Məhkəmə qərarları › İş №2(001)-904/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-904/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-904/2021 06.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09.07.2019-cu il tarixli malın nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 1 ədəd dəyəri 3294 manat olan Samsung A70 SM A705 Coral markalı mobil telefonu satın almışdır. Cavabdeh göstərilən məbləği hər ay 183 manat olmaqla 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə borcunu ödəməkdən imtina edir. Bu barədə cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilsə də, cavabdeh müqavilə öhdəliyini icra etməmişdir. Ona görə də Cavabdeh 09.07.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 3294 manat, dövlət rüsumuna görə 20 manat olmaqla cəmi 3314 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı MMC-nin direktoru Tural Heydərlinin məhkəməyə ünvanladığı ərizəsindən müəyyən olunur ki, İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək borclu Cavabdeh 09.07.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 3294 manat, dövlət rüsumuna görə 20 manat olmaqla cəmi 3314 manatın alınaraq kreditor İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09.07.2019-cu il tarixli malın nisyə alqı-satqı müqaviləsinə əsasən borclu Cavabdeh iddiaçıdan 1 ədəd dəyəri 3294 manat olan Samsung A70 SM A705 Coral markalı mobil telefon əldə etmişdir. Borclu göstərilən məbləği hər ay 183 manat olmaqla 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu müqavilə üzrə borcunu ödəməkdən imtina etmişdir. Bu barədə borcluya dəfələrlə şifahi xəbərdarlıq edilsə də, borclu müqavilə öhdəliyini icra etməmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09.07.2019-cu il tarixli malın nisyə alqı-satqı müqaviləsində məhsulun adı qrafasında mexaniki səhv olaraq Samsung A70 SM A705 Coral markalı mobil telefon yazılmışdır. Belə ki, Cavabdeh iddiaçıdan 1 ədəd dəyəri 2299 manat olan REF Hitachi RVG660 markalı soyuducu və 1 ədəd dəyəri 995 manat olan WM Samsung JE markalı paltaryuyanı satın almışdır. Eyni zamanda cavabdehə Samsung markalı mikrodalğalı soba hədiyyə verilmişdir. İddiaçı MMC-nin direktoru Tural Heydərli məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, işə onun iştirakı olmadan baxılıb iddia tələblərinin təmin edilməsini xahiş etmiş, məhkəmə işə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, İddiaçı MMC ilə bağladığı 09.07.2019-cu il tarixli malın nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçıdan 1 ədəd dəyəri 2299 manat olan REF Hitachi RVG660 markalı soyuducunu və 1 ədəd dəyəri 995 manat olan WM Samsung JE markalı paltaryuyanı satın almış, iddiaçıya cəmi 1700 manat ödəniş etmişdir. Ödənişləri aparmasını iddiaçının ona təqdim etdiyi ödəniş qəbzləri təsdiq edir. Onun hazırda iddiaçıya borcu 1564 manat təşkil edir və borcunu hissə-hissə qaytaracaqdır. Ona görə də iddia ərizəsinin qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 09.07.2019-cu il tarixli FSK2918 saylı nisyə alqı-satqı müqaviləsindən müəyyən olunur ki, alıcı alqı-satqı qiyməti 3294 manat olan Samsung A70 SM A705 Coral markalı mobil telefonu ilkin ödənişsiz, 18 ay müddətinə aylıq 183 manat ödəmək şərtilə satıcıdan nisyə almışdır. İddiaçı MMC-nin 09.07.2019-cu il tarixli müqavilənin ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən 09.08.2019-cu il tarixdən 09.01.2021-ci il tarixə qədər olan dövr ərzində hər ay 183 manat olmaqla hissə-hissə ödənilməlidir. İddiaçı MMC-nin 14.10.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-yə 09.07.2019-cu il tarixli müqavilə üzrə 3294 manat borcu vardır. İddiaçı MMC-nin Cavabdeh ünvanladığı 08.10.2020-ci il tarixli 727/20 saylı pretenziyadan müəyyən olunur ki, satıcı alıcıya borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi milliön elektron ödəmə sisteminin 09.08.2019cu il tarixli qəbzin surətindən müəyyən olunur ki, X1 400 manat ödəniş edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi İddiaçı MMC-nin 09.09.2019-cu il tarixli 014740 nömrəli ödəmə çekinin surətindən müəyyən olunur ki, Cavabdeh FSK 2918 saylı müqavilə üzrə İddiaçı MMC-yə 500 manat ödəniş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi milliön elektron ödəmə sisteminin 09.09.2019cu il tarixli qəbzin surətindən müəyyən olunur ki, X1 500 manat ödəniş edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi İddiaçı MMC-nin 13.11.2019-cu il tarixli 017331 nömrəli ödəmə çekinin surətindən müəyyən olunur ki, Cavabdeh FSK 2918 saylı müqavilə üzrə İddiaçı MMC-yə 400 manat ödəniş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi İddiaçı MMC-nin 28.02.2020-ci il tarixli 019423 nömrəli ödəmə çekinin surətindən müəyyən olunur ki, Cavabdeh FSK 2918 saylı müqavilə üzrə İddiaçı MMC-yə 400 manat ödəniş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi milliön elektron ödəmə sisteminin 28.02.2020-ci il tarixli qəbzin surətindən müəyyən olunur ki, X1 400 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla iddiaçının cavabdehə 09.07.2019-cu il tarixli FSK 2918 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1 ədəd dəyəri 2299 manat olan REF Hitachi RVG660 markalı soyuducunu və 1 ədəd dəyəri 995 manat olan WM Samsung JE markalı paltaryuyanı nisyə satması, cavabdehin iddiaçıya müqavilə üzrə cəmi 1700 manat ödəniş edərək qalıq borcunun 1564 manat olması müəyyən olunmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, araşdırma zamanı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehin borcunun 1564 manat olması öz təsdiqini tapdığından iddia ərizəsi bu hissədə əsaslıdır. Ona görə də iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 09.07.2019-cu il tarixli FSK 2918 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borca görə 1564 manat, dövlət rüsumuna görə 20 manat olmaqla cəmi 1584 manat İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 10 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar