Məhkəmə qərarları › İş №2(001)-790/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-790/2023

11.05.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-790/2023 11.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Ərizəçi, X9 Addıxanovnanın iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, babası X13 24 yanvar 1962-ci il tarixdə, anası X10 isə 07 avqust 2015-ci il tarixində xəstəlik nəticəsində vəfat etmişdir. Ögey qardaşı X11 24 iyul 1971-ci ildə anadan olmuş hazırda anasına məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla yaşayır. O, anasının qeyri-rəsmi nikahda yaşadığı ərindən anadan olduğu üçün doğum haqqında şəhadətnaməsində soyadı babasının soyadı “Qrunin” kimi, atası isə “Mixayloviç” kimi qeyd olunub. Ögey qardaşı Rusiya Federasiyasında yaşadığı dövrdə ruhi xəstəlikdən müalicə olunmuş və Azərbaycan Respublikasına gələrək ruhi xəstə kimi Bakı şəhəri 2 saylı X1 qeydiyyata alınaraq, xx.xx.2001-ci ildən xx.xx.2001-ci il tarixinə kimi, ikinci dəfə isə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixinə kimi stasionar müalicə olunduqdan sonra kafi vəziyyətlə evə-sahə psixiatorunun nəzarətinə buraxılmışdır. Covid pandemiyası ilə əlaqədar olaraq məhdudiyyətlərə görə 3 ildən artıqdır ki, onun stationar müalicəsi qeyri-mümkün olmuşdur. Hal-hazırda X11 psixiatriya xəstəxanasında qeydiyyatdadır, xəstəliyi müalicə olunmaz xəstəliklər növünə aiddir. X11 ruhi xəstə olduğundan, öz hərəkətlərinin mənasını anlamır, öz hüquqlarından başqa şəxsin köməyi olmadan istifadə edə bilmir və hərəkətləri hər an dəyişərək qeyri-adekvat olur. Ona görə də, nəzarətsiz qalması qeyri-mümkündür. Ümumiyyətlə fəaliyyət qabiliyyəti yoxdur. Onun başqa şəxsin köməyinə və nəzarətinə daim ehtiyacı vardır. Azərbaycan Respublikasında ögey qardaşının ondan başqa qohumu yoxdur. Ona özü himayəçilik edir və bütün işlərini görür. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları və ərizəyə münasibəti:

3. Məhkəmə iclasında iştirak edən ərizəçi tərcüməçi vasitəsilə ərizəsini müdafiə etdiyini bildirərək, ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə lazımi qaydada dəfələrlə məlumat verilməsinə, onların nümayəndəsinin məcburi iştirakının tələb olunmasının bildirilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. İİİ-ЖГ seriyalı, 264008 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1958-ci il tarixində Bakı şəhərində doğulmuşdur. X15 Ezoviç, anası X2.

6. AZ-İ seriyalı, 770161 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 24 iyul 1971-ci il tarixində Bakı şəhərində doğulmuş, atası Qrunin Mixayil, anası X3

7. AZ-İ seriyalı 200184 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1962-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 18№ ilə qeyd edilmişdir.

8. AZ-İ seriyalı 746305 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2015-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 780 № ilə qeyd edilmişdir.

9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, X11 ünvan 2 ünvanında qeydiyyatdadır.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) olan çıxarışdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X8 xx.xx.2018-ci il tarixində keçirilən müayinə nəticəsinə görə MSS üzvi xəstəlik nəticəsində psixi pozuntu diaqnozu qoyulmuşdur.

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X6 X17 tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 865 saylı ekspertiza rəyindən görünür ki, X7 üzvi sayıqlama aşkar olunur. X4 qeyd olunan psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətində deyil. Onun fəaliyyət qabiliyyətsiz hesab edilməsinə əsas vardır.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək üçün ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

13. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin:

14. 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.

15. 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.

16. 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.

17. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

18. 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır;

19. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər;

20. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir;

21. 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir;

22. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər;

23. 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabilyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır;

24. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

25. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən xx.xx.1971-ci il təvəllüdlü X5 (anasının qeyri-rəsmi münasibətindən olan oğlu) ögey bacısıdır. xx.xx.1971-ci il təvəllüdlü X5 psixi qüsurları haqqında kifayət qədər məlumat olduğundan onların psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir.

26. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X6 X16 təqdim etdiyi məhkəmə psixiatrik ekspertizasının rəyindən isə müəyyən edilmişdir ki, xx.xx.1971ci il təvəllüdlü X11 hazırki psixi vəziyyəti ilə əlaqədar, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. Buna görə də onun tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. Tətbiq edilən prosessual normalar:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

28. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

29. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

30. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

31. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

32. Beləliklə, məhkəmə mülki iş materiallarına, ekspertiza rəyinə əsaslanaraq hesab edir ki, şəxsin öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsas olduğundan ərizə təmin edilməli, xx.xx.1971-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216- 220-ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar