Məhkəmə qərarları › İş №2(067)-3337/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3337/2025

06.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3337/2025 06.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Ağazadə Nərmin Calal qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, evdən və həyətyanı sahədən çıxarılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri:

1. İddiaçı məhkəmədə iddia qaldıraraq mülkiyyətçi-İddiaçı tərəfindən 3000 manat kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə onların həmin evdən və həyətyanı sahədən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Xaçmaz rayonu, İstisu qəsəbəsi (keçmiş Müqtədir bundan sonra İstisu), Çingiz Mustafayev küçəsi ev 1 ünvanda 0.0616 kvm həyətyanı torpaq sahəsində yerləşən 103,8 kvm ümumi sahədən ibarət fərdi yaşayış evinin mülkiyyətçisidir. Həmin evə mülkiyyət hüququna dair Azərbaycan Respublikası ƏMDX DƏDK və RPH Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarış verilmişdir. Qeyd olunan evdə onun və ailə üzvləri ilə birlikdə cavabdehlər - qardaşı Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 da yaşayırlar. Onların həmin evdə yaşamaları mülkiyyətçi kimi onun Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci maddələri ilə qorunan hüquqlarını məhdudlaşdırır.

3. İddiaçınin nümayəndəsi-vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən Cavabdeh2 3000 manat, Cavabdeh1 1500 manat kompensasiya verilməklə evdən çıxarılma barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:

4. Cavabdehlər etirazlarını yazılı şəkildə məhkəməyə təqdim etməmişlər.

Məhkəmə iclasında verilən izahatlar:

5. İddiaçının nümayəndəsi-vəkili məhkəməyə elektron kabinet vasitəsilə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək qərar qəbul edilməsini xahiş etmişdir.

6. xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh2 iddiaçı ilə ailə üzvü deyil. İstifadə hüququnun olub-olmamasından asılı olmayaraq kompensasiya təklif olunmuşdur, iddiaçı mülkiyyət hüququ olduğu üçün Cavabdeh2 kompensasiya təklif etməyə də bilərdi. Hesab edir ki, iddia tələbi əsaslıdır, cavabdehlər kompensasiya ödənilməklə qeyd olunan fərdi yaşayış evindən çıxarılmalı, iddiaçının mülkiyyətinin tamlığı bərpa olunmalıdır. Ev kənd yerində yerləşdiyi üçün 3000 manat kompensasiya məbləğini ağlabatan hesab edir.

7. Hazırki məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır.

8. xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək göstərmişdir ki, ona 3000 manat kompensasiya ödənilmişdir. Buna görə də evdən çıxmağa etiraz etmir.

9. xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək göstərmişdir ki, ona 1500 manat kompensasiya ödənilmişdir. Buna görə də evdən çıxmağa etiraz etmir.

İş materialları.

10. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********94-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 2 ünvanında 0.0616 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 103.8 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

11. xx.xx.2025-ci il tarixli, 05/Q-542/75 nömrəli Xaçmaz rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, Cavabdeh1oviç ilə X1 arasında nikah xx.xx.1999-cu il tarixdə bağlanmışdır. Nikahdan bağlandıqdan sonra arvada Qəhrəmanova soyadı verilmişdir.

12. xx.xx.2025-ci il tarixli, 05/Q-541/69 nömrəli Xaçmaz rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, Cavabdeh1oviç ilə Cavabdeh2 arasında nikah pozulduqdan sonra arvadın soyadı Bəylərova olmuşdur.

13. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-34/2-18077/2025 nömrəli məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, İstisu qəsəbəsində yerləşən, ümumi birgə 0,72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır.

14. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********43 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu, Müqtədir qəsəbəsində yerləşən 0.72 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh1oviçin, Cavabdeh2 və qeyrilərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

15. Cavabdeh2 ərizəsindən görünür ki, o, iddianı qəbul edir, 3000 manat kompensasiya verilməklə evdən çıxmağa razıdır.

Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. ünvan 3 ünvanında fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.

17. Cavabdehlərdən Cavabdeh1 iddiaçının qardaşı, Cavabdeh2 isə qardaşı arvadıdır. Onların həmin evdə istifadə hüququna malik olan şəxslərdir.

18. Məhkəməyə müraciət edərkən iddianı qəbul etməsələr də, məhkəmə prosesi gedişində cavabdehlər də iddianı etiraf edərək, tələbi qəbul etmiş və təklif olunan kompensasiya ilə razılaşmışlar.

Məhkəmənin mövqeyi:

19. Hazırkı iddia tələbi üzrə aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub olmadığının müəyyənləşdirilməsidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, ünvan 3 ünvanında fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olması işin mübahisəsiz halıdır.

20. Həmçinin cavabdehlərin həmin evdən istifadə hüquqlarının olmaları da işin mübahisəsiz halıdır.

21. Bu baxımdan Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə iddiaçı cavabdehlərə qarşı kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılmaları tələbinə dair iddia irəli sürməkdə haqlıdır.

22. Məhkəmə istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın miqdarını araşdıraraq hesab edir ki, tərəflər arasında bu məsələ ilə bağlı mübahisə olmadığından həmin məsələyə qiymət verilməsinə lüzum yoxdur.

Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

23. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ və İİİ hissələrində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinin İ-İV hissələrinə müvafiq olaraq, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1, 6.1.4-cü maddələrinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 152.1, 152.5-152.6-cı maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

25. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 2.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 5.3-cü maddəsinə əsasən, bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmə xərcləri.

27. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

28. Məhkəmə hesab edir ki, MPM-nin 119.4-cü maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

29. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh2 3000 manat, Cavabdeh1 1500 manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xaçmaz rayonu, İstisu qəsəbəsi C.Mustafayev küçəsində yerləşən 1 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməli, cavabdehlər Xaçmaz rayonu, İstisu qəsəbəsi C.Mustafayev küçəsində yerləşən 1 nömrəli fərdi yaşayış evindən çıxarılmalı, qətnamə Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları hissəsində kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

30. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı iddiası təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh2 3000 manat, Cavabdeh1 1500 manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xaçmaz rayonu İstisu qəsəbəsi C.Mustafayev küçəsində yerləşən 1 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xaçmaz rayonu İstisu qəsəbəsi C.Mustafayev küçəsində yerləşən 1 nömrəli fərdi yaşayış evindən çıxarılsınlar. Qətnamə Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları hissəsində kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Nərmin Ağazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar