Məhkəmə qərarları › İş №2(001)-80/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-80/2022

11.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-80/2022 11.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmlakın qiymətləndirilməsi haqqında rəyin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əmlakın qiymətləndirilməsi haqqında rəyin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən tələb cavabdeh İddiaçı məxsus olan və banka ipoteka qoyulmuş, ipoteka predmeti olan "Kia Optima minik" markalı, 90 VN-848 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmiş və avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsaitdən qeyd edilən pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun "Bank VTB (Azərbaycan)" ASC-yə ödənilməsi qət edilmişdir. "xxxx" MMC tərəfindən 10 mart 2020-ci il tarixdə qiymətləndirmə işi həyata keçirilmiş və "Kia Optima minik" markalı, 90 VN-848 dövlət qeydiyyat nişanlı avtomobil 22000 manat məbləğində qiymətləndirilmişdir. BŞ Yasamal rayon İcra və Probasiya şöbəsinin hərracın keçirilməsi haqqında 17Y72-323800/26, 04 iyun 2020-ci il tarixli sifarişə əsasən hərracın keçirilməsi 08 iyul 2020-ci il tarixə saat 12:00-a təyin edilmişdir. Cavabdeh MMC tərəfindən təqdim olunmuş əmlakın qiymətləndirilməsinin nəticələri barədə rəydən görünür ki, əmlakın qiymətləndirilməsi formal olaraq həyata keçirilmişdir. Adı çəkilən rəydə avtomaşına qoyulmuş qiymətin həmin avtomaşının real bazar qiyməti ilə heç bir əlaqəsi yoxdur və göstərilən məbləğ obyektivlikdən olduqca uzaqdır. Belə ki, rəydə qiymətləndirici avtomaşının bütün parametrlərini nəzərə almaqla, real olaraq hansı meyarlara əsaslanıb və hansı metodlardan istifadə etməklə həmin əmlakın 22.000 manat dəyərində qiymətləndirilməsini əsaslandırmamışdır. Bütün bunlar onu təsdiq edir ki, mübahisəli avtomaşın ilə bağlı Cavabdeh MMC tərəfindən verilmiş avtomaşının qiymətləndirilməsi barədə verilmiş rəy etibarsız hesab edilməli və həmin avtomaşın yenidən qiymətləndirilməklə, təkrar rəy hazırlanmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə də razı deyil. Həmin rəy ilkin rəyi təkrarlamış, hər hansı əlavə araşdırma aparılmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsinə əsasən, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 7-ci maddəsinə görə, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Həmin Qanunun 8-ci maddəsinə müvafiq olaraq, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Həmin Qanunun 9-cu maddəsinə uyğun olaraq, qiymətləndirici dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq hüququna malikdir. Göründüyü kimi, qanunverici məhkəmə tərəfindən sözügedən qanunun və mövcud prosessual qanunvericiliyin göstərişlərini diqqətə alaraq, aparılmış qiymətləndirmənin nəticələri haqqında hesabatdakı əmlakın dəyərinin yekun göstəricisinin həqiqi olmadığını müəyyən edildikdə qiymətləndirmə hesabatının ləğv edilməsi barədə qərar qəbul edilməsini nəzərdə tutmuşdur. Bu baxımdan, məhkəmə sözügedən qənaətə gələrkən ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsiplərini rəhbər tutmalı və proses tərəflərindən hər hansı birinə müəyyən imtiyaz və ya üstünlük verməməlidir. Odur ki, adıçəkilən prinsiplər, aparılmış qiymətləndirmə hesabatının ləğvi ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. İş materiallarında olan Cavabdeh MMC tərəfindən tərtib edilmiş rəydə göstərilmişdir ki, İddiaçı məxsus olan Kia Optima minik markalı, buraxılış ili 2012-ci il, rəngi ağ mirvari, dövlət qeydiyyat nişanı 90VN848 olan avtomobilin 10.03.2020-ci il tarixə bazar dəyəri 22000 manat təşkil edir. Cavabdeh gəldiyi nəticənin əsaslı və obyektiv olub-olmamasının yoxlanılması məqsədilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.09.2020-ci il tarixli, 2(001)- 4026/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmlakın qiymətləndirilməsi haqqında rəyin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.03.2021-ci il tarixli, 9/557 saylı ekspert rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2012-ci il buraxılışlı, dəri oturacaqlı, mühərrik tutumu 2400 kub/sm olan “Kia Optima” minik markalı, 90VN848 dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı vəziyyətdə orta bazar qiyməti təxminən 24000 manat, likvid qiyməti isə 22000 manat müəyyən olunur. 17.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə bildirmişdir ki, ekspert rəyi ilə razı deyil. Belə ki, ekspert rəyində turbo.az internet səhifəsinə və ekspert praktikasına istinad edilsə də, həmin praktikanın nədən ibarət olması və metodikası göstərilməmişdir. Rəydə qiymətləndirilən avtomobilin mühərrik tutumu (mühərrik tutumunu 2400 kub/sm olması qiymətinin artmasına səbəb olur), yürüyüşü, avtomobilin vuruğunun olub-olmaması müəyyənləşdirilməmişdir. Həmçinin avtomobilin hərəkətedici mexanizmində və mühərrik hissəsində də hər hansı nasazlıq aşkar edilmir. Eyni zamanda həmin tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunanlara əsasən iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi və ekspertizanın keçirilməsinin başqa ekspertə həvalə edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2(001)-435/2021 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş və başqa ekspertə tapşırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.12.2021-ci il tarixli, 9/7503 saylı ekspert rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2012-ci il buraxılışlı, dəri oturacaqlı, mühərrik tutumu 2400 kub/sm olan “Kia Optima” minik markalı, 90VN848 dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə orta bazar qiyməti təxminən 24000 manat, likvid qiyməti isə 22000 manat müəyyən olunur. “İpoteka haqqında” Azərbaycan Respublikasinin Qanununun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Beləliklə, hazırkı iş üzrə aparılmış ekspertiza tədqiqatları onu təsdiq etmişlər ki, Cavabdeh tərəfindən aparılmış qiymətləndirmə obyektiv olmuş və "Kia Optima" minik markalı, 90 VN-848 dövlət qeydiyyat nişanlı avtomobilin 22000 manat qiymətləndirilməsinə dair verilmiş 10 mart 2020-ci il tarixli Əmlakın qiymətləndirilməsi barədə rəyin etibarsız hesab edilməsi üçün hazırkı vəziyyətdə əsas mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı əmlakın qiymətləndirilməsi haqqında rəyin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı əmlakın qiymətləndirilməsi haqqında rəyin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 200 (iki yüz) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar