Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7926/2021 24.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3 və digərlərinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 70 saylı BTK-nın 1693 saylı bağ sahəsi üzrə X7 ilə Cavabdeh3 arasında 02 avqust 2011-ci il tarixdə 27 saylı Dövlət Notariat Kontorunda bağlanmış 4Ə-01/76 nömrəli reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən 12 aprel 2012-ci il tarixdə Cavabdeh3 adına verilmiş çıxarışın və bununla bağlı aparılmış reyestr qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıların iddia tələbi belə əsaslandırılmışdır ki, qeyd olunan bağ sahəsi ataları X3 müqavilə əsasında verilmişdir. Həmin müqavilədə ailə tərkibi kimi ailənin bütün üzvləri, o cümlədən onlar da qeyd edilmişlər. O vaxt iddiaçılar yetkinlik yaşına çatmamış, belə olan halda ataları bağ sahəsini öz adına özəlləşdirmişdir. Bundan sonra ataları onların razılığı olmadan Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontorunda bağ sahəsini qardaşları olan cavabdehə bağışlamışdır. Bağ sahəsi bağışlanarkən onlar artıq yetkinlik yaşına çatmış, lakin onların razılıqları bağ sahəsinə görə alınmamışdır. Bağ sahəsinin cavabdehə bağışlanması 2020-ci ilin noyabr ayında onlara məlum olmuşdur. Bununla bağlı rəsmi sorğular verilmiş və cavablar alınmışdır. Cavablar nəticəsində onlara məlum olmuşdur ki, bağ cavabdehin adına özəlləşdirilmişdir. Hesab edirlər ki, onların razılıqları tələb olunmalı idi. Çünki həmin bağ sahəsi verilərkən ailə üzvü kimi onlar da nəzərə alınmışdırlar. Lakin bağışlama baş verərkən ailə üzvü kimi onların hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi və iddia ərizəsində göstərilənlərdən əlavə bildirdi ki, ataları və anaları sağlıqlarında onlara bildirmişdirlər ki, qeyd olunan bağ sahəsində hər uşağın payı var. Belə ki, onlar dörd uşaq olduqlarına görə hərəsinə üç sot torpaq sahəsi düşür. Lakin cavabdeh atalarının həmin vaxtda xəstə olduğundan istifadə edərək bağ sahəsinin ona bağışlanmasına nail olmuşdur. Hətta atalarının xəstə olduğundan istifadə edərək həmin bağ sahəsi bələdiyyə tərəfindən bir neçə şəxsin adına sənədləşdirilmiş, bununla bağlı bir neçə məhkəmə çəkişmələri olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı2 da iddia tələbini müdafiə edərək digər iddiaçınının da dedikləri ilə razı olduğunu bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etməyərək bildirdi ki, bağ sahəsi atası tərəfindən ona bağışlanarkən hər hansı qanun pozuntusuna yol verilməmiş, sənədləşdirmə qanunvericiliyin tələblərinə uyğun aparılmışdır. Əgər belə olmasaydı, ona dövlət orqanı tərəfindən çıxarış verilməzdi. Atasının adına verilən orderdə ailə üzvlərinin adları qeyd edilməmişdir. Ona görə də iddiaçıların həmin bağ sahəsi bağışlanarkən onların razılığının alınması barədə tələbləri əsassızdır. Həmin bağ sahəsi ilə bağlı üç il öncə məhkəmə mübahisələri olmuş və iş onun xeyrinə həll olunmuşdur. Belə ki, onun adına çıxarış olmağına baxmayaraq, bələdiyyə ona məxsus torpaq sahəsini digər şəxslərin adına rəsmiləşdirmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlərin nümayəndələri məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmiş, buna baxmayaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 23 iyun 1989-cu il tarixli, 12 nömrəli orderin surətindən görünür ki, X4 19 may 1989cu il tarixli, 4/151 nömrəli qərara əsasən Ləhiş massivində 70 saylı BTK-nın 0,12 ha sahəsi olan 1693 nömrəli bağ sahəsi ayrılmışdır; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 70 saylı BTK-nın 1693 saylı bağ sahəsi mülkiyyət hüququ 11 avqust 2009-cu il tarixdə X1 adına qeydiyyata alınmışdır; Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontorunda 14 avqust 2010-cu il tarixdə təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, X7 ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 70 saylı BTK-nın 1693 saylı bağ sahəsinin bağışlanması üçün bütün dövlət orqanlarında onun nümayəndəsi olmağı, tələb olunan bütün sənədləri toplamağı, adından imza etməyi və həmin bağ sahəsini bağışlamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olaraq bütün hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə bir il müddətinə verilmiş və 14 avqust 2011-ci ilədək qüvvədədir; Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontorunda 02 avqust 2011-ci il tarixdə təsdiq edilmiş müqavilənin surətindən görünür ki, X8 MH seriyalı, ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 70 saylı BTK-nın 1693 saylı bağ sahəsini oğlu Cavabdeh3 bağışlamışdır. Müqavilə X2 əvəzinə X11 imzalamışdır; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 70 saylı BTK-nın 1693 saylı bağ sahəsinə mülkiyyət hüququ 12 aprel 2012-ci il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır; 465706 nömrəli boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X9 və X5 nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 14 dekabr 1989 cu il tarixdə 649 nömrə ilə qeyd edilmişdir; 461826 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 atası X10, anası ilə X6r. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 70 saylı BTK-nın 1693 saylı bağ sahəsi 23 iyun 1989-cu il tarixli orderə əsasən iddiaçılar və Cavabdeh3 ataları X3 ayrılmış, daha sonra həmin bağ sahəsi özəlləşdirilərək sonuncunun mülkiyyət hüququ dövlət reyestrində 11 avqust 2009-cu il tarixdə qeydiyyata alınmışdır. Sonradan bağ sahəsinin bağışlanması ilə bağlı sənədləşdirmə işlərinin aparılması həmin tərəflərin ataları tərəfindən onlarına analarına etibar edilmiş və 02 avqust 2011-ci il tarixdə bağ sahəsinin Cavabdeh3 bağışlanması haqqında notarial qaydada təsdiq edilmiş müqavilə bağlanmış, bundan sonra bağ sahəsi 12 aprel 2012-ci il tarixdə Cavabdeh3 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçılar həmin bağışlama müqaviləsinin etibarsız hesab edilməsini və onun əsasında verilmiş çıxarışın və bununla bağlı aparılmış qeydiyyatın ləğv edilməsini xahiş edirlər, Cavabdeh3 isə iddianı qəbul etmir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir; 25-ci maddəsinə əsasən bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 359.1-cü maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir; 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir; 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 668.1 və 668.1.1-ci maddələrinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Yuxarıda istinad edilən qanunvericiliyin müddəalarından görünür ki, iddiaçılar və Cavabdeh3 ataları X3 ayrılmış bağ sahəsi onun adına özəlləşdirilərkən və sonradan cavabdehə bağışlanarkən bununla bağlı digər ailə üzvlərinin razılığının əldə edilməsi tələb olunmur. Bundan başqa, bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq notariat qaydadasında tərtib edilmiş etibarnamə əsasında çıxış edən təmsilçi vasitəsilə bağlanmış və həmin müqavilə də qanunvericiliyin tələblərinə uyğun olaraq notariat qaydasında təsdiqlənmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçılar tərəfindən ataları və anaları tərəfindən sağlıqlarında bağ sahəsində iddiaçıların da paylarının olduğu onlara bildirilsə də, iş materiallarından müəyyən olunur ki, torpaq sahəsi ataları tərəfindən Cavabdeh3 bağışlanarkən müqavilə etibarnamə əsasında çıxış edən onların anaları tərəfindən imzalanmış, yəni onların analarının da bağ sahəsinin Cavabdeh3 bağışlanmasından məlumatı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “bağışlama müqaviləsi əsasında verilmiş çıxarışın və bununla bağlı aparılmış reyestr qeydiyyatının ləğv edilməsi” hissəsi ilə əlaqədar isə qeyd edir ki, iddia tələbinin bu hissəsi törəmə tələb olduğundan, bu tələbin təmin olunub-olunmaması bilavasitə iddia tələbinin “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinin təmin olunubolunmamasından asılıdır. Bunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3 və digərlərinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3 və digərlərinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-7926/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7926/2021
24.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver