Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7729/2022 21.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh X1 İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh X1 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh X1 İdarəsi tərəfindən qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 40 saylı evin 43 saylı mənzili üzrə su sərfiyyatına görə hesablanmış 751 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. 149.2.3-cü maddəsinə əsasəm iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Belə ki, iddiaçı X1 İdarəsini cavabdeh qismində cəlb etməklə tələbini ona qarşı yönəltsə də, həmin adda hüquqi şəxsin mövcudluğu şübhə doğurur. Necə ki, iddia ərizəsinə əlavə edilən sənədlərdə də yönələn tələbin cavabdehlə bağlılığı müəyyən edilmir. Baxmayaraq ki, prosessual qanunvericilik əsl olmayan tərəfin əvəz edilməsi qaydasını müəyyən etmişdir, lakin bu qaydanın tətbiqi tələbin yönəldiyi şəxsin əsl olmasa da məlum olduğu hallarda mümkündür. Lakin elektron qaydada cavabdeh kimi cəlb edilmiş şəxs barədə məlumatlar sorğulandıqda, həmin adda cavabdehin olmadığı müəyyən edilir. Ehtimal edilir ki, iddiaçı cavabdeh qismində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin idarəsinə qarşı tələb yönəltməyə çalışmışdır. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs hesab edilmirlər və onlar hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər.Halbuki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər, fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Odur ki, tələbin yönəldiyi cavabdeh müəyyən edilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilən sənədlər aşağıda qeyd edilən normalara əsasən geri qaytarılmalı və iddiaçıya nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır; 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduğuna və iddia ərizəsi geri qaytarılan zaman ödənilmiş dövlət rüsumu geri qaytarılmalı olduğuna görə, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da dövlət büdcəsindən ona geri qaytarılmalıdır(“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5; MPM 114.1.3). Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh X1 İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə, o cümlədən ödənilmiş 30(otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev.
Məhkəmə qərarları › İş №2(001)-7729/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7729/2022
21.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver