Məhkəmə qərarları › İş №2(001)-771/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-771/2023

15.05.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-771/2023 15.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərinə qəyyum təyin edilməsi” tələbinə dair ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü oğlu X2 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, X4 uzun müddətdir psixi xəstəlikdən əziyyət çəkir və bunun nəticəsində özünü idarə etmək iqtidarında deyil. Uzun müddətli müaliəcələr alsa da, yaxşılaşma halı olmamışdır. TSEK tərəfindən ona İ dərəcəli əlillik verilmişdir, öz hərəkətlərinin mahiyyətini qavramır, kənar şəxslərin yardımına, qulluğuna ehtiyacı var. Bu səbəbdən də X2 maraqlarının və mənafeyinin müdafiə edilməsi üçün mülki hüquqi fəaliyyət qabiliyyətinin əldə edilməsi və həyata keçirilməsi zəruri olduğundan ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X2 atası X5, anası Ərizəçidır. - Azərbaycan Respublikası Bakı şəhəri "xxxx" MTK-nın xx.xx.2022-ci il tarixli, 10 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X4 ünvan 1-da yaşayır. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Baş səhiyyə İdarəsi 9 saylı şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli, 426 saylı arayışına əsasən X4 2022-ci il tarixdən həqiqətən poliklinikanın psixiatriya kabinetində qeydiyyatdadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”-dən göndərilən Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli 670 saylı rəyindən görünür ki, X3 “ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə (F.72.1)” aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş zədəsi ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil almaması, hərbi xidmətdə olmaması, AR Səhiyyə Nazirliyi 2 saylı X1 “Ağır dərəcəli kəmağıllılıq (kəskin imbesillik) kobud nitq, davranış və dayaq-hərəkət aparatının pozuntuları ilə” diaqnozu ilə müalicədə olması, AR Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” X6 müayinə olunması və ona “Ağır dərəcəli əqli gerilik, davranış və dayaq aparatının pozuntuları ilə” diaqnozunun təyin edilməsi), həmçinin hazıki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə hüquqi qiymət verərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. -34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. -35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Azərbaycan Respublikası MPM-nin: - 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. - 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. - 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. - 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X2 ağır dərəcəli əqli gerilik nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması ərizəçinin izahatı ilə, tibb müəssisəsinin arayışı ilə tam sübuta yetirildi. Buna görə də məhkəmə hesab edir ki, X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosssesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş ünvan 1 ünvanında qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar