Məhkəmə qərarları › İş №2(001)-8742/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8742/2021

16.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8742/2021 16.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı Cavabdeh qarşı “müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı “müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında 12 dekabr 2008-ci il tarixdə Xırdalan şəhəri, R.Axundov küçəsi 39 ünvanında inşa edilən binanın 1-ci giriş, 6-cı mərtəbəsində yerləşən sahəsi 119,50 kv.metr olan 3 otaqlı 32 saylı, 2-ci giriş, 5-ci mərtəbədə yerləşən sahəsi 124,91 kv.metr olan 3 otaqlı 95 saylı mənzillərə dair cavabdehdən pul vəsaiti alınıb cəmiyyətin xəzinəsinə mədaxil edilmədən müqavillər bağlandığından, yəni yuxarıda göstərilən müqavilələr (əqdlər) maliyyə arayışları Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla tərtib edildiyindən etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, həmin mənzillərə dair öz niyyətini qanunla müəyyən edilmiş formada ifadə etməyən cavabdehin yanlış məlumatı əsasında onunla müqavilələr bağlanmış, həmin mənzillərin dəyərinin guya tam qəbul edilməsinə dair kassa mədaxil orderləri və maliyyəti arayışları verilmiş, həmçinin həmin sənədlərə imza edilib möhür vurulmuşdur. Həmin mənzillərə dair rəsmiləşdirmə aparılsa da, cavabdehdən pul vəsaiti alınıb MMC-nin xəzinəsinə mədaxil edilməmiş, göstərilən sənədlər cavabdehə formal, yəni onun yalan məlumatı əsasında verilmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.4cü maddəsində əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hazırki iddia ərizəsinin mahiyyəti tərəflər arasında 12 dekabr 2008-ci il tarixdə bağlanmış müqavilələrin və onun əsasında verilmiş maliyyə arayışlarının etibarsızlığı ilə bağlıdır. İddiaçı iddia edir ki, həmin müqavilələr üzrə cavabdeh tərəfindən ödəniş edilməmiş, sənədlər cavabdehə formal olaraq verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(012)-498/2021 saylı qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh ve qeyrilərinin cavabdeh İddiaçınə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi tələbinə dair iddiası təmin edilmiş, Xırdalan şəhəri, R.Axundov küçəsi 39 ünvanında inşa edilən binanın (1-ci bina) 6-cı mərtəbəsində yerləşən sahəsi 119,50 kv.metr olan 3 otaqlı 32 saylı mənzilin və (2-ci bina) 5-ci mərtəbədə yerləşən sahəsi 124,91 kv.metr olan 3 otaqlı 95 saylı mənzilin Cavabdeh təhvil verilməsi öhdəliyinin icra edilməsinin İddiaçı üzərinə qoyulması qət edilmişdir. “Azemis” Elektron informasiya sistemindən sorğulanmış məlumatlardan görünür ki, qeyd olunan mülki iş hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. İddia tələblərinin mahiyyətini müqayisəli şəkildə təhlil edərək, belə qənaətə gəlirəm ki, mübahisə eyni tərəflər arasında, eyni predmet barəsindədir. İddianın əsası ilə bağlı isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edirəm. Belə ki, hüquqi müəyyənlik prinsipinin mahiyyəti digər məsələlərlə yanaşı həmçinin, onu nəzərdə tutur ki, qanuni qüvvəyə minmiş qətnamə ilə həll olunmuş mübahisələr üzrə ikinci dəfə məhkəmədə eyni iddianın qaldırılması ona mahiyyəti üzrə baxılması, həmçinin həmin işlər üzrə qəbul edilmiş qətnamədən verilmiş şikayətlərin mahiyyəti üzrə yoxlanılması yolverilməzdir. Ona görə ki, bu hal qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyini və işlərə baxılmasının səmərəliliyini şübhə altına qoyur. Eyni zamanda bu qayda artıq həll olunmuş mübahisənin yenidən ayrı icraatda mübahisələndirilməsinə yol açmaqla şəxslərin ədalət mühakiməsinin mötəbərliyinə olan inamını pozur. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, hazırki iddia üzrə iddiaçı cavabdehlə arasında bağlanmış müqavilələrin etibarlılığını mübahisələndirir, digər mülki iş üzrə isə iddiaçı etibarlı hesab etdiyi müqavilələrə əsasən əldə etdiyi mənzillərin ona təhvil verilməsini tələb edir. Məsələyə bu prizmadan yanaşdıqda, qəbul ediləcək məhkəmə aktları əsasında ziddiyyət yarana bilər. Belə olan halda hüquqi müəyyənlik prinsipi və şəxslərin ədalət mühakiməsinin mötəbərliyinə olan inamı pozulmuş olar. Bu səbəbdən hesab edirəm ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olduğundan hazırki iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1 və 114.1.2-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir.; 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü və 263-264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsinə əlavə olunmuş sənədlər, o cümlədən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətinə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar