Məhkəmə qərarları › İş №2(001)-908/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-908/2024

11.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-908/2024 11.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı X2 iştirakı ilə X2 Cavabdehnə (İB) qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbi barədə mülki işə 11 yanvar 2024-cü il tarixdə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 3, korpus 125-də yerləşən fərdi yaşayış evi X2 istifadəsindədir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 30 dekabr 2021-ci il tarixdə iddiaçıya məxsus mənzilə quraşdırılmış 1402AZ**********82 seriya nömrəli qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz edilmiş, köhnə sayğac yoxlanması üçün laboratoriyaya göndərilmişdir. Yoxlama nəticəsində müəyyən olunmuşdur ki, sayğacın yivli birləşmələri deformasiyaya və korroziyaya uğramış, sayğac ALARM-1 rejimindədir, klapanı bağlıdır, sayğacın çıxış plastmas borusu sınıb. Bundan sonra həmin cavabdehin əməkdaşları tərəfindən 31 yanvar 2022-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, iddiaçıya 518,4 manat borc hesablanmışdır. X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən barəsində təbii qazdan qeyri-qanuni istifadəyə görə əsasında hesablanmış 500 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin, ona etirazın əsasları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 3, korpus 125-də yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı yük maşınının toxunması nəticəsində zədələnmiş, həmin vaxt iddiaçı Binəqədi rayon Polis İdarəsinə müraciət etmiş, bu barədə araşdırma aparılmışdır. Zədələnmiş sayğac 30 dekabr 2021-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Yeni sayğacın dəyəri onu zədələmiş şəxs tərəfindən ödənilmişdir. Bundan sonra cavabdehin əməkdaşları tərəfindən 31 yanvar 2022-ci il tarixdən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, itirilmiş qazın miqdarı 4320 kub-metr hesablanmaqla iddiaçıya 500 manat borc tətbiq edilmişdir. Halbuki, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməmiş, iddiaçının çıxarılmış sayğacın dövlət yoxlamasına verilməsindən, tərtib edilmiş aktdan məlumatı olmamış, həmin akt ona təqdim edilməmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz ünvanlayaraq, göstərmişdir ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağı ola bilməz. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alğı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndi (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) ), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildirilir ki, **********02000 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. İddiaçının sayğaca müdaxilə etməsi cavabdehin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiş ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesalanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca güyə müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yanlış təsəvvür yaradaraq, dıymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Məhkəmə iclasında verilən izahatlar: Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirib iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddianın rədd edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 30 dekabr 2021-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, iddiaçıya məxsus mənzildən “İtron” tipli, “G4” markalı, 1402AZ**********82 nömrəli sayğac Alarm-1 rejimində qaz buraxmaması səbəbi ilə çıxarılmış, mənzilə mexaniki tipli, “G4” markalı, **********8 nömrəli yeni sayğac quraşdırılmışdır. - Abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya **********02000 abonent kodu verilmiş, iddiaçıya məxsus mənzildə təbii qazla işləyən cihazlar kimi 4 gözlü qaz plitəsi (PQ-4) və qənaətli su qızdırıcısı (QSQ) göstərilmişdir. - Cavabdeh tərəfindən tərtib edilmiş “Qaz sayğacının yoxlanılması barədə” 28 yanvar 2022-cü il tarixli, MSK-29/1710-00087-1 nömrəli aktdan görünür ki, iddiaçının mənzilindən götürülmüş sayğaca baxış keçirilmiş, müəyyən olunmuşdur ki, sayğacın yivli birləşmələri deformasiyaya və korroziyaya uğramış, sayğac ALARM-1 rejimindədir, klapanı bağlıdır, sayğacın çıxış plastmas borusu sınıb. - Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuş, dəymiş ziyanın hesablanmalı olduğu göstərilmişdir. - “Dəymiş ziyanın bərpasına dair” 31 yanvar 2022-ci il tarixli tələbnamədə göstərilmişdir ki, iddiaçının mənzili ilə bağlı qaz sayğacının nominal qaz sərfi 4 kub-metr, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın miqdarı 4320 kub-metr müəyyən edilmişdir. - Abonentin saldosundan görünür ki, iddiaçıya 2022-ci ilin yanvar ayına qalıq və aktlar üzrə 518,4 manat borc hesablanmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddiaya etirazı nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: -11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; - 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir;” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü- butları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 6.5-ci bəndinə əsasən, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. - 6.5-2-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. - 6.5-4-cü bəndinə əsasən, qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoğulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan sayğaca müdaxilə yolu ilə istifadə edilməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Lakin hər hansı səbəbdən istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması və ya istehlakçının pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi da istisna deyil. Belə olan halda, yalnız akta əsaslanan rəsmiləşdirmə hüquqi nəticə etibarı ilə etibarsız, istehlakçıya hesablanmış zərər məbləği isə əsassız olacaqdır. Bu səbəbdən cavabdehin əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, rəsmiləşdirmə zamanı digər sübutların əldə edilməsi (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması və sair) üçün tədbirlər görməlidir. Hazırki halda müəyyən edilir ki, iddiaçıya 518,4 manat borcun hesablanmasına əsas olan 31 yanvar 2022-ci il tarixli akt məhz cavabdeh tərəfindən tərtib edilmiş “Qaz sayğacının yoxlanılması barədə” 29/1710-00087-1 nömrəli akt əsasında tərtib edilmişdir. Sayğacda aşkar edilən xəta vizual görülə bilən müdaxilə olsa da, bu xəta yalnız 29/1710- 00087-1 nömrəli aktla öz təsdiqini tapmışdır. Belə olan halda, sayğaca müdaxilə faktı aşkar edildiyindən, iddiaçının təbii qazı qanunsuz talamaqla cavabdehə zərər vurduğu müəyyən edilir. Lakin, məhkəmə aktlarda və aktlar əsasında qəbul edilmiş qərarda (tələbnamə) aparılmış hesablama, yəni vurulmuş maddi zərərin məbləği ilə razılaşmır və bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də qaz cihazlarının orta günlük iş rejimi 24 saat kimi nəzərə alınmışdır. Halbuki, «Qazdan istifadə Qaydaları»nın 6.5-1-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmalıdır. İddiaçının mənzilindən müdaxilə edilmiş sayğac 30 dekabr 2021-ci il tarixdə götürülmüşdür. Cavabdeh tərəfindən tərtib edilmiş tələbnamədə hesablama müddəti kimi 90 gün qəbul edilmişdir. Yəni, hesablama payız-qış aylarındakı orta sərfiyyata uyğun aparılmalıdır. Məhkəmə təcrübəsində eyni məzmunlu işlərə baxılması zamanı Cavabdeh İB tərəfindən təqdim edilmiş tələbnamələrdə “PQ-4” (yəni 4 gözlü qaz plitəsi) cihazının maksimal saatlıq qaz sərfinin 1,2 kub-metr/saat, “QSQ” cihazının isə maksimal saatlıq qaz sərfinin 1,5 kub-metr/saat olduğu göstərilmişdir. Məhkəmə cihazların təyinatına və istifadə edilməsinə dair yuxarıda nümayiş etdirilmiş mövqeyini nəzərə alıb hesab edir ki, “PQ-4” cihazının orta günlük iş rejimi 4 saat, “QSQ” cihazının isə oktyabr-dekabr ayları da daxil olmaqla orta günlük iş rejimi 5 saat kimi qəbul edilməlidir. Digər tərəfdən, sərfiyyatın hansı əsasla 90 gün üzrə hesablanması məhkəməyə məlum deyildir, burada sübutetmə yükü cavabdehin üzərinə düşdüyü halda, cavabdeh bununla bağlı hər hansı əsaslı sübut məhkəməyə təqdim etməmişdir. Buna görə, məhkəmə hesab edir ki, akt üzrə itirilmiş qazın miqdarının əvvəlki 30 gün müddət üzrə hesablanması daha ədalətli, əsaslı olacaqdır. Bu qaydada aparılmış hesablama nəticəsində iddiaçı tərəfindən istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qazın həcmi aşağıdakı kimi müəyyənləşdirilməlidir: - PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub-metr/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 kub-metr/saat, orta günlük iş rejimi 5 saat və hesabat dövrü 30 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 405 kub-metr. İtirilmiş təbii qazın dəyərinin müəyyənləşdirilməsi məsələsinə münasibətdə məhkəmə qeyd edir ki, 2021-ci il üzrə qazın dəyəri cavabdeh tərəfindən 1 kub-metri 0,12 manatla hesablanmışdır. Qeyd olunmalıdır ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə görə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. İşin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sayğaca müdaxilə ilə təbii qazdan istifadə etdiyi müəyyən edilir, lakin cavabdeh etirazının əsası kimi istinad etdiyi halları tam əsaslandıra bilməmiş zərərin məhz 518,4 manat olmasını sübuta yetirə bilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının 2021-ci ilin dekabr ayı üzrə qeyriqanuni istifadə etdiyi təbii qazın həcmi məhkəmə tərəfindən 405 kub-metr müəyyənləşdirildiyindən, həmin il üzrə iddiaçının cavabdehə borcu 48,6 manat qəbul edilməli, beləliklə, iddia qismən təmin edilərək, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 518,4 manat borcdan 469,8 manatı silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən X4 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 3, korpus 125-də yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********02000) hesablanmış 518,4 manat borcdan 469,8 manatı əsassız hesab edilərək silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar