Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-775/2025 09.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçı şirkətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, iddiaçı – İddiaçı şirkətinin cavabdeh – Cavabdeh qarşı “cavabdehin mədən sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:
1. 29 sentyabr 2004-cü il tarixdə “Azərbaycan Respublikasınında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X4 Bi.Vi. və ARDNŞ-in ortaq şirkəti arasında Saziş imzalanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 nömrəli qanuna əsasən Saziş qanun statusunu almışdır.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli Qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqların daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişin 5-ci Əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir.
3. Sazişin 2 və 8-ci maddələrinin və X4 şirkətləri arasında imzalanmış “Birgə Əməliyyat” Sazişinin 5-ci maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış kontrakt sahəsində, əməliyyat şirkəti qismində fəaliyyət göstərən İddiaçı şirkətinə neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təlimat və öhdəliklərinin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-in verdiyi hüquqlara, o cümlədən, neft-qaz əməliyyatları üçün podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir. 1 (e) bəndində isə hökumətin aşağıda sadalanan təminatı öz əksini tapmışdır: Podratçı tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, milliləşdirilə bilməz və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz.
4. İddiaçı şirkəti qeyd edilənləri rəhbər tutaraq Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində (1. 397568.466 4478665.607; 2. 397583.721 4478678.515; 3. 397602.007 4478657.980; 4. 397587.241 4478643.312 koordinatlar daxilində) inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı şirkətinin Saziş üzrə istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində, 1 nömrəli mədənin 5-ci sahəsində və şirkətin Saziş ərazisi hüdudları daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratdığından, iddiaçının qanunla qorunan hüquqları və dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. İddiaçı daha sonra qeyd edir ki, cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin olduğu torpaq sahəsinin cavabdehin istifadəsinə ayrılması barədə bələdiyyə qərarının və ya İcra Hakimiyyətinin sərəncamının olması, həmçinin cavabdehin özbaşına inşa etdiyi tikilidə pasport qeydiyyatında olması mübahisələndirilən özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasına mane olmur.
Cavabdehin etirazları:
6. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.
Tərəflərin izahatları:
7. İddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən cavabdeh iş materiallarına əlavə edilmiş fotoşəkillərdəki evin ona məxsus olmasını təsdiq etmiş və torpağa, evə dair sənədlərin mövcud olub-olmamasını xatırlamadığını bildirmişdir. Cavabdeh həmçinin əlavə etmişdir ki, 2004-cü ildən mübahisə predmeti olan fərdi yaşayış evində yaşayır və iddia tələbini qəbul etmir.
ƏSASLANDİRİCİ HİSSƏ:
Faktiki hallar və sübutlar:
9. İş materiallarında olan “Kontrakt sahəsinin coğrafi koordinatlarının xəritə üzərində düzgün göstərilməsini təsdiq edən” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsindən və mübahisəli torpaq sahəsinin həmin ərazidə yerləşməsini təsdiq edən xəritədən çıxarışdan müəyyən edilir ki, sökülməsi tələb edilən mübahisəli tikili İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində, eləcə də tikinti aparılan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 296 saylı Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyi müəyyən olunur.
10. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılmasından imtina edilmişdir.
11. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 3-21-3-60/2-1955/2025 nömrəli məktubuna əsasən müəyyən edilir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi Oyl) kontrakt sahəsinin hüdudları daxilində yerləşir.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikasının Konstitusiyası: - Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - Maddə 13. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. - Maddə 29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. - Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. - Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
14. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (AR TM): - Maddə 109. Torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. - Maddə 111. 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. - Maddə 111. 2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. - Maddə 111. 3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
15. Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X4 Bi.Vi. və ARDNŞnin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanunu: - Maddə 1. "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X4 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Saziş (bundan sonra "Saziş" adlanacaq) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin. - Maddə 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 14 oktyabr tarixli 150 nömrəli qərarı ilə Sazişdə iştirak edən Podratçılara verilən Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri (bundan sonra "Hökumət təminatı" adlanacaq) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin. - Maddə 3. Sazişin əsas mətninə edilmiş doqquz (9) Əlavə və bir (1) Qoşma (bundan sonra "Əlavələr" adlanacaq) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin. - Maddə 4. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. - Maddə 5. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neftqaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. - Maddə 6. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin ) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - Maddə 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.
17. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ: “Əhmədovanın Azərbaycana qarşı” iş üzrə 18 noyabr 2021-ci il tarixli qərarı: - 28. Məhkəmə bir daha bildirir ki, ərizəçi 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu olduğunu yalnız o halda iddia edə bilər ki, mübahisələndirilən qərarlar həmin müddəanın mənası daxilində onun “əmlakı” ilə əlaqəli olsun. “Əmlak” anlayışı “mövcud əmlak”la məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və “legitim gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. “Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak marağı ilə əlaqəli olan hüquqi akta əsaslanırsa, “qanunidir”. - 29. Məhkəmə qeyd edir ki, sözügedən ev daxili məhkəmələr tərəfindən qanunsuz tikili kimi müəyyən olunub. Belə görünür ki, Azərbaycan qanunvericiliyinə görə, icazəsiz tikililər mülkiyyət hüququnun mövzusunu təşkil edə bilməzdi. - 30. Hazırkı işdə ərizəçi evi özü tikməyib, onu 2008-ci ildə başqa bir şəxsdən alıb. Daxili qanunvericiliyin tələbinə əsasən, daşınmaz əmlakla bağlı əqdlər notarius tərəfindən təsdiq olunmalıdır (yuxarıda § 13) və ərizəçi ilə satıcı tərəfindən imzalanmış alqı-satqı müqaviləsində, həqiqətən, müqavilənin notariat qaydasında imzalanması üçün razılaşdırılmış tarixlə bağlı müddəa var idi və bu hissə tərəflər tərəfindən boş buraxılıb. Bundan başqa, Mülki Məcəllənin 139.1 və 139.3-cü maddələrində tələb olunan şəkildə Dövlət reyestrinə heç bir qeyd daxil edilməyib (yuxarıda § § 5 və 12). Ərizəçinin alqı-satqı müqaviləsinin notarius tərəfindən təsdiq edilməməsi və dövlət reyestrində qeyd edilməməsi, Hökumətin iddia etdiyi kimi, evə dair müvafiq tikinti və mülkiyyət sənədlərinin olmaması ilə izah edilə bilər (bax: yuxarıda § 24). Buna görə də, ərizəçi evi alarkən onun qanunsuz tikili olduğunu bilirdi və ya bilməli idi. - 31. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 180-ci maddəsinin və Torpaq Məcəlləsinin 111-ci maddəsinin tətbiqi ilə bağlı ərizəçinin həmin müddəaların sözügedən evə münasibətdə tətbiq edilməyəcəyinə inanmasına səbəb olacaq heç bir qeyri-müəyyənlik mövcud olmayıb. - 33. Bundan başqa, müəyyən müddət ərzində dövlət orqanları tərəfindən hər hansı reaksiyanın olmaması ərizəçidə belə bir təsəvvür yaratmamalı idi ki, ona qarşı evin sökülməsi ilə bağlı iddia qaldırıla bilməz. Həmçinin bu hal özlüyündə ərizəçinin evə olan mülkiyyət marağının 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində ifadə olunan mənada “mülkiyyət” sayılacaq həddə tanınan və əhəmiyyətli olduğu qənaətinə gəlmək üçün kifayət deyildi. - 35. Bundan da belə nəticəyə gəlmək olar ki, şikayətin bu hissəsi 35-ci maddənin 3 (a) bəndi mənasında Konvensiyanın müddəaları ilə ratione materiae baxımından uyğunsuzdur və 35-ci maddənin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir. - 44. Ərizəçinin sözügedən mənzildən çıxarılması yerli məhkəmələr tərəfindən icazəsiz tikililəri tənzimləyən qanuni müddəalara və zəbt edilmiş torpaqların sahiblərinə və ya qanuni istifadəçilərinə qaytarılması barədə tənzimləmələrə əsaslanıb. Yerli məhkəmələr, o cümlədən, Mülki Məcəllənin 180-ci maddəsinə və Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad edib. Məhkəmə, onun daxili qanunvericiliyə riayət olunmasını yoxlamaq səlahiyyətinin məhdud olduğunu qeyd edərək, razılaşır ki, ərizəçinin mənzildən çıxarılması barədə qərar verən milli məhkəmə qərarları daxili qanunvericiliyə uyğundur. - 48. Bundan əlavə, hazırki işdəki kimi halların olduğu işlərdə mütənasiblik testi hakimiyyətin geri almağa çalışdığı torpağı nə üçün istifadə etmək istəməsi ilə qırılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə “Azneft” yerli məhkəmələr qarşısında qaldırdığı iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməyiblər. - 51. Nəhayət, ərizəçi üçün alternativ məskunlaşma imkanının çatımlı olduğunu araşdıracaq hər hansı prosedurun olması da Hökumət tərəfindən iddia edilmədi. Bundan əlavə, ərizəçi dövlət orqanları tərəfindən pulsuz və ya münasib qiymətə mənzil verilməsi üçün müraciət etmək hüququna malik olan şəxslərin hər hansı konkret kateqoriyasına aid edilmir (yuxarıda § § 19-21). Hökumət sosial sığınacaqda müvəqqəti qalmanın (yuxarıda § 22), alternativ məskunlaşma imkanlarının araşdırılması üçün heç bir prosedur olmadığı halda, hazırki işin hallarında mütənasiblik tələbini təmin edən həll yolu kimi qəbul edilə biləcəyini də mübahisələndirmədi. - 52. Belə olduğu təqdirdə, ərizəçi onun işi üzrə mövcud olan şəxsi hallar nəzərə alınmaqla müdaxilənin mütənasibliyinə, yəni, onun sözügedən evdən çıxarılmasına adekvat şəkildə yenidən baxılmasına imkan verən prosedurla da təmin edilmədi. - 53. Bu səbəblərə görə, Məhkəmə, köçürülmə haqqında qərarın belə bir yoxlama olmadan icra olunması durumunda Konvensiyanın 8-ci maddəsinin pozulacağına qərar verir.
“Jidov və başqaları Rusiya Federasiyasına qarşı” iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarı: - Ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin, hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəsi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdir. Birincisi, onun inşa etdiyi ev mülki qanunvericiliyin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır. - Ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə çıxır ki, onun hüquqları pozulmamışdır.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatlarını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
19. Belə ki, mübahisə predmeti olan tikili dövlətə məxsus, iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla inşa edilmişdir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
20. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilir ki, İddiaçı şirkətinə Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü aparması üçün 2004-cü il tarixli sazişlə istifadəsinə torpaq sahəsi ayrılmışdır. Həmin saziş ərazisində fəaliyyət göstərən və ya göstərməyən neft quyuları vardır. 1 saylı mədənin 5-ci sahəsində Şirkətin saziş ərazisi hüdudları daxilində (1. 397568.466 4478665.607; 2. 397583.721 4478678.515; 3. 397602.007 4478657.980; 4. 397587.241 4478643.312 koordinatlar) cavabdehin faktiki sahiblik etdiyi fərdi yaşayış evi yerləşir. Həmin fərdi yaşayış evinin və ya torpaq sahəsinin cavabdehin mülkiyyətinə və ya istifadəsinə verildiyini təsdiq edən hüquq müəyyənedici sənəd yoxdur. Bu aspektdən yanaşdıqda həmin fərdi yaşayış evinin özbaşına tikili olması müəyyən edilir.
21. Odur ki, 1 saylı mədənin 5-ci sahəsində Şirkətin (iddiaçının) saziş ərazisi hüdudları daxilində (1. 397568.466 4478665.607; 2. 397583.721 4478678.515; 3. 397602.007 4478657.980; 4. 397587.241 4478643.312 koordinatlar) torpaq sahəsi zəbt olunmuş və müvafiq icazələr olmadan orada tikinti işləri həyata keçirilmişdir.
22. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda istinad edilmiş normalarının tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır və tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. O cümlədən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmçinin sözügedən qanunvericiliyin tələbinə görə isə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
23. İstinad edilən qanunvericilik normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, mübahisə predmetini təşkil edilən və cavabdehin faktiki sahibliyində olan fərdi yaşayış evi Sazişlə iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşməklə özbaşına tikilidir və iddiaçının istifadəsində olan torpaq sahəsində cavabdeh tərəfindən özbaşına tikinti aparıldığından onun tələbi əsaslıdır.
24. Bununla belə məhkəmə o qənaətə gəlir ki, özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair işlərə baxılarkən İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 8-ci maddəsinin tələbi baxımından mənzil hüququna müdaxilənin mütənasibliyi yoxlanılmalıdır. Bu baxımdan Avropa Məhkəməsinin bu qətnamənin 20-ci bəndində istinad edilmiş presedent hüququ mühüm əhəmiyyət kəsb edir.
25. Məhkəmə həmçinin qeyd edir ki, bu qətnamənin 20-ci bəndində Avropa Məhkəməsinin istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahəsində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikilinin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.
26. Bu səbəbdən də ilk növbədə tikililərin sökülməsi və cavabdehlərin çıxarılması tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparılmalı, bu halın mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-ci maddəsində nəzərdə tutulmuş imkandan istifadə edilməklə, qətnamənin icrası müddəti müəyyənləşdirilməlidir.
27. Bu məqam məhkəmə araşdırması dövründə iddiaçı tərəflə müzakirə edilmiş və müəyyən edilmişdir ki, cavabdehin faktiki sahibliyində olan torpaq sahəsinin yaxınlığında iddiaçı tərəfdən hal-hazırda aktiv neft-qaz əməliyyatları həyata keçirilmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir.
28. Bununla yanaşı qeyd edilməlidir ki, qətnamə icra edildiyi zaman yaşayış sahəsinə ehtiyacı olan cavabdeh aztəminatlı əhali kateqoriyasına aiddirsə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə edə bilər.
29. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində (1. 397568.466 4478665.607; 2. 397583.721 4478678.515; 3. 397602.007 4478657.980; 4. 397587.241 4478643.312 koordinatlar daxilində) inşa edilmiş özbaşına tikilidən çıxarılmalı, özbaşına tikili cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir.
30. Həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
NƏTİCƏ HİSSƏSİ:
31. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində (1. 397568.466 4478665.607; 2. 397583.721 4478678.515; 3. 397602.007 4478657.980; 4. 397587.241 4478643.312 koordinatlar daxilində) inşa edilmiş özbaşına tikilidən çıxarılsın, özbaşına tikili cavabdehin hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılsın.
3. Qətnamə özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması hissəsində həmin ərazidə (fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində) neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin.
4. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı Şirkətinin xeyrinə tutulsun.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
6. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Anar Rzayev