Məhkəmə qərarları › İş №2(001)-827/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-827/2024

01.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-827/2024 01.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində yerləşən 48A saylı fərdi yaşayış evinə (abonent kodu **********20000) xx.xx.2023-cü il tarixli tələbnaməyə əsassız hesablanmış 8.150 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində yerləşən 48A saylı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı (Abunə kodu: **********20000) çıxarılmışdır və bu barədə ARDNŞ Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir. ARDNŞ Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə qaz sayğacının yoxlanılması barədə akt tərtib edilmişdir və aktda sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plombun aşkar olunduğu sayğacın istismara yararsız olması qeyd edilmişdir. ARDNŞ Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Aktda sayğaca müdaxilə olunduğu, sayğacın sol tərəfində müdaxilə izləri olması qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə Dəymiş ziyanın bərpasına dair tələbnamə verilmişdir və qaz itkisi 68256 kub metr hesablanmışdır. Qaz itkisinə görə 8150 manat borc hesablanmışdır. Tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi absurddur. Lakin onun qaz sayğacının dövlət yoxlamasına verilməsi, rəy verilməsi barədə akt tərtib edilməsindən məlumatı olmamışdır, aktın surəti ona göndərilməmişdir. Bu tamamilə əsassızdır, belə ki, dövlət yoxlaması zamanı akt tərtib edilməsi barədə ona məlumat verilməmişdir, onun iştirakı təmin edilməmişdir və qaz sayğacına heç bir kənar müdaxilə olmamışdır. Əsassız olaraq itirilmiş qaz hesablanmışdır. O, hesab edir ki, formal olaraq belə bir akt tərtib edilmişdir, sayğaca müdaxilə olmadığı halda ona cərimə tətbiq edilməsi tamamilə əsassızdır. Aktlar onun iştirakı olmadan tərtib edilmişdir. Sayğacda texniki səbəbdən baş vermiş nasazlıqların aradan qaldırılması birbaşa cavabdeh tərəfin öhdəliyindədir və vətəndaş bununla bağlı məsuliyyət daşımır. Hər hansı bir problem yarandığı təqdirdə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq istehlakçını qabaqcadan xəbərdar etməli və qaz qurğusuna texniki baxış keçirməli idi. Həmçinin sayğaca texniki cəhətdən nəzarət etmək vətəndaşa aid deyildir, baş vermiş hər hansı bir hadisə nəticəsində istehlakçı məsuliyyət daşımır, sayğac mənzildən bayırda yerləşirdi və qazpaylayıcı tərəfindən sayğaca ümumiyyətlə əvvəllər baxış keçirilməmişdir. Sayğaca müdaxilə edilməsi barədə cavabdehdə hər hansı bir sübut da yoxdur. Qeyd olunmalıdır ki, heç bir araşdırma aparılmadan qaz itkisi hesablanmışdır, tərəfindən qeyri-qanuni qazdan istifadəyə yol verilməmişdir və bu amili 3 ay müddətində yoxlamaqla ödənişləri tutuşdurub müəyyən etmək mümkün olardı. Sayğacda və boru xəttində texniki səbəbdən baş vermiş nasazlıqların aradan qaldırılması birbaşa cavabdeh tərəfin öhdəliyindədir və vətəndaş bununla bağlı məsuliyyət daşımır. Hər hansı bir problem yarandığı təqdirdə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq istehlakçını qabaqcadan xəbərdar etməli və qaz qurğusuna texniki baxış keçirməli idi. Bununla da onun bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Qaz sayğacına müdaxilə əlavə qazdan istifadəni nəzərdə tutur, lakin bu amil cavabdeh tərəfindən araşdırılmamışdır, belə ki, tərəfindən istifadə edilmiş qaz sərfiyyatında hər hansı bir müdaxiləyə şübhə doğurmur və 3 ay müddətində ödənişlərə nəzarət etməklə bunu müəyyənləşdirmək mümkündür. Onun sayğacdan qeyri-qanuni istifadə etməyi ilə bağlı hər hansı bir sübut da yoxdur, əsassız hesablanmış borc məbləği də qanunsuz olaraq hesablanmışdır. Ona görə də cavabdeh tərəfindən hesablanmış əsassız borc məbləği silinməlidir. Cavabdehin istehlakçının təqsirini, yaranmış borcun mənbəyini, borcun hansı meyarlarla, hansı əsaslarla yaranması sübuta yetirilmədən borc hesablanması qanunsuz və əsassızdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, onun və ya ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, ona əlavə pul hesablanması yolverilməzdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, ekspert düzgün sayğaca baxış keçirməyib. Belə ki, ekspert cari quraşdırılmış sayğaca deyil, mübahisəli mənzildən çıxarılmış sayğaca baxış keçirməli idi. Əvvəlki sayğac da 240 nömrəli anbardadır. Ona verilmiş suala cavab olaraq isə bildirdi ki, köhnə sayğac ekspertə onlar tərəfindən təqdim edilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi” barədə xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus ünvanda olan 28261242 nömrəli sayğac kənar xəttin qoşulması səbəbi ilə dövlət yoxlanılmasına göndərilmiş və həmin sayğacın əvəzinə zenner tipli **********2 nömrəli sayğac quraşdırılmışdır; “Qaz sayğacının yoxlanılması” barədə MSK-14-2-2/3-11-67-1 nömrəli aktın surətindən görünür ki, 28261242 nömrəli sayğaca baxış keçirilmiş və sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir. Sayğac istismara yararsızdır; Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı məxsus ünvanda sayğaca ümumi baxış keçirilmiş və aşkar edilmişdir ki, xx.xx.2022-ci il tarixdə göstərici 19.580 m3 olub, sayğaca sol tərəfdən müdaxilə olunmuşdur. Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, istehlakçı İddiaçıa aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 68.256 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; **********20000 nömrəli abonent İddiaçı məxsus abonentin saldosundan görünür ki, istehlakçıya 2023-cü ilin yanvar ayına 8190,72 manat akt borcu hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/495 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən qeyd edilir ki, məhkəmə- mühasibat ekspertizası ilkin sənədlər əsasında aparılan tədqiqatdır. Abonent İddiaçı sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi nəticəsində hesablanmış sərfiyyatın doğruluğunun müəyyən edilməsi ekspert-mühasibin xüsusi biliyi xaricindədir. Abonentin Saldosu məlumatlarının və tərtib olunmuş aktın doğruluğu məhkəmə tərəfindən əsaslı hesab olunduğu təqdirdə, 68.256 m3 sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi nəticəsində hesablanmış 8190,72 manat məbləğində borcun riyazi hesablamalarla doğruluğu müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2 3 /541 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xəttlərin çəkilməsi müşahidə edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13.8-1-ci maddəsinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Qeyd olunan maddə xx.xx.2022-ci il tarixdə Qanuna əlavə edilmiş və həmin maddə 2022-ci ilin may ayının 1-dən qüvvəyə minmişdir. Mübahisəli aktda 2023-cü ilin yanvar ayında tərtib edilmişdir. Göründüyü kimi, cavabdehin sayğaca müdaxiləsi ilə bağlı təqsiri müvafiq icra hakimiyyətinin və ya məhkəmə qərarı ilə müəyyən edilməməsi, həmçinin iş üzrə alınmış ekspert rəyi ilə də sayğaca müdaxilə halının öz təsdiqini tapmaması həmin aktın etibarsızlığına dəlalət edir. Belə olan halda, etibarlı olmayan akta görə istehlakçıya hesablanmış 8190,72 manat məbləğində borcdan iddia tələbi həcmində, yəni 8.150 manat silinməlidir. Belə ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır ( MPM maddə 218.3) Cavabdehin nümayəndəsinin ekspert rəyinə etirazında qeyd etdiyi “ekspertin cari quraşdırılmış sayğaca deyil, mübahisəli mənzildən çıxarılmış sayğaca baxış keçirməli olması” dəlili ilə bağlı məhkəmə vurğulamağı zəruri hesab edir ki, ekspert ona təqdim edilmiş sayğaca baxış keçirmişdir ki, əvvəlki sayğacında məhz iddiaçı tərəfindən təqdim edilməsi onun imkanı daxilində olmamışdır. Çünki cavabdehin nümayəndəsi özü məhkəmə iclasında bildirmişdir ki, köhnə sayğac onların anbarındadır. Belə olan halda, köhnə sayğacın təqdim edilməsi cavabdehin marağında olmaqla yanaşı, onun öhdəliyində olmuşdur. Ona görə də öz öhdəliyinin icra edilməməsi nəticəsində cavabdeh tərəfin verilmiş rəyə etirazını məhkəmə əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci madəsinə əsasən, iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan və iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 101,5 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150+64 manat məbləğində vəsaitin cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı (Abonent kodu: **********20000) akta görə hesablanmış 8.150 (səkkiz min bir yüz əlli) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 101,5 (bir yüz bir manat, əlli qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən cəmi 214 (iki yüz on dörd) manat məbləğində vəsait Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar