Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-81/2025 19.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı şirkətinin Cavabdeh Nizami oğluna qarşı “özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2 və 111.3-cü maddələrinin, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-cı maddəsinin tələblərinə əsasən, Cavabdeh 1 saylı mədənin 4-cü sahəsində yerləşən 143050 saylı neft quyusunun mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları (1. 401117.460 4479890.736; 2. 401131.121 4479891.031; 3. 401140.608 4479879.056; 4. 401118.135 4479878.677 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 18 dekabr 2024-cü il tarixli iclasında iştirak edən iş üzrə Cavabdeh Nizami oğlu iddianı qəbul etməyərək, onun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində heç bir əmlakının olmadığını bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin 14 yanvar 2025-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbində göstərilən ərazinin kimə məxsus olmasının dəqiqləşdirilməsi üçün məhkəmə əlavə sübutların təqdim edilməsi ilə bağlı iclasın təxirə salınmasını qərara almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahatında bildirdi ki, nümayəndəsi olduğu şirkətin aidiyyəti şöbələri tərəfindən əraziyə gedilmiş, lakin ərazidə heç kim olmadığından əlaqə saxlanılaraq, ərazinin kimə məxsus olmasını dəqiqləşdirmək mümkün olmamışdır. O, həmçinin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını təqdim edilmiş sübutlarla tədqiq edərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə iddiaçının və ya ərizəçinin iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. (149.2.3) Həmin Məcəllənin 152.1 və 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Hazırki işdən görünür ki, iddia ərizəsi icraata qəbul edilərkən cavabdeh qismində Cavabdeh göstərilsə də, məhkəmədə icraat zamanı müəyyən edilmişdir ki, sözügedən ərazinin iddiaçıya məxsus olmasına dair heç bir sübut təqdim edilməmişdir.. Belə ki, məhkəmə iclasında iştirak edən iş üzrə Cavabdeh izahatında iddianı qəbul etməyərək, onun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində heç bir əmlakının olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə iddiaçının yol verdiyi nöqsanları, yəni iddia tələbində göstərilən ərazinin kimə məxsus olmasının dəqiqləşdirilməsi üçün iddiaçı tərəfə kifayət qədər vaxt verildiyini, lakin iddiaçı tərəfindən sözü gedən ərazinin Cavabdeh məxsus olması ilə bağlı sübutları məhkəməyə təqdim etmədiyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən yuxarıda qeyd edilən nöqsanları məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə aradan qaldırmamışdır. Məhkəmə qeyd edir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarının 13-cü bəndində göstərilmişdir ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12 –ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən yuxarıda qeyd edilən nöqsanlar məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə iddiaçı tərəfindən aradan qaldırılmadığından ərizə baxılmamış saxlanılmalı və iddiaçıya iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı şirkətinin Cavabdeh Nizami oğluna qarşı “özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-81/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-81/2025
19.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver