Məhkəmə qərarları › İş №2(001)-888/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-888/2021

09.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-888/2021 09.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı və onun vəkili X2, Cavabdeh1 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı (Binəqədi rayonu X4 və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pəncərənin bağlanması, maneənin aradan qaldırılması və vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ona məxsus həyətyanı sahənin qonşuluğunda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi üzərində aparılan qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi, həmin fərdi yaşayış evinin həyətinə baxan pəncərələrinin bağlanması, mübahisəli torpaq sahəsinin boşaldılmaqla ümumi istifadəyə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək və həmin ərizə ilə Cavabdeh2 cavabdehlər sırasından çıxardaraq, ünvan 2 ünvanında yerləşən ona məxsus həyatyani sahənin qonşuluğunda Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsi üzərində tikilən fərdi yaşayış evinin ona məxsus həyətə baxan pəncərələrin bağlanması, onun istifadə və sahibliyində olan fərdi yaşayış evinin 15 illik istifadədə olan və yerin altı ilə çəkilmiş şirin su xəttinə edilmiş qanunsuz müdaxilə nəticəsində ona dəymiş 150 manat maddi zərərin cavabdehdən onun xeyrinə tutulması və həmin su xəttinə edilən qanunsuz müdaxiləyə son qoyulması, ona məxsus daş hasar ilə cavabdehə məxsus fərdi yaşayış evinin divarı arasında məsafənin bərpa edilməsi və düzgün məsafənin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin və tələbin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X6 iddia tələbinin və tələbin dəyişdirilməsi barədə ərizənin dəlillərinə, habelə İddiaçı izahatına uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı tərəfindən pəncərəsinin bağlanması tələb edilən fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir və həmin ev qüvvədə olan tikinti qanunvericiliyin tələblərinə uyğun şəkildə inşa edilmişdir. Həmin evin otaqlarında olan və iddiaçının həyətinə baxan pəncərələr isə bağlana bilməz. Belə ki, onlar müvafiq qaydada təsdiq edilmiş layihədə öz əksini tapmışdır. Həmçinin, belə olan halda, həmin otaqlar işıqsız qalmış olacaqdır. Digər tərəfdən onların mövcudluğu iddiaçının hər hansı hüququnu pozmur. İddiaçının müvafiq orqanlara etdiyi şikayətləri əsasında aparılmış araşdırma nəticəsində də onlar tərəfindən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Bundan əlavə iddiaçının su xəttinə hər hansı müdaxilə edilməmiş, sadəcə olaraq Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsində tikinti aparılan zaman oradan keçən su xəttinin zədələnməsinin və yararsız hala düşməsinin qarşısının alınması üçün xəttin yeri dəyişdirilmiş və bu zaman iddiaçıya hər hansı məbləğdə maddi ziyan vurulmamışdır. Hazırda həmin xətlə iddiaçının evinə eyni qaydada suyun verilməsi təmin edilir. Onların mülkiyyətində olan sahələr arasında mövcud olan divarla bağlı da hər hansı problem mövcud deyil və məsafə pozulmamışdır. Daş hasar mövcud olduğundan Cavabdeh1 yeni bir hasar inşa etdirməmiş və mövcud olan hasarın öz mülkiyyətinə baxan hissəsini təmir etdirmiş və bununla da həmin hasarın dayanaqlığını (dözümlüyünü) daha da artırmışdır. Əksinə iddiaçıya məxsus olan su çəninin bir hissəsi cavabdehin mülkiyyətində olan sahə üzərində yerləşir və bununla da onun mülkiyyət hüququnu pozur. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi rayonu X3 və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, çünücü şəxslər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə, üçüncü şəxslərin lazımi qaydada xəbərdar edilməsini nəzərə alıb, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin “Vətəndaş İddiaçı mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə torpaq sahəsinin satılması haqqında” 28.01.2003-cü il tarixli, 05 saylı qərarına əsasən İddiaçı M.Ə.Rəsulzadə bələdiyyəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə 600 kv.m. torpaq sahəsinin verilməsi barədə 20.01.2003-cü il tarixli ərizəsinə, bələdiyyənin Yerli büdcə və iqtisadi inkişaf məsələləri daimi komissiyasının 24.01.2003-cü il tarixli rəyinə əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində, C.Cabbarlı küçəsində yerləşən 600 kv.m. torpaq sahəsi Binəqədi RHİ-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə satılmışdır. 05.09.2003-cü il tarixli torpağın alqı-satqısına dair akta əsasən İddiaçı həmin torpaq sahəsini almışdır. Bundan sonra orada fərdi yaşayış evini inşa etmişdir. Fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənədlər aşkar edilməmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, ev 62D yeni qaydalarla: AZ 1107, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq, cavabdehin inşa etdiyi həmin fərdi yaşayış evinin pəncərələrinin ona məxsus torpaq sahəsinin həyətinə və onun evinə baxdığını, həmin ev inşa edilən zaman ona məxsus su xəttlərinə müdaxilə edildiyini və nəticədə ona 150 manat məbləğində maddi ziyan vurulduğunu, habelə ona məxsus olan daş hasarla cavabdehin mülkiyyətində olan evin divarı arasında məsafənin gözlənilmədiyini iddia edir və pəncərələrin bağlanmasını, su xəttinə edilmiş qanunsuz müdaxilənin aradan qaldırılmasını və qanunsuz müdaxilə nəticəsində vurulmuş 150 manat məbləğində maddi ziyanın əvəzinin cavabdehdən tutulmasını və ona məxsus daş hasarla cavabdehin mülkiyyətində olan evin divarının arasında olan məsafənin bərpa edilməsini və düzgün məsafənin müəyyə edilməsini tələb edir. İddiaçı qeyd edilən məsələlərlə bağlı cavabdehin hərəkətlərini qanunsuz hesab edərək, yol verilmiş pozuntuların aradan qaldırılması üçün aidiyyəti dövlət orqanlarına, o cümlədən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və bu Komitə yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə də müraciət etmişdir. Həmin qurumlar tərəfindən iddiaçıya müvafiq cavab məktubları göndərilmiş, o cümlədən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən mübahisəli əraziyə baxış keçirildiyi, hasara hər hansı təhlükənin olmaması üçün cavabdehə ciddi xəbərdarlığın edildiyi, cavabdehin mülkiyyətində olan evin, o cümlədən evin pəncərələrin layihələndirməsi zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə tam riayət olunduğu bildirilmişdir. Mübahisəli sahədə keçirilmiş yerində müayinə zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsinin və onun üzərində yerləşən evin və cavabdehin istifadə və sahibliyində olan torpaq sahəsinin və onun üzərinə yerləşən fərdi yaşayış evinin biri digərinə münasibətdə qonşu əmlaklar olduğu və sərhəd böldüyü, onları bir tərəfdən daş hasar ayırdığı, daş hasarın cavabdehin mülkiyyətinə baxan hissəsinin təmir edildiyi, cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin pəncərələrindən iddiaçının istifadəsində və sahibliyində olan torpaq sahəsinin və onun üzərində olan evin göründüyü müəyyən edilmiş, eyni zamanda iddiaçının evinə çəkilmiş hər hansı su xəttinin hazırda istifadəsiz və yararsız olduğu aşkar edilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə-tikinti texniki ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.05.2021-ci il tarixli, 10/140 nömrəli ekspert rəyinə əsasən Daşınmaz əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin 28 yanvar 2003-cü il tarixli, 05 nömrəli qərarı əsasında ayrılmış torpaq sahəsi 600 kv.m., lakin faktiki istifadəsində olan torpaq sahəsi isə 805 kv.m. təşkil edir. Cavabdeh1 mülkiyyətində olan torpaq sahəi 0,04 ha, faktiki istifadəsində olan torpaq sahəsi isə 0,0442 ha təşkil edir. Cavabdeh1 mülkiyyətində olan sahə üzərində inşa edilən tikili texniki pasporta uyğun olmaqla inşa edilmiş və iddiaçı ilə sərhəd hissədə ən yaxın məsafə 2,5 metr olmaqla ara məsafəsi saxlanılmışdır. İddiaçıya məxsus fərdi yaşayış evi ilə cavabdehə məxsus fərdi yaşayış evi arasında ən yazın məsafə 14,3 metr təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz; 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan başqa, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bununla bağlı məhkəmə xüsusilə vurğulayır ki, cavabdeh torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir, iddiaçının isə ona aid torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu əmlak onun istifadə və sahibliyindədir. Bu baxımdan cavabdeh - mülkiyyətçi Cavabdeh1 onun mülkiyyətində olan bu əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir və buna dair ona heç kimdən razılığın alınması tələb olunmur, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın və ya dözülməz dərəcədə öz əmlaklarına dair istifadəsinə maneəçilik törətsin. Məhkəmə İddiaçı Cavabdeh1 qarşı iddia tələbinin “Pəncərələrin bağlanması” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan iddiaçı cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik deyil. Məhkəmə onu da qeyd edir ki, iddiaçı subyektiv hüquqa malik olduğu təqdirdə belə onun iddiası əsaslı hesab edilib təmin edilə bilməz. Belə ki, birincisi - cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin iddiaçının istifadə və sahibliyində olan torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə baxan pəncərələri yaşayış evinin texniki pasportunda öz əksini tapmış və həmin sənədə (layihəyə) uyğun inşa edilmişdir. İkincisi - həmin pəncərələrin mövcudluğu iddiaçının hər hansı hüququnu nə məhdudlaşdırmır, nədə ki pozmur. Bu pəncərələrdən iddiaçının istifadəsində və sahibliyində olan torpaq sahəsinin və onun üzərində olan fərdi yaşayış evinin görünməsi isə onların sökülməsi üçün əsas ola bilməz. Məhkəmə iddia tələbinin “su xəttinə edilmiş qanunsuz müdaxilənin aradan qaldırılması və vurulmuş maddi ziyanın əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Bu baxımdan iddiaçı cavabdeh tərəfindən su xəttinə qanunsuz müdaxilənin olduğunu və bunun nəticəsində ona 150 manat məbləğində maddi ziyanın vurulduğunu sübut etməli idi. Lakin iddiaçı belə bir halların mövcudluğu ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddia tələbinin “iddiaçıya məxsus daş hasarla cavabdehə məxsus fərdi yaşayış evinin divarı arasında olan məsafənin müəyyən edilməsi” hissəsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.05.2021ci il tarixli, 10/140 nömrəli ekspert rəyini də mötəbər sübut kimi qiymətləndirib belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də əsasızdır və rədd edilməlidir. Cavabdehin onun mülkiyyətində olan fərdi yaşayış evi ilə iddiaçının istifadəsində olan torpaq sahəsi arasında yerləşən daş hasarın ona baxan hissəsinin təmir etməsi isə ara məsafəsinin pozulması kimi qiymətləndirilə bilməz. Hər bir halda, cavabdeh mülkiyyətində olan torpaq sahəsi hüdudları daxilində hərəkət edərək, daş hasarın bir tərəfini təmir etmişdir ki, bu da iddiaçının hər hansı hüququnu pozmamış, əksinə daş hasarın dayanaqlığının gücləndirilməsinə xidmət etmişdir. Digər tərəfdən evlər arasına kifayət qədər (14,3 metr) məsafə var. Həmin hasar isə evləri deyil, torpaq sahələrini biri birindən ayırır və sərhəd ayırrma funksiyasını yerinə yetirir. Cavabdeh nəticə etibarı ilə öz mülkiyyətində olan sərhədlər daxilindədir. Mövcud vəziyyətdə yeni hasarın inşa edilməsi və bununla da artıq mövcud daş hasarla ayrılmış sərhədlərin bir daha ayrılmasına hər hansı zərurət yoxdur. Məhkəmə, irəli sürülmüş tələblər baxımından ümumiyyətlə vurğulayır ki, cavabdeh mülkiyyət hüquqlarını həyata keçirərkən iddiaçının öz əmlakından istifadə etmək və ona sahib olmaq hüquqlarını hər hansı formada pozmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh1 qarşı “pəncərənin bağlanması, maneənin aradan qaldırılması və vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Aparılmış ekspert tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 qarşı “pəncərənin bağlanması, maneənin aradan qaldırılması və vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Aparılmış ekspert tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar