Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8229/2021 19.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh “X4” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində X2 cəlb edilməklə) “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulan zərərin əvəzlənməsi öhdəliyi olaraq, ona verilmiş torpaq sahəsinin başqa bir torpaq sahəsi ilə əvəzlənməsi X2nin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X2 13 dekabr 2006-cı il tarixli, 1990 saylı Sərəncamı ilə ona Binəqədi qəsəbəsinin hüdudları daxilində fərdi ev tikmək üçün 300 kv.m torpaq sahəsini mülkiyyətinə vermişdir. Aralarında baş tutmuş alğı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi yerində ölçülərək sxem-planı ilə birgə ona təqdim edilmişdir. Alıcı kimi isə o, həmin torpaq sahəsinə dair aralarında müəyyən edilmiş məbləği sentyabr 2005-ci il tarixli 675519 saylı qaimə ilə cavabdehin xeyrinə ödəniş aparmışdır. Artıq neçə illərdir ki, pul verib almış olduğu torpağına yaxın dura bilmir. Belə ki, 2018-ci ildən Cavabdeh şirkətinin mühafizəçiləri buna imkan vermirlər. Artıq 3 ilə yaxındır ki, neft şirkətinin rəhbərliyi ilə danışıqlar aparır. Amma bir nəticə yoxdur. Qeyd edir ki, onun torpağı ilə yanaşı, bələdiyyə sərəncamı ilə satılmış 4 nəfər başqa şəxsin torpaq sahələri yerləşir və şirkətin təzyiqindən torpaq sahələrinə daxil ola bilmirlər. Cavabdeh Şirkətinin rəhbərliyi şikayətə cavab olaraq bildirir ki, aldıqları torpaq sahəsi ilə əlaqədar Bələdiyyə Sərəncamının ləğvinə dair məhkəməyə müraciət edəcək və yalnız bundan sonra torpaqlarına daxil olub-olmamaları öz həllini tapacaq. Nəhayət ki, neft şirkətii 2021ci ildə məhkəməyə müraciət etmiş və onun torpağı ilə yanaşı yerləşən X1 torpağının mülkiyyətə verilməsi ilə bağlı X2nin sərəncamının ləğv edilməsini tələb etmişdir. Bakı İnzibati Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2-1(1112)-6012 saylı qərardadı ilə A.Həsənquliyevə qarşı qaldırılmış iddia mümkünsüz sayılmışdır. Bələdiyyə sərəncamı ilə satılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, AZEN OYL Kompani Bİ.Vi və ARDNŞ-nın ortaq Neft şirkəti arasında bağlanmış və 15 may 2005-ci ildə qüvvəsini almış Sazişə əsasən Cavabdeh şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyindən həmin sazişin 4-cü bəndinin tələblərinə əsasən bu sahəyə dair əvvəllər bağlanılmış hər hansı müqavilə, sərəncam və s. əhəmiyyətsiz hesab olunaraq ləğv edilmiş sayılır. Bu əsasla Saziş kontrakt torpaq sahəsinə düşən, torpaq sahələri ilə əlaqədar verilmiş bələdiyyənin bütün qərar və sərəncamları ləğv edilmiş hesab olunur. Bələdiyyə tərəfindən ona satılmış torpaq sahəsi, yuxarıda qeyd edilən torpaq sahəsi ilə yanaşı olduğundan Sazişin kontrak sahəsinə düşür. Göründüyü kimi, X2 bilərəkdən, özünəməxsus olmayan torpaq sahəsini ona satmışdır. Bu səbəbdən o aldığı torpaq sahəsini 15 il ərzində sahibliyinə ala bilməmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin(bundan sonra- MPM) 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. İddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddia ərizəsindən və əna əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh arasında yaranan mübahisəli hüquq münasibəti inzibati xarakterlidir. Belə ki, iddiaçının məhkəmədən xahiş etdiyi hal cavabdehin inzibati hüquq münasibətinin iştirakçısı kimi hərəkətləri ilə bağlıdır. Yəni Bələdiyyə tərəfindən verilmiş qərarın dəyişdirilməsi inzibati orqan kimi Bələdiyyənin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı Qərarında qeyd olunmuşdur ki, Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Plenum qərarında qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2013-cü il tarixli qərarında isə qeyd edilir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Ümumi məhkəmələr və inzibati-iqtisadi məhkəmələr arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Bundan başqa, həmin Plenum qərarında qeyd olunmuşdur ki, inzibati mübahisə hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. İnzibati mübahisələr bir qayda olaraq, inzibati aktların qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, icra edilməsi, icra edilməməsi və ya ləğv edilməsi, həmçinin inzibati aktın qanunsuzluğunun tanınması, inzibati orqanın faktiki xarakterli hərəkətləri və s. ilə bağlıdır. İddia ərizəsindən və əna əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh arasında yaranan mübahisəli hüquq münasibəti inzibati xarakterlidir. Belə ki, iddiaçının məhkəmədən xahiş etdiyi hal cavabdehin inzibati hüquq münasibətinin iştirakçısı kimi hərəkətləri ilə bağlıdır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tələbini qeyri-dəqiq ifadə etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh qismində Cavabdeh Şirkətini göstərsə də, ona qarşı hər hansı tələb irəli sürməmişdir. Bundan başqa X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində cəlb edilsə də, ona qarşı cavabdeh qismində iddia irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin(bundan sonra-MPM) 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Prosessual qanunvericiliyin iddia ərizəsinin məzmununa dair qeyd edilən müddəası onu tələb edir ki, iddiaçı tərəfindən yönəldilmiş tələblər konkret və aydın olmalı və həmin tələblər ərizədə dəqiq göstərilməlidir. MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Nəticədə hazırki iddia ərizəsi cavabdehin yəni inzibati orqanın hərəkətindən (hərəkətsizliyi) irəli gəldiyindən mübahisəyə inzibati icraat qaydasında İnzibati məhkəmələr tərəfindən baxılmalıdır və bu baxımdan məhkəmə hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı, iddiaçıya müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə məhkəmə dövlət rüsumunun qaytarılması barədə qərardad çıxarır. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153-cü və 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh “X4” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı (mübahisə predmeti barəsində müstəqil tələb erəli sürməyən İİİ şəxs qismində X2 cəlb edilməklə) “dəymiş zərərin ödənilməsi” tələbinə dair ərizənin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsinə əlavə edilmiş sənədlər, o cümlədən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu(qəbz nömrəsi:8********) İddiaçı geri qaytarılsın. İddiaçıya müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-8229/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8229/2021
19.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver