Məhkəmə qərarları › İş №2(001)-8230/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8230/2021

29.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8230/2021 29.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh şirkətinə qarşı Binəqədi qəsəbə Bələdiyyəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi “torpaq sahəsinə sahiblik və istifadə hüququna maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 29 oktyabr 2021-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin açıq şəkildə keçirilən hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh şirkətinə qarşı Binəqədi qəsəbə Bələdiyyəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona verilmiş torpaq sahəsinin başqa bir torpaq sahəsi ilə əvəzləşməsi öhdəliyinin Binəqədi qəsəbə Bələdiyyəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki işə aidiyyatı üzrə inzibati məhkəmədə baxılmalı olduğundan iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın İV hissəsinə əsasən, Azərbaycan Respublikasının Bələdiyyələri inzibati orqanların siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh şirkətinə qarşı Binəqədi qəsəbə Bələdiyyəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi “torpaq sahəsinə sahiblik və istifadə hüququna maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. İddiaçı məhkəmə aidiyyatı üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar