Məhkəmə qərarları › İş №2(001)-8276/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8276/2021

21.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8276/2021 21.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səlimova Səadət Rəşid qızı iddiaçı Hasil MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qızına, Cavabdeh3 qarşı müqavilələrin, maliyyə arayışlarının, kassa mədaxil orderlərinin etibarsız hesab edilməsinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM İddiaçı Hasil MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qızına, Cavabdeh3 qarşı müqavilələrin, maliyyə arayışlarının, kassa mədaxil orderlərinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunan sənədləri araşdırıb hesab edirəm ki, iddiaçı tərəfindən iddia ərizəsinin formasına və məzmununa əməl edilmədiyindən iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.1.-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2.-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 149.3.-cü madəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 150.1.-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); İddia ərizəsindən müəyyən olunur ki, yuxarıda istinad olunan prosessual normaların tələblərinə əməl etməməklə yanaşı iddiaçı bir-biri ilə əlaqəsi olmayan, hər birinin öz tərəfləri üçün hüquq və vəzifələr yaradan, yaratdığı hüquqi nəticələrinin birinin digəri üçün heç bir əhəmiyyəti olmayan, yəni bir-biri ilə bağlılığı olmayan bir neçə müqavilə üzrə oxşar tələbləri bir iddia ərizəsində birləşdirmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; Hesab edirəm ki, bir-biri ilə bağlılığı olmayan və yalnız iddiaçının maraqlarına görə bir icraatda birləşdirilmiş bir neçə müqavilə üzrə iddia tələblərinə bir icraatda baxılması, tərəflərin prosessual hüquq və vəzifələrinin təmin edilməsində, mülki işə qanunla müəyyən olunmuş müddətlər çərçivəsində baxılması mümkün olmayacağından, iddiaçı hazırkı formada tərtib ediyi iddia ərizəsi ilə qanunla müəyyən olunan məbləğdə dövlət rüsumunu da ödəməkdən yayındığından iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya mübahisələndirdiyi hər bir müstəqil müqavilə üzrə aidiyyət qaydalarına əməl etməklə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Azərbaycan Respublikası MPM-nin 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM–nin 149, 152-ci maddələrini rəhbər tutub QƏRARA ALDİM İddiaçı Hasil MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qızına, Cavabdeh3 qarşı müqavilələrin, maliyyə arayışlarının, kassa mədaxil orderlərinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar