Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-876/2022 31.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər 1988-ci ildə rəsmi nikaha daxil olmuş, 2014-cü ildə aralarında olan münasibət pisləşmiş, 2020-ci ildə nikahları pozulmuşdur. Boşanmadan sonra tərəflər arasında əmlak mübahisəsi olmuşdur. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, ev 20 a, 48 saylı mənzili və Görədil qəsəbəsində olan torpaq sahəsinin və bağ evi əmlaklarının bərabər paylara bölünməsinə dair iddia qaldırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində mülki iş üzrə araşdırma aparılmış və 02.04.2021-ci il tarixli, 2(001)- 2095/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı nikah dövründə əldə edilmiş birgə əmlakların bölünməsi tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.06.2021-ci il tarixli, 2(103)5681/2021 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin məhkəmənin qərarı qanuni qüvvəsinə minmişdir. Cavabdeh hazırda faktiki olaraq ünvan 1 ünvanda yaşayır, 2014-cü ildən öz hüquqlarından sui-istifadə edərək iddiaçını mənzilinə buraxmır, iddiaçı öz əmlakından istifadə edə bilmir. Bu şəraitdə tərəflərin bir mənzildə yaşaması qeyri-mümkündür. Cavabdehə 6000 manat kompensasiya ödənilib onun mənzilə istifadə hüququna xitam verilməklə, iddiaçı mülkiyyətçi kimi yaşayış sahəsinə hüquqlarını tam bərpa edib həyata keçirə bilər. Cavabdehin adında daşınmaz əmlak mövcuddur – Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsində 0.10 ha sahəli 412 a saylı bağ torpaq sahəsi hal hazırda Cavabdeh mülkiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, o, halhazırda Görədil qəsəbəsində yerləşən bağ evində yaşamaq məcburiyyətindədir. Bu yaxında koronavirus xəstəliyinə tutulmuş və təcili yardım çağıranda, yaşadığı əraziyə heç təcili yardım da gedib çıxa bilməmişdir. Hal-hazırda xəstəlikdən sonra tam olaraq sağalmamış və bağ sahəsində yaşamaq məcburiyyətində olması səhhətinə mənfi təsir göstərir. İddia ərizəsində təklif etdiyi kompensasiyanın məbləğini 8000 manatadək, lap zərurət yaransa, dost-tanışdan borc alaraq, 9000 manatadək artıra bilər. Əsas odur ki, evində yaşamaq imkanını qazanmış olsun. Cavabdeh adına da bağ sahəsi var. İstəsə idi çoxdan həmin sahəni satıb, özünə bir mənzil ala bilərdi. Cavabdehin məqsədi iddiaçını evindən etməkdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh 06.01.2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və məhkəməyə bildirmişdir ki, iddia tələbini qəbul etmir, onun hal-hazırda yaşadığı mənzildən başqa mənzili yoxdur, iddiaçının təklif etdiyi məbləğ isə ağlabatan deyil. İddiaçı ona ya bir otaqlı mənzil, ya da 50000 manat məbləğində pul verməlidir. Həmin iclasda cavabdeh yazılı etirazının məhkəməyə təqdim edilməsi üçün məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə tərəfindən onun şifahi vəsatəti təmin edilmiş, lakin cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 02.04.2021-ci il tarixli, 2(001)-2095/2021 saylı qətnaməsində aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı Cavabdeh İddiaçı qarşı nikah dövründə əldə edilmiş birgə əmlakların bölünməsi tələbinə dair iddia ərizəsi ilə, daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə etdikləri ümumi əmlaklar olan və cavabdehin adına xüsusi mülkiyyətlər kimi qeydiyyatdan keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan MH seriyalı 00356686 nömrəli, 30 avqust 2006-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən 20a nömrəli, 5 mərtəbəli, ümumi sahəsi 39,6 kv.m olan 2 otaqlı 48 saylı mənzilin və MA seriyalı, ******* nömrəli, 17 aprel 2010-cu il tarixli çıxarışa əsasən 0,10 ha (1.000 kv.m) torpaq sahəsi və 2 mərtəbəli, ümumi sahəsi 140,68 kv.m olan bağ evinin və ticarət obyekti kimi istifadə edilən (hal-hazırda icarəyə verilmiş) sahənin 1/2 hissədə (bərabər payda) bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ... Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Bəhlulzadə Səttar küçəsi, 20 nömrəli evin 48 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçirilmiş və bu barədə 30 avqust 2006-cı il tarixdə qeydiyyat aparılmışdır. ... AZ-İ seriyalı, 716609 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 24 oktyabr 2014-cü il tarixdə ölmüşdür. İİ-ИE seriyalı 146394 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X6, anası X2r. X4 (satıcı) ilə X8 (alıcı) arasında bağlanmış 20 iyun 2006-cı il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı ona məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsi, 1 nömrəli fərdi yaşayış evi 44.800 manata alıcıya satmışdır. X7 (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış 22 iyul 2006-cı il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 20a saylı evin 48 saylı mənzilini 29.337 manata alıcıya satmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 fevral 2014-cü il tarixli, 2(001)- 762/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh iddiası təmin edilmiş, iddiaçı Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən 20 saylı evin 48 saylı mənzilinə istifadə hüququnun tanınması qət edilmişdir. Həmin qətnamənin təsviri hissəsində iddiaçı Cavabdeh izahatında bildirmişdir ki, ...o, cavabdehlə ailə qurduğu zamandan Əhmədin atasının mülkiyyətində olan Binəqədi qəsəbəsindəki evə gəlin köçmüş, orada bir müddət yaşadıqdan sonra həmin ev kompensasiya ödənilməklə sökülmüşdür. Bundan sonra alınmış kompensasiyadan cavabdehgilə pul verilmiş, hal-hazırda yaşadıqları və cavabdeh olan həyat yoldaşının adına olan Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən 20 saylı evin 48 saylı mənzilini almışlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(001)- 4834/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 02 iyun 1988-ci il tarixdə Bakı şəhəri Sabunçu (keçmiş Lenin) rayon qeydiyyat şöbəsində bağlanmış 589 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 2 ünvanlanmış 06 noyabr 2020-ci il tarixli, **********13 nömrəli məktubundan görünür ki, İddiaçı adına 27 saylı DNK-nın 22 iyul 2006-cı il tarixli, 4Ə03/446 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 30 avqust 2006cı il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 20 a, mənzil 48 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ... Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər 02 iyun 1988-ci il tarixdə nikaha daxil olmuş və həmin nikahdan bir övladları anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra cavabdehin mərhum atasının mülkiyyətində olan ünvan 3 ünvanında yaşamışlar. Həmin ev vərəsəlik qaydasında cavabdehin anasına keçmiş və 20 iyun 2006- cı il tarixdə həmin ev alqı-satqı müqaviləsi ilə cavabdehin anası tərəfindən 44.800 manata özgəninkiləşdirilmişdir. 22 iyul 2006-cı il tarixdə isə Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 20 a saylı evin 48 saylı mənzili cavabdeh tərəfindən 29.337 manata alqı-satqı müqaviləsi ilə alınmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən iddiaçının həmin mənzilə istifadə hüququ tanınmışdır. Bundan əlavə, Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən sahəsi 0.10 ha olan 412 saylı bağ sahəsi və üzərindəki tikililərlə icarəyə verilməsinə dair keçmiş X1 və İstismarı Birliyi ilə cavabdehin atası X6 arasında 06 yanvar 1995-ci il tarixdə müqavilə bağlanılmışdır. İcarədarın vəfatından sonra isə 12 may 2005-ci il tarixdə sözügedən bağ sahəsi onun ailə üzvlərinin notarial qaydada təsdiq olunmuş yazılı ərizələrinə əsasən İddiaçı adına keçirilmişdir. A 251970 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə və Binəqədi rayon İcra Hakimiyyətinin 19 mart 2010-cu il tarixli 38 saylı sərəncamından çıxarışa əsasən 17 aprel 2010-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 412 saylı bağ evi cavabdehin adına qeydiyyatdan keçirilmişdir və hazırda onun mülkiyyətindədir. Habelə, Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən 412a saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X3 və İstismar Birliyi ilə Cavabdeh arasında 08 aprel 2005-ci il tarixli, 25774 saylı müqavilə bağlanılmış, həmin müqaviləyə və ləğv edilmiş Dövlət Torpaq və Xərtiəçəkmə Komitəsi tərəfindən 15 yanvar 2010-cu il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 412a saylı torpaq sahəsi 23 fevral 2010-cu il tarixdə X5 adına dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). İş materiallarında olan 14.02.2022-ci il tarixli, UNİ/F 104-334/22 saylı rəydən görünür ki, ünvan 4 ünvanda yerləşən mənzilin orta aylıq icarə dəyəri 14.02.2022-ci il tarixə 300 manat; bazar dəyəri isə 73300 manat təşkil edir. Qanunverici mülkiyyət hüququnun məhdudlaşdırılma əsaslarından biri olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi imkanını müəyyən etməklə, bu imkanı müəyyən şərtlərdən aslı etmişdir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Göründüyü kimi, qanunverici yaşayış binasının tərkib hissəsindən istifadə hüququna adi əsasla deyil, məhz müvafiq kompensasiya ödənilməklə xitam verilməsi qaydasını müəyyən etmişdir. Bu zaman nəzərə alınmalıdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin (Konstitusiya Məhkəməsinin Plenumunun R.Ağalarovun şikayəti üzrə 26.09.2007-ci il tarixli qərarı). Konstitusiya Məhkəməsinin mövqeyindən də aydın olur ki, yaşayış sahəsindən istifadə hüququna müvafiq kompensasiya verilməklə xitam edilməsi institutu yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakı üzərində heç bir yüklülük olmadan istədiyi formada və sərbəst şəkildə davranmasını təmin etməklə yanaşı, həmçinin yaşayış sahəsindən istifadə hüququna malik şəxslərin oxşar ev şəraitində yaşama ehtiyacının ödənilməsinə yönəlmişdir. Bu səbəbdən, yaşayış sahəsindən istifadə hüququ, mülkiyyət hüququnun qanuni məhdudlaşdırma əsaslarından biri olduğundan həmin hüquqa kompensasiya ödənilməklə xitam verilməsi məhz istifadə hüququna malik şəxslərin həmin kompensasiya məbləği əsasında davamlı şəkildə, əvvəlki mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanına malik olduğu halda mümkündür. O da nəzərə alınmalıdır ki, müvafiq kompensasiyanın verilməsi yaşayış sahəsindən istifadə hüququna malik şəxslərin ev şəraitində yaşama ehtiyacının ödənilməsinə yönəldiyindən, müvafiq hüquqa malik şəxslərin sözügedən ehtiyacların ödənilməsini təmin edən başqa yaşayış sahələrinin olması kompensasiyanın məbləğinə təsir göstərən əsas amillərdən biri kimi çıxış edir”. Məhkəmə iddiaçı tərəfindən sonuncu məhkəmə iclasında təklif edilmiş 9000 manat məbləğində kompensasiyanı tam olaraq qənaətbəxş hesab etmir. Belə ki, iş matariallarında olan rəyə əsasən, cavabdehə əvvəlki mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşaması üçün hər ay təxminən 300 manat pul lazımdır və həmin pulun davamlı şəkildə - ən azı 3 il müddətində ödənilməsi zəruridir. Belə olan halda məhkəmə İddiaçı tərəfindən Cavabdeh 10800 (300x36) manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 20A saylı evin, 48 saylı mənzilindən istifadə hüququna xitam verilməsini ağlabatan hesab edir. İddiaçı 10800 manat məbləğində kompensasiyanın ödənilməsinə münasibətdə məhkəməyə bildirdi ki, mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında iddiaya baxan birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarına müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu iləistifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər”. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı tərəfindən Cavabdeh 10800 manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 20A saylı evin, 48 saylı mənzilindən istifadə hüququna xitam verilməli; Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 20A saylı evin, 48 saylı mənzilindən çıxarılmalı; Cavabdeh mübahisəli mənzildən çıxarılması kompensasiyanın verilməsi ilə eyni vaxtda icra edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 10800 (on min səkkiz yüz) manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 20A saylı evin, 48 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 20A saylı evin, 48 saylı mənzilindən çıxarılsın. Cavabdeh mübahisəli mənzildən çıxarılması kompensasiyanın verilməsi ilə eyni vaxtda icra edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Aparılmış qiymətləndirmənin 300 (üç yüz) manat dəyəri Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, hesab № AZN: AZ15GUNA********************, Bank: Günay Bank ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-876/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-876/2022
31.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver