Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-841/2022 19.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh X1rşı 16.11.2021-ci il tarixli ******* saylı aktın ləğv edilməsinə, 216 manat borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X1rşı 16.11.2021-ci il tarixli ******* saylı aktın ləğv edilməsinə, 216 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, ailəsi ilə birlikdə yaşadığı, ona məxsus Bakı şəhəri Binəqədi rayonu Biləcəri şossesi ünvanında yerləşən evdə istifadə etdiyi qaz sayğacına 30.10.2020-ci il tarixdə Azəriqaz İBnin əməkdaşları tərəfindən baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşilməsi barədə rəy verilmişdir. Azəriqaz İB-nin əməkdaşları 16.11.2020-ci il tarixdə ******* saylı başqa bir akt tərtib edərək qaz sayğacının zədələnməsi nəticəsində itirilmiş təbii qazın həcminin 2160 m3 olması müəyyənləşdirilmiş, 216 manat borc hesablanaraq onun tərəfindən ödənilməsi qərara alınmışdır. O və ya ailə üzvləri sayğaca heç bir müdaxilə etməmiş, istifadə etdikləri təbii qazın dəyərini vaxtında ödəmişlər. Sayğaca onun və ya ailə üzvlərinin müdaxiləsi sübuta yetirilmədiyindən cavabdeh onun barəsində qanunsuz akt tərtib edərək maddi ziyan hesablayaraq ondan ödənilməsini tələb edir. Ona görə də Azəriqaz İB-nin 16.11.2021-ci il tarixli ******* saylı aktının ləğv edilməsinə, onun barəsində hesablanan 216 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X3 nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazında göstərmişdir ki,1402AZ**********12 nömrəli sayğacın yoxlaması barədə 29/1710-03036-1 nömrəli akt əsasında sayğacın plastmas borusunun deşik olması barədə rəy verilmişdir. Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə Azəriqaz İB-nin direktoru tərəfindən 18.10.2018-ci il tarixdə təsdiq edilmiş təlimatın 30-cu hissəsində yuxarıda qeyd edilən qüsur müdaxilə kimi qiymətləndirilmişdir. Rəy əsasında təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16.11.2021-ci il tarixli ******* saylı akt üzrə dəymiş zərərin məbləği 216 manat hesablanaraq abonentin saldosuna daxil edilmişdir. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin 2.3.4-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavlə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsi olaraq müəyyən edilmişdir. Saldodan qaz itkisinin baş verdiyi təsbit olunan dövrlə növbəti ilin eyni dövrləri arasında edilən ödənişlər arasındakı kəskin fərq asanlıqla görünür. 2020ci ilin iyun-avqust ayları üzrə ödəniş 36 manat, 2021-ci ilin iyun-avqust ayları üzrə 85,85 manat. Sayğaca müdaxiləyə maraqlı olan şəxs və faydalanan yeganə şəxs istehlakçı olmuşdur. Ona görə də iddiaçı Piriyev Sübhan Fərhad oğlunun Azəriqaz İB-yə qarşı 216 manat borcun silinməsi tələbinin rədd edilməsini xahiş edir. Cavabdeh X3 nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə cavabdeh Azəriqaz İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X3 əməkdaşları tərəfindən tərtib olunan qaz sayğacının yoxlanılması barədə 12.11.2020-ci il tarixli MSK-29/1710-03036 saylı aktın surətindən müəyyən olunur ki, Azəriqaz İB-nin Socar 10.09.2020-ci il tarixli telefonoqramına əsasən 22.09.2020-ci il tarixdə əhali sektorunda istismarda olan BRQS Departamentindən Metrologiya Departamentinə gətirilmiş 1402AZ**********12 saylı sayğaca baxış zamanı sayğacın çıxış plasmas borusunun deşilməsi müəyyən edilmişdir. X3 əməkdaşları tərəfindən tərtib olunmuş 16.11.2020-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus yaşayış sahəsinə baxış keçirilən zaman akt № MSK-29/1710-03036 saylı rəyinə əsasən 1402AZ**********12 saylı sayğacın çıxış plasmas borusunun deşilməsi aşkar olunmuş, dəymiş ziyanın hesablanması qərara alınmış, İddiaçı aktı imzalamaqdan imtina etmişdir. X3 30.11.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş 30.11.2021-ci il tarixli ******* saylı akta əsasən qaz sayğacının nominal qaz sərfi 4 m3 orta gündəlik iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə cəmi 2160 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Bakı Regional Qazın Satışı Departamentinin 15.10.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, İddiaçı istifadəsində olmuş G-4 markalı 1402AZ**********12 nömrəli qaz sayğacının növbəti dövlət yoxlamasına göndərilməsi məqsədi ilə 13.08.2020-ci il tarixdə sonradan ödənişli, yeni qaz sayğacı ilə əvəzlənmişdir. Çıxarılan qaz sayğacı Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar vəİstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitunun nümayəndəsi) nəzarəti altında Azəriqaz İB-nin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilmiş və sayğacların müayinəsi laboratoriyasının 30.10.2020-ci il tarixli MSK 29/1710-03036-1 saylı aktına əsasən, “Sayğaca baxış keçirildi. Sayğacın çıxış plastmas borusu deşilib” rəyi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.9.-cu bəndinə əsasən zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə zədələnmiş qaz sayğacının təmir olunması texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması istehkalçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydalara 2 nömrəli əlavə ilə təsdiqlənmiş “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın aıqı-satqı müqaviləsi”nin (müqavilə) 2.2.4-cü yarımbəndinə uyğun olaraq aşkar olunmuş nöqsanlar müvafiq qaydada rəsmiləşdirilərək baxılması üçün aidiyyati dövlət orqanlarına göndərilir və yalnız təqsirli səbəbindən qaz sayğacı yararsız vəziyətə düşərsə onun təmiri, dəyişdirilməsi istehlakçıdan tələb edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən qaz sərfiyyatına görə ona 216 manat ziyan hesablamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 216 manat ziyan hesablamışdır. Ona görə də məhkəmə iddiaçının 16.11.2021-ci il tarixli ******* saylı aktın ləğv edilməsinə, istehlakçıdan tələb olunan 216 manatın silinməsinə dair iddia ərizəsini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. X3 16.11.2021-ci il tarixli ******* saylı aktı ləğv edilsin. X3 İddiaçı qaz sərfiyyatına görə tələb etdiyi 216 manat silinsin. X2 dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-841/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-841/2022
19.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver