Məhkəmə qərarları › İş №2(001)-8281/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8281/2021

21.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8281/2021 21.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun birinci Qarabağ müharibəsinin iştirakçısı kimi tanınmağı və ona müharibə veteranı adının verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Göründüyü kimi, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxılmalı olsa da, Ərizəçi tərəfindən qanunvericiliyin bu tələbinə riayət edilməmiş, hazırki ərizə iddia icraatı qaydasında verilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2-ci maddəsində məhkəmə müəyyən edilməsi barədə baxdığı işlərin siyahısı göstərilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndində göstərilmişdir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Eyni zamanda qeyd edilməlidir ki, Ərizəçi ərizəni xüsusi icraat qaydasında vermiş olsaydı belə, hüquqi əhəmiyyəti olan fakt olaraq onun birinci Qarabağ müharibəsinin iştirakçısı kimi tanınmağı məhkəmə qaydasında müəyyən edilə bilməz. Bununla bağlı iddiaçı, inzibati orqan sayılan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, habelə onun idarə, şöbə və xidmətlərinin qərarlarından, hərəkət və ya hərəkətsizliyindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq ərazi aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 114.1. və 114.1.2-ci maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır; 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq qərara a l d ı m: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. Ərizəçi izah edilsin ki, o, inzibati orqan sayılan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, habelə onun idarə, şöbə və xidmətlərinin qərarlarından, hərəkət və ya hərəkətsizliyindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq ərazi aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. İddiaçı Ərizəçi tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar