sazişlə iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşməklə özbaşına tikilidir və iddiaçının istifadəsində olan torpaq sahəsində cavabdeh tərəfindən özbaşına tikinti aparıldığından onun tələbi əsaslıdır. Bununla belə məhkəmə o qənaətə gəlir ki, özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair işlərə baxılarkən İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 8-ci maddəsinin tələbi baxımından mənzil hüququna müdaxilənin mütənasibliyi yoxlanılmalıdır. Məhkəmənin bu qənaəti “Əhmədovanın Azərbaycana qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarındakı mövqedən formalaşmışdır. Belə ki, həmin qərarın məzmunundan görünür ki, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir. Bununla yanaşı, Avropa Məhkəməsi qərarında Konvensiyanın 8-ci maddəsi baxımından qiymətləndirmə apararkən işə baxan məhkəmələrin iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymtləndirilməsi istiqamətində zəruri araşdırmanın aparılmadığını göstərmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökümət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökümət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılması üçün hər hansı prosedur olmadığı halda hazırki şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahəsində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikilinin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir. Bu səbəbdən də ilk növbədə tikililərin sökülməsi və cavabdehlərin çıxarılması tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparılmalı, bu halın mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-ci maddəsində nəzərdə tutulmuş imkandan istifadə edilməklə, qətnamənin icrası müddəti müəyyənləşdirilməlidir. Bu məqam məhkəmə araşdırması dövründə iddiaçı tərəflə müzakirə edilmiş və müəyyən edilmişdir ki, cavabdehin faktiki sahibliyində olan fərdi yaşayış evi yaxınlığında fəaliyyətdə olan neft quyusu yoxdur. Sadəcə həmin evin yerləşdiyi torpaq sahəsi şirkətin saziş ərazisi hüdudlarında yerləşir. Göründüyü kimi tikilinin sökülməsi və cavabdehin çıxarılmasının təcililiyi ilə bağlı hal yoxdur. Bu səbəbdən də qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, qətnamə icra edildiyi zaman yaşayış sahəsinə ehtiyacı olan cavabdeh aztəminatlı əhali kateqoriyasına aiddirsə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmalı, özbaşına tikili cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılmalı, qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir. Həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində Şirkətin saziş ərazisi hüdudları daxilində (1. 396822.660 4478356.588; 2. 396844.738 4478360.127; 3. 396847.828 4478347.219;

4. 396825.700 4478343.581 koordinatlar) inşa edilmiş özbaşına tikilidən çıxarılsın, özbaşına tikili cavabdehin hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılsın. Qətnamə özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması hissəsində həmin ərazidə (fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində) neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı Şirkətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar