Məhkəmə qərarları › İş №2(001)-873/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-873/2024

16.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-873/2024 16.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 1555 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Bildirmək istəyirəm ki, Binəqədi rayonu Qaz istismar Sahəsini əməkdaşları tərəfindən 19 aprel 2023-cü il tarixli ******* nömrəli akt tərtib olunmuş və həmin akta əsasən “Sayğacın hesablama mexanizminin qoruyucusu şüşənin üzərinə vurulan zavod plastmas plombların üzərində və yuvasının ətrafında əzik-cızıq izlərin olması barədə akt tərtib edilmiş və mənə dəymiş ziyanın ödənilməsi bildirilmişdir. Daha sonra həmin problemin olmasına əsasən ona qarşı 1555 manat cərimə kimi hesablanmışdır. Bildirmək istərdim ki, Binəqədi rayon Qaz istismar İdarəsinin əməkdaşları qaz sayğacına baxış keçirdikdə evdə heç kim olmamışdır. Bundan başqa qeyd etmək istərdim ki, qaz sayğacı evin içərisində deyil çöl ərazisində quraşdırılmışdır. Həmin əməkdaşlara qarşı öz şikayətimi bildirdikdə bütün bu kimi hallar yalnız məhkəmə qaydasında məhkəməyə müraciət edərək həll olunmasını ona bildirilmişdir. Asan Xidmət mərkəzinə müraciət etdikdən sonra ona verilən abonent saldosunda 1555 manat borcun hesablanması aprel ayından etibarən hesablanması göstərilmişdir. Bir daha qeyd etmək istərdim ki, ona qarşı tərtib edilmiş akt əsassız və qanunsuzdur. Belə ki, abonent saldosuna diqqət yetirdikdə görmək olar ki ümumi olaraq qaz sərfiyyatı orta hesabla maksimum olaraq 60-80 manat aralığında təşkil olunsa da tərtib edilmiş cərimə gülməli və məntiqsizdir. Həmin aydan etibarən ödəniş etsə də borc qalmaqda davam edir. Özlərinə bu barədə şikayət etdikdə cərimənin ödənilməsini dəfələrlə ona bildirilmişdir. Ödəməyəcəyi təqdirdə isə qaz xəttinin kəsiləcəyini ona bildirilmişdir. Onun hazırki maddi imkanın 1555 manat borcun silinməsinə çatmır. Hazırda tərtib edilmiş borcun silinməsi üçün ona qarşı tərtib olunmuş qanunsuz borcun ödənilməsinə maddi imkanı çatmır. Bütün bunları nəzərə alaraq sonda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, sayğac səsli işlədiyi üçün Azəriqaza müraciət etmiş və Azəriqazın əməkdaşları ünvanına gələrək sayğacı dəyişdirdilər. Daha sonra isə barəsində akt tərtib olunmuş və ona əsassız olaraq 1555 manat borc hesablanmışdır. Onun sayğacı mexaniki olduğundan hər ay Cavabdeh İB-nin əməkdaşı sayğacı yoxlayırdı. O və ailə üzvləri sayğaca hər hansı müdaxilə etməmişdir. Azəriqaz mexaniki sayğacı dəyişdirdikdən sonra yenə də mexaniki sayğac quraşdırdılar. Onların evində kombi yoxdur. Onlar evdə dördgöz qazdan, iran peçindən və kalonkadan istifadə edirlər. Aylıq ödənişləri qış aylarında 40 manatdan artıq, digər aylarda isə 25-30 manat arası təşkil etmişdir. Ümumiyyətlə evi çox vaxt odun peçi ilə qızdırırlar. Evi 2001-ci ildə almışlar və 4 otaqdan ibarətdir. Əvvəlcə qaza plob vurulub verilməsi dayandırılmışdırsa, müvəqqəti təminat tədbirindən sonra qazın verilməsi təmin edilmişdir. Buna baxmayaraq, ehtiyat edərək hazırda qazdan istifadə etmirlər. Eyni zamanda bir daha xatırlatmaq istəyir ki, cavabdehin dediklərinin əksinə, qonşunun məlumatına əsasən sayğacın səsli işlədiyinə görə elə onların özü aprel ayında Azəriqaza müraciət etmişlər. Onlara sayğaca görə borc yazılmasından bir neçə ay sonra məlumatları olmuşdur.

4. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməsə də, nümayəndəsi iddiaya etirazını və ona əlavə edilmiş sənədləri elektron qaydada məhkəməyə təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, idda əsassız olduğundan rədd edilməlidir. Belə ki, “Azəriqaz “ İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00000 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış **********7 sayğac çıxarılaraq yoxlanılması üçün “Azəriqaz “ İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK-14-2-2/3- 5-4020-1 saylı AKT-a əsasən “sayğacın hesablama mexanizminin hərəkətə gətirən dişli çarxın kənar təsir nəticəsində kəsildiyi aşkar olundu, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri var, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” AKT tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 12960 kub.m təşkil etmişdir. Hesablanmış 1555.2 manat məbləğində dəymiş ziyan 2023-cü ilin aprel ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. Abonent koduna hesablanaraq vurulmuş məbləğ sağacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

5. ünvan 1 ünvanında yerləşən evə Azəriqaz tərəfindən **********00000 abonent kodu verilməklə təbii qazın alqı-satqısı barədə İddiaçı ilə müqavilə bağlanılmışdır. Sayğac səsli işlədiyi üçün abonent “Azəriqaz “ İB-nə müraciət etmiş və sonuncunun nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixdə abonentin sayğacına baxış keçirilmiş, bu barədə “qazın sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli AKT tərtib edilmişdir. Sayğac qazı buraxmadığına görə Abonentin Zenner tipli, G-4 markalı, **********8 seriya nömrəli mexaniki sayğacı çıxarılmış və çıxarılan sayğac yenə mexaniki tipli **********7 seriya nömrəli qaz sayğacı ilə əvəzlənmişdir. Həmin akt istehlakçının nümayəndəsi Abbasov.A tərəfindən imzalanmışdır. Çıxarılan sayğacın mexaniki göstəricisi 05250 kub.m olmuşdur.

6. Bundan sonra sayğac 14 aprel 2023-cü il tarixdə BRQS Departamentinin dövlət yoxlamasına gətirilmiş əhalinin diafraqma tipli qaz sayğaclarına 14 aprel 2023-cü il tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və bu barədə” MSK-14-2- 2/3-5-4020-1 saylı AKT tərtib edilmişdir. Həmin akt-da qeyd edilmişdir ki, baxış keçirilən **********8 seriya nömrəli, Zenner tipli, G-4 markalı, mexaniki göstəricisi 5250 kub.m olan sayğaca baxış keçirilmiş, sayğac ilişərək işlədiyindən daxilinə baxan zaman onun hesablama mexanizmini hərəkətə keçirən dişli çarxın kənar təsir nəticəsində kəsildiyi aşkar olundu. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri var. Sayğac istismaraq yararsızdır və qüsura görə nəticəsi qaz itkisi müdaxilə kimi qiymətləndirilmişdir.

7. Bunun əsasında Cavabdeh İB-nin BRQSD-nın Binəqədi üzrə qrup rəhbəri, mühəndis və çilingər tərəfindən xx.xx.2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT tərtib edilmişdir. Həmin akt-da yalnış olaraq abonentə yeni quraşdırılmış **********7 seriya nömrəli sayğacın yoxlanıldığı qeyd edilmişdir ki, hansı ki, çıxarılan və yoxlamadan keçən sayğacın zavod seriya nömrəsi **********8 olmuşdur. Bununla belə baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri vardır.

8. Həmin AKT-a əsaslanaraq BRQSD-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən 30 aprel 2023-cü il tarixdə “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə tərtib edilmişdir. Həmin tələbnaməyə əsasən qaz sayğacının maksimal qaz sərfi 6 kub.m orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcminin 12960 kub.m olduğu ehtimal edilmişdir.

9. Bundan sonra itirilmiş qazın həcminin dəyəri olaraq 1555.2 manat borc kimi abonentin koduna hesablanmışdır.

10. İddiaçı sayğacının mexaniki olduğuna görə hər ay Cavabdeh İB-nin nümayəndələri tərəfindən sayğaca əyani baxış keçirilməklə hesabat təqdim etdiyinə əsaslanaraq, onun tərəfindən sayğaca hər hansı müdaxilə faktının müəyyən edilmiş olmasını məntiqsiz hesab edir. Bununla yanaşı cavabdehin onun tərəfindən sayğaca müdaxilə etdiyi qənaəti ilə onun sayğacın işləmədiyi barədə Cavabdeh İB-nə məlumat verməsi və bunun əsasında sayğacın dəyişdirildiyi arasında ziddiyət vardır. Hansı ki, sayğac məhz qazı buraxmadığına görə o Cavabdeh İB-nə müraciət etmiş və bundan sonra sayğacın həqiqətən də işləmədiyi müəyyən edilərək yenisi ilı əvəzlənmişdir.

11. Cavabdeh tərəf isə iddianı ona görə əsassız və yazılan cəriməni ona görə əsaslı hesab edir ki, istehlakçı tərəfindən sayğacın hesablama mexanizmi kənar təsir nəticəsində kəsilmişdir və sayğaca müdaxilə edilmişdir. Nəticədə istehlakçının hüquqa zidd və təqsirli hərəkətləri nəticəsində onlara ziyan vurulmuşdur. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

12. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun:

13. 13-cü maddəsinin 8-ci bəndində əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

14. Həmin maddənin 8-1-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

15. 9-cu maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

16. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

18. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

19. Həmin qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

20. Həmin qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

21. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

22. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

23. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

24. Həmin qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

25. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

26. Həmin qaydaların 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

27. 6.5-1.-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: - sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; - əvvəlki dövrün orta gündəlik qaz sərfi; - istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.

28. 6.5-2-ci maddəsinə əsasən İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

29. 6.5-4-ci maddəsinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

31. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

34. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

35. İşin halları ilə müəyyən edilir ki, iddiaçı ona hesablanmış borcun əsassız olduğunu və hər hansı hüquqa zidd əməl törtətmədiyinə görə cavabdehin hərəkətinin qanunsuz olduğunu və borcun silinməsini tələb edir.

36. Cavabdeh tərəf isə iddiaçının hüquqa zidd əməl törətmiş olmasını tərtib edilən AKTlarla sübut etməyə çalışır.

37. Məhkəmə göstərilən normaları və işin müəyyən edilmiş faktiki hallarını dəyərləndirərək o qənaətə gəlir ki, Cavabdeh tərəfindən vurulmuş zərərin həcmi qismində 1555 manat məbləğində abonentə borc hesablaması əsassız olmuşdur.

38. Belə ki, əvvəla sayğaca müdaxilə faktı öz təsdiqini tapmır. Çünki sayğac çıxarılan zaman sayğacın plombu yerində olmuş və sayğacın qazı buraxmadığı, yəni faktiki olaraq işləmədiyi müəyyən edilmişdir. Hansı ki, sayğacın işləməsi müxtəlif səbəblərdən, xüsusilə də onun istismar müddətinin bitməsinə görə mümkündür. Sayğacın işləməməsi zamanı istehlakçının məsuliyyəti yalnız onun sayğaca hər hansı qanunsuz müdaxiləsinin sübut edildiyi halda yarana bilər. Lakin tədqiq edilmiş sübutlar o qənaət yaradır ki, Cavabdeh İBnin tabeliyində olan Metrologiya Departamenti tərəfindən tərtib edilən AKT-la “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” AKT arasında uyğunsuzluq vardır. Belə ki, birliyin nümayəndələri abonentə ona görə itirilmiş qazın dəyəri kimi borc hesablamışdır ki, sayğacın qoruyucu şüşəsinin üzərində yerləşən plombda və yuvasının ətrafında əzikcızıq izləri vardır. Halbuki həmin izlər istənilən səbəbdən yarana bilər və sayğacı bu cür təsirlərdən qorumaq abonentin vəzifəsi deyildir. Bununla belə istehsalçının mövqeyi o zaman əsaslı və məntiqli ola bilərdi ki, hər hansı müdaxilənin nəticəsində, yəni hər hansı hüquqazidd əməlin nəticəsində abonent nəsə əldə etmiş olsun. Halbuki, qaz sayğacı abonentin müraciəti əsasında qazı buraxmamasına görə çıxarılmışdır. Bundan əlavə çıxarılan sayğac mexaniki olmuş və hər ay birliyin nümayəndələri tərəfindən sayğaca baxış keçirilərək sayğac göstəricisinə uyğun olaraq hesabat təqdim edilmişdir. Üstəlik sayğac çıxarılan zaman onun mexaniki göstəricisi qaz sərfiyyatının məqsədyönlü şəkildə az göstərildiyi qənaəti yaratmamışdır. Çünki sayğacın çıxarıldığı aprel ayınadək abonent tərəfindən 2023-cü ilin yanvar ayında 735 kub.m qaz sərfinə görə 88.2 manat, fevral ayında 484 kub.m qaz sərfinə görə 58.08 manat, mart ayında 202 kub.m qaz sərfinə görə 40.4 manat, sayğac çıxarıldıqdan sonra isə aprel ayında 89.4 manat, may ayında 32.8 manat, iyun ayında 12 manat ödəniş edilmişdir.

39. Odur ki, abonentin sayğaca müdaxilə etməsi faktı təsdiq olunmadığından və tədqiq edilən abonentin saldosu istehlakçının qazdan istifadəsi nəticəsində əsassız varlanma və hər hansı hüquqdan sui istifadə qənaəti yaratmadığından məhkəmə hesab edir ki, iddia əsaslıdır və hesablanmış 1555 manat borc abonentin hesabından silinməlidir. Tətbiq edilən prosessual normalar

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

41. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

42. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir

43. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir

44. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə

45. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

46. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır

47. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

48. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:

49. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 1555 manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu **********00000) silinməli və istehlakçının ödəməkdən azad olduğu 35.5 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

50. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 1555(min beş yüz əlli beş) manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu:**********00000) silinsin. Cavabdehndən 35.5 (otuz beş manat əlli qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar