Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-796/2024 15.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi(oğlu) X2 iştirakı ilə İddiaçı X3 Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsində (abonent kodu **********00000) əsassız olaraq borc kimi yazılmış olan 2592 manatın X1 tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış sahəsi faktiki olaraq mənim və ailə üzvlərimin istifadəsindədir. Həmin ünvandakı Abonent kodu **********00000 olmaqla cavabdeh X1 tərəfindən qazla təmin olunmaqdadır. Həmişə tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunub. X4 əməkdaşları tərəfindən qaz sayğaclarının yenilənməsi zamanı onların sayğacı da yenisi ilə əvəz olunmuş və sayğacın yenilənməsi barədə sənəd imzalanmışdır. Sayğac dəyişdirilən zaman tərtib olunmuş aktda sayğaca müdaxilə ilə bağlı və ya onun zədələnməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Lakin cavabdehin 16 may 2023-cü il tarixli məktubuna əsasən, 19 may 2023-cü ildə X1 Metrologiya Departamenti tərəfindən qaz sayğacına baxış keçirilmişdir. Baxışın nəticəsi olaraq sayğaca müdaxilə olunması və onun istismara yararsızlığı barədə onun iştirakıı və heç bir məlumatı olmadan 31 may 2023-cü il tarixli ******* №-li Akt tərtib olunmuşdur. Guya sayğaca müdaxilə olunduğu üçün 2592 manat borc yazılıb. Qeyd etmək istəyir ki, həmin aktın tərtib olunmasında iştirak etməmişdir. Halbuki bu barədə bizə məlumat verilməli və aktın tərtibində iştirakı təmin olunmalı idi. Həmçinin sayğaca müdaxilənin o və ya ailə üzvləri tərəfindən həyata keçirilməsi hər hansı formada sübuta yetirilməmişdir. Ona görə də hesab edir ki, əsassız olaraq borc kimi yazılmış olan 2592 manatın X1 tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Sayğaca müdaxilə onun daxilindən edilir. Halbuki, ailə üzvlərindən heç biri həmin sayğacın daxilinə müdaxilə etməyi bacarmır. Sayğac təhvil verilən zaman aktda sayğacın yoxlanıldığı və sızma olmadığı göstərildiyindən tərəfindən imzalanmışdır. Tələb edilən borc isə əsassız olaraq yazılmışdır.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, 19 may 2023-cü il tarixdə Cavabdeh İB-nin əməkdaşları onların xəbəri və iştirakı olmadan sayğaca baxış keçirmişlər. Bundan sonra Cavabdeh İB-nin əməkdaşları sayğaca müdaxilə olunması və istismara yarasızlığı barədə iştirakları olmadan akt tərtib etmişlər. Bizim evdə quraşdırılan sayğac mexaniki olduğundan hər ay Cavabdeh İB-nin əməkdaşı sayğaca nəzarət edirdi və təbii qazdan istifadəyə görə ödəniş qəbzi verirdi. Sayğaca heç bir müdaxilə edilməmişdir. Ev fərdi yaşayış evi olmaqla, iki mərtəbəlidir və anasının mülkiyyətindədir. Kommunal müqavilələr isə atasının adına bağlanılıb. Təbii qazdan istifadəyə görə hər ay ən azı 140-150 manat arası ödənişlər edilir. Evdə 1 ədəd qaz plitəsindən və kombidən istifadə edilir. Kombi daha çox elektrik enerjisi ilə işləyir. Sayğac çöldə yerləşir və qutusu yoxdur.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İBnin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00000 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 28100848 sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə Akta əsasən “sayğacın hesablama mexanizminin plasmas qapağının üzərinə vurulan zavod qurğuşun plombu kəsici alətlə kəsilərək yapışqan maddə ilə yapışdırılıb, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 21600 m3 təşkil etmişdir. Hesablanmış 2592 manat məbləğində dəymiş ziyan 2023cü ilin may ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. Bir daha bildirir ki, **********00000 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiz ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca güya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. İddiaçının evində sayğac xx.xx.2020-ci ildə və xx.xx.2023-cü ildə çıxarılıb. Köhnə sayğac çıxarılan zaman yerindəcə yeni sayğacla əvəz olunur. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
6. Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsi, ev 15 F ünvanına Azəriqaz tərəfindən **********00000 abonent kodu verilməklə təbii qazın alqı-satqısı barədə İddiaçı ilə müqavilə bağlanılmışdır. “Azəriqaz “ İB-nin nümayəndələri tərəfindən tərtib edilən xx.xx.2020-ci il tarixli, ******* saylı akt ilə Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsi, ev 15 F ünvanında olan Elster tipli G6 markalı, ******* saylı sayğac istismar müddəti bitdiyi üçün Elster tipli G 6 markalı, 28100848 saylı sayğacla əvəz edilmişdir.
7. Daha sonra isə “Azəriqaz “ İB-nin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixdə abonentin sayğacına baxış keçirilmiş, bu barədə “qazın sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli AKT tərtib edilmişdir. Abonentin Elster tipli, G-6 markalı, 28100848 seriya nömrəli sayğacı çıxarılmış və çıxarılan sayğac Zenner tipli **********0 seriya nömrəli qaz sayğacı ilə əvəzlənmişdir. Sayğacn plombunun çıxarılma səbəbi kimi qurğuşun plomba kənar müdaxilə qeyd edilmiş, aktda sayğacın dövlət plombunun yeni xəttə köçürülən zaman Azəriqazın əməkdaşları tərəfindən qırıldığı göstərilmişdir.
8. Bundan sonra sayğac xx.xx.2023-cü il tarixdə BRQS Departamentinin dövlət yoxlamasına gətirilmiş və həmin tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və bu barədə MSK-14-2-2/3-5-5262/Q002 saylı AKT tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, baxış keçirilən 28100848 seriya nömrəli, Elster tipli, G-6 markalı, mexaniki göstəricisi 14365 kub.m olan sayğaca baxış keçirilmiş, 12415345 nömrəli plomb kəsilərək, G-6M/0839 nömrəli qutu tərəflərindən açılmış, sayğaca baxış keçirilmiş, hesablama mexanizminin plastmast qapağının üzərinə vurulan zavod qurğuşun plombu kəsici alətlə kəsilərək, yapışqan maddə ilə yapışdırılıb. Sayğac istismara yararsızdır.
9. Bunun əsasında Cavabdeh İB-nin BRQSD-nın rəis müavini tərəfindən xx.xx.2023cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT tərtib edilmişdir. Həmin akt-da qeyd edilmişdir ki, hesablama mexanizminin plastmast qapağının üzərinə vurulan zavod qurğuşun plombu kəsici alətlə kəsilərək, yapışqan maddə ilə yapışdırılıb. Sayğac istismara yararsızdır.
10. Həmin AKT-a əsaslanaraq BRQSD-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən 31 may 2023-cü il tarixdə “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə tərtib edilmişdir. Həmin tələbnaməyə əsasən qaz sayğacının maksimal qaz sərfi 10 kub.m orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcminin 21600 kub.m olduğu ehtimal edilmişdir.
11. Abonentin saldosuna 2023-cü ilin may ayında 2592 manat borc daxil edilmişdir.
12. İddiaçı sayğacının evdən kənarda yerləşməsini və tərəfindən müdaxilənin mümkünsüz olduğunu, sayğacın çıxarılması və baxış keçirilən zaman üzərində hər hansı qüsurun olmamasını əsas gətirərək, əsassız olaraq abonent hesabına yazılmış borcun silinməsini tələb edir.
13. Cavabdeh tərəf isə iddianı ona görə əsassız və yazılan cəriməni ona görə əsaslı hesab edir ki, sayğacın hesablama mexanizminin plastmast qapağının üzərinə vurulan zavod qurğuşun plombunun kəsici alətlə kəsilərək, yapışqan maddə ilə yapışdırıldığından sayğaca müdaxilə edilmişdir və nəticədə istehlakçının hüquqa zidd və təqsirli hərəkətləri nəticəsində onlara ziyan vurulmuşdur. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
14. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun:
15. 13-cü maddəsinin 8-ci bəndində əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
16. Həmin maddənin 8-1-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
17. 9-cu maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
18. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
20. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
21. Həmin qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
22. Həmin qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
23. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
24. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
25. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
26. Həmin qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
27. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
28. Həmin qaydaların 6.5-ci maddəsinə əsasən(xx.xx.2023-cü il tarixədək olan redaksiyada) Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
30. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
33. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
34. İşin halları ilə müəyyən edilir ki, iddiaçı ona hesablanmış borcun əsassız olduğunu və hər hansı hüquqa zidd əməl törtətmədiyinə görə cavabdehin hərəkətinin qanunsuz olduğunu və borcun silinməsini tələb edir.
35. Cavabdeh tərəf isə iddiaçının hüquqa zidd əməl törətmiş olmasını tərtib edilən AKTlarla sübut etməyə çalışır.
36. Məhkəmə göstərilən normaları və işin müəyyən edilmiş faktiki hallarını dəyərləndirərək o qənaətə gəlir ki, Cavabdeh tərəfindən vurulmuş zərərin həcmi qismində 2592 manat məbləğində abonentə borc hesablaması əsassız olmuşdur.
37. Belə ki, abonentə xx.xx.2020-ci il tarixdə quraşdırılmış Elster tipli, G-6 markalı, 28100848 nömrəli sayğac birliyin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə yenidən çıxarılmışdır. Halbuki sayğacın istismar müddəti bitməmiş və onun nasaz işləməsi ilə bağlı hər hansı hal olmamışdır. Bununla belə birliyin əməkdaşları sayğacın çıxarılma səbəbi kimi qurğuşun plomba kənar müdaxilə olduğu göstərilmişdir. Halbuki fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı cavabdehlik daşıyır. Bununla belə nəzərə alınmalıdır ki, abonentin istifadəsində olduğu qaz sayğacını hər hansı kənar müdaxilədən qorumaq imkanı mümkün olmadığı kimi, qeyd edilən qüsurun isə istənilən səbəbdən baş verə biləcəyi mümkündür. Eyni zamanda çıxarılan sayğacın mexaniki göstəricisinin 14365 olduğu barədə qeyd aparılmışdır. Hansı ki, sayğac çıxarılana qədər onun yanvar ayı üçün mexaniki göstəricisi 11490, fevral ayında 12830, mart ayında 13805, aprel ayında 14359 kub.m olduğu müəyyən edilir. Eyni zamanda abonent 2023-cü ilin yanvar ayında 127 manat, fevral ayında 67.2 manat, mart ayında 217 manat, aprel ayında 214 manat ödəniş etmişdir. Göründüyü kimi burada sayğaca müdaxilə edilməklə hər hansı qaz itkisinin olduğu və abonentin hüquqdan sui-istifadə edərək əsassız varlandığı qənaəti yaradan hal yoxdur.
38. Odur ki, istehsalçının mövqeyi o zaman əsaslı və məntiqli ola bilərdi ki, hər hansı müdaxilənin nəticəsində, yəni hər hansı hüquqazidd əməlin nəticəsində abonent nəsə əldə etmiş olsun. Halbuki, işin yuxarıda qeyd edilən müəyyən edilmiş hallarına əsasən qeyd edilən məsələ öz təsdiqini tapmır. Tətbiq edilən prosessual normalar
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
40. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
41. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
42. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir
43. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə
44. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
45. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır
46. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
47. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:
48. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 2592 manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu:**********00000) silinməli, iddia qalan hissədə təmin edilməməli və istehlakçının ödəməkdən azad olduğu 45,92 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
49. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 2592(iki min beş yüz doxsan iki) manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu: **********00000) silinsin. İddia qalan hissədə təmin edilməsin. 45,92 (qırx beş manat, doxsan iki qəpik) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev