Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7716/2025 04.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Rezervuar 160, ev 33 saylı yaşayış evinə dair №34/370 order və texniki pasportun ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Rezervuar 160, ev 33 saylı yaşayış evini almışdır. Həmin evdə ailə üzvləri ilə birgə qeydiyyatda olmaqla yaşayırlar. Onun ata adı şəxsiyyət vəsiqəsində Şəmil adı olaraq qeyd olunub, lakin evin orderi və pasportunda isə Ərizəçi Şarif oğlu kimi qeyd edilmişdir. Tərəfindən Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torqaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilmişdir. Ərizəsinə baxılmış və xx.xx.2025-ci il tarixli, 3-21-330/2/01648/2025 saylı məktubla imtina edilmişdir. İmtina məktubuna əsasən, təqdim edilmiş və İdarənin arxiv əsaslarında olan texniki pasportda ata adı “Şarif” kimi, şəxsiyyəti təsdiq edən sənəddə isə “Şəmil" kimi qeyd edilməsi göstərilmişdir. Hazırda bu uyğunsuzluğun aradan qaldırılmasını istəyir. Hesab edir ki, yaşayış evinin №34/370 orderi və texnikin pasportda və şəxsiyyət vəsiqəsində qeyd edilən ata adının eyni şəxs olması faktı müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində göstərmişdir ki, ərizəçinin qardaşı oğludur. Babasının adı Şəmildir. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 ifadəsində göstərmişdir ki, ərizəçi onun dayısıdır. Babasının, yəni ərizəçinin atasının adı Şəmildir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsinin Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubunun surətindən görünür ki, təqdim edilmiş və İdarənin arxiv əsaslarında mövcud olan texniki pasportda ata adı “Şarif” kimi, şəxsiyyətini təqdi edən sənəddə isə “Şəmil” kimi qeyd edilmiş, eyni şəxs olması barədə sənəd təqdim edilməmişdir. Bundan başqa, müvafiq daşınmaz əmlaka texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Qeyd olunanlara əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə doğulmuşdur. 34/370 nömrəli oredir surətindən görünür ki, Yusifov X2 160, ev 33 ünvanında qeydiyyata alınmışdır. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Rezervuar 160, ev 33 Ərizəçi Şarif oğlunun adına qeydiyyatda keçirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Şəmil Yusifovun doğumu haqqında akt qeydinə dair məlumat aşkar edilməmişdir. Eyni zamanda qeyd edirlər ki, vətəndaşlıq vəziyyəti akt qeydləri qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində 1948-ci ildən saxlanılır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Göstərilənlərlə əlaqədar Ş.Yusifovun doğumu qeyd edilən ildən əvvəlki dövrə təsadüf etdiyindən bu barədə müvafiq məlumatın əldə edilməsi üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”nin 1924-cü ilə dair Gədəbəy rayonu üzrə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilmədiyindən, X3 doğum haqqında akt qeydinin axtarışının aparılması imkanları xaricindədir. Əmək kitabçasının surətindən görünür ki, ərizəçinin ad, soyad, ata adı Ərizəçi kimi qeyd olunmuşdur. C00934694 nömrəli passportun surətindən görünür ki, ərizəçinin ad, soyad, ata adı Ərizəçi kimi qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin verilməsi ilə əlaqədar ərizəçi tərəfindən məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin atasının adı Şəmil olmasına baxmayaraq, №34/370 order və texniki pasportda Ərizəçi ata adı yanlış olaraq “Şarif” kimi göstərilmişdir. Ərizəçi yanlışılığın aradan qaldırılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin müraciətinə cavab olaraq bildirilmişdir ki, yanlışlığın aradan qaldırılması həmin idarənin səlahiyyətləri xaricindədir. Göründüyü kimi, ərizəçinin Bakı şəhəri, Biləcəri qəsəbəsi, Rezervuar 160, ev 33 saylı yaşayış evinə dair №34/370 order və texniki pasportunda göstərilən ata adı iş materiallarında olan sənədlərdəki adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçi müvafiq dövlət qurumuna sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, dövlət qurumu tərəfindən imtina cavabı almışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Rezervuar 160, ev 33 saylı yaşayış evinə dair №34/370 order və texniki pasportunda qeyd edilən “Ərizəçi Şarif oğlu”nun - Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Bakı şəhəri, Biləcəri qəsəbəsi, Rezervuar 160, ev 33 saylı yaşayış evinə dair №34/370 order və texniki pasportunda qeyd edilən “Ərizəçi Şarif oğlu”nun - Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-7716/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7716/2025
04.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver