Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-856/2025 17.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı mülki iş üzrə (Açar sözlər: əsassız yazılmış borcun silinməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı cavabdeh “Azərişıq” İB-yə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İstehlakçı kimi hüquqlarının bərpa edilməsi və hesablanmış 4176 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2010-cu ildə "xxxx" MTK-dan ünvan 2 mənzili almış və 2012-ci ildə öz adına qeydiyyatdan keçirmişdir. Elə həmin ildə də bina qazla təchiz edilmişdir. İddiaçı daima olaraq digər evdə yaşadığından həmin mənzilə az-az gedib-gəlib. Mənzilin qaz sayğacında müxtəlif problemlərin olması, tez-tez “kod”a düşməsi səbəbindən, mənzilə qazın gəlməməsi ilə bağlı dəfələrlə Binəqədi Rayon Qaz İdarəsinə müraciətlər olunub. Mənzildə qaz olmadığından elektrik enerjisindən istifadə edilirdi. Müraciətlərdən sonra xx.xx.2024-cü il tarixdə qaz işçiləri mənzilə gələrək sayğacı dəyişmişlər. Sayğac dəyişilərkən iddiaçıya bildirilmişdir ki, 144 manat ödəniş etdikdən sonra borcdan silinmə olacaq və mənzilə qaz veiləcək. İddiaçı 144 manat ödəniş etdikdən sonra mənzilə qaz verilmişdir. Lakin iddiaçıya sonradan məlum olmuşdur ki, ona qaz sərfiyyatına görə əsassız olaraq 4176 manat borc yazılmışdır. Qeyd edilənlərə əsasən iddiaçı əsassız yazılmış borcun silinməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, onun mənzili binanın 18-ci mərtəbəsində yerləşir və sayğac mənzilin eyvanında quraşdırılıb. Həmin binanın qaz xəttinin son hissəsi onun eyvanında yerləşdiyindən və boru sayğacdan keçdiyindən, həmin boruda olan qaz sızıntısı nəticəsinə sayğacda əlavə sərfiyyat yaranmışdır. Həmçinin bildirdi ki iş üzrə verilmiş rəylə razıdır və heç bir etirazı yoxdur.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini, iddia tələbinin əsassız olduğunu bildirdi. Həmçinin iş üzrə verilmiş rəydə kubmetrə görə istifadə haqqının 0.10 qəpik ilə hesablandığını, həmin dövrdə isə 0.20 qəpiklə hesablanmalı olduğunu bildirərək, rəylə razılaşmadığını qeyd etdi.
Mülki işin materialları:
5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir.
6. Abonent saldosundan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən mənzilə tərtib olunan aktlar üzrə tələb olunan qaz sərfiyyatına görə borc 2024-cü ilin iyun ayı üçün 4176 manat təşkil edir.
7. Ödənişlərə dair abonent kartından görünür ki, ünvan 1 üçün qaz sərfiyyatına görə 2012-ci ildən 2013-cü il tarixədək və 2024-cü il tarixdə cəmi 251 manat (2270 m3 sərfiyyat) ödəniş edilmişdir.
8. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimləmə Agentliyi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanı üçün illər üzrə sərfiyyat nəzərə alınmaqla, ümumi borcun 2493.66 manat təşkil edə bilməsi qeyd edilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
9. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
10. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
11. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
12. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
15. 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
16. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
17. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun:
18. 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
19. 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.
20. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun:
21. 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
22. 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın:
23. 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
24. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.
25. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
26. 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
27. 5.2-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
28. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
29. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
30. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
Məhkəmənin mövqeyi:
34. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən əsaslıdır və qismən təmin edilməlidir.
35. Müəyyən edildi ki, cavabdeh tərəfindən tərtib olunmuş akta əsasən ünvan 1 ünvanında abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən olunmuş və buna görə itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. Lakin iş materiallarındam görünür ki, akt iddiaçının iştirakı olmadan tərtib edilmiş, istehlakçı tərəfindən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilməmişdir.
36. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə mənzildə qaz sayğacı ******* saylı akta əsasən dəyişdirilərkən sayğacın (plombun) çıxarılma səbəbi kimi ekranın sönməyi qeyd edilsə də, mənzil mülkiyyətçisi tərəfindən sayğaca hər hansı bir müdaxilənin olub-olması qeyd edilməmiş lakin iddiaçıya qaz sərfiyyatına görə ona ziyan hesablanmışdır.
37. İddiaçı həmçinin binanın qaz xətt borusunun onun mənzilinin eyvanından keçən hissəsindən sızma olması və həmin sızma nəticəsində sayğacının əlavə sərfiyyat yazmasını bildirsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.
38. Mütəxəssis tərəfindən verilmiş rəydən görünür ki, cavabdeh borcu illər üzrə hesablamaqla təxminən 2493.66 manat təşkil edə bilər.
39. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini qismən tapdığından iddia tələbi əsaslıdır, ona görə də iddia ərizəsi qismən təmin edilməlidir.
40. Belə ki, Cavabdeh İB tərəfindən iddiaçıya 4176 manat borc hesablansa da Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimləmə Agentliyi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının sərfiyyata görə borcu 2493.66 manat təşkil edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçıya əsassız olaraq yazılmış 1684.34 manat (4176-2493.66=1684.34) borc silinməlidir.
41. Bundan başqa məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin iş materiallarından görünür ki, cavabdeh tərəfindfən qeyd olunanlara əməl olunmamışdır.
42. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilməli, ünvan 2 ünvanında yerləşən mənzilə dair İddiaçı adına hesablanmış 1684.34 manat məbləğində cərimə borcu əsassız olduğundan silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
44. “Dövlət rüsumu” haqqında qanunun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.
45. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddia tələbi qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən mənzilə dair İddiaçı adına əsassız hesablanmış 1684.34 (bir min altı yüz səksən dörd) manat məbləğində əsassız yazılmış borc (cərimə) silinsin. Cavabdeh İB-dən 36.84 manat (otuz altı manat səksən dörd qəpik) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova