Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-908/2025 11.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdə anadan olmuş oğlu X1 fəaliyyət qabiliyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
2. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X6 xx.xx.2006-cı il tarixdə anadan olmuş, anadan olduğu vaxtdan etibarən fəaliyyət qabiliyyəti olmayan şəxs kimi aparmışdır. Onu evdə tək qoyduqda evi yandırmaq, qazın açarını açmaq, elektrik rozetkasına müxtəlif əşyaların daxil edilməsi və s. Digər lüzumsuz hərəkətlər edir. Evdə tək olan vaxtı qazla, işıqla oynayır, qorxudan onu evdə tək qoyma bilmirəm. Çölə çıxdıqda evin yerini tapa bilmir. Bir sözlə oğlum X1 fəaliyyət qabiliyyəti yoxdur, şəxs ağlagəlməz pis hərəkətləri ilə ailəmizi məyus edir. Ona görə mən işdən çıxıb, ona nəzarət edirəm. Hətta o məktəbdə də özünü fəaliyyət qabiliyyəti olmayan şəxs kimi apardığına görə tam orta məktəbdə təhsil almamış, ona evimizdə dövlətimizin qayğısı ilə fərdi qaydada təhsil vermişdir. Bakı şəhəri, Biləcəri qəsəbəsində fəaliyyət göstərən 11 saylı Uşaq Poliklinikasından qeydiyyat haqqında şəxsi kartoçkanın surəti ərizəyə əlavə olunur. Bundan əlavə, xx.xx.2006-cı il təvəllüdlü oğlum X4 gec də olsa, xx.xx.2019-cu il tarixdən əlillik pensiyası təyin edilmişdir. (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçasından (xəstəlik tarixindən) xx.xx.2019-cu il tarixli Çıxarışın surəti ərizəyə əlavə olunur). Daha sonra xx.xx.2022-ci il tarixdə təkrar müayinədən keçirilmiş və əlillik dərəcəsi təyin edilmişdir. (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçasından (xəstəlik tarixindən) xx.xx.2022-ci il tarixli Çıxarışın surəti ərizəyə əlavə olunur). Hal-hazırda xx.xx.2006-cı il təvəllüdlü oğlum X6 2-ci qrup əlil kimi qeydiyyata alınmışdır. (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçasından (xəstəlik tarixindən) xx.xx.2024-cü il tarixli Çıxarışın surəti ərizəyə əlavə olunur). Tərəflərin izahatları və ərizəyə münasibəti:
3. Əvvəlki məhkəmə iclaslarında iştirak edən ərizəçi ərizəsinin dəlillərinə uyğun izahat vermiş və bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə, onların nümayəndəsinin məcburi iştirakının tələb olunmasının bildirilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Kürdəmir Rayon VVADQ Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 201268 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X5 arasında xx.xx.2005-ci il tarixində nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 362 № ilə qeyd edilmişdir. Nikah bağlanandan sonra arvada İsrəfilova soyadı verilmişdir.
6. Kürdəmir Rayon VVADQ Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 829556 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2006-cı il tarixində Bakı şəhərində doğulmuş, atası X8, anası Ərizəçidır.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan olan çıxarışın surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ambulator müalicə almış və ona uşaq autizmi və. s diaqnoz qoyulmuşdur.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 321 saylı rəydən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X2 autizm nəticəsində yaranan orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə müəyyən edilir. İ.M.İsrəfilov öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. İ.M.İsrəfilovun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək üçün ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
10. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin:
11. 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
12. 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
13. 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.
14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
15. 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır;
16. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər;
17. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir;
18. 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir;
19. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər;
20. 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabilyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır;
21. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
22. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən xx.xx.2006-cı il təvəllüdlü X3 anasıdır. xx.xx.2006-cı il təvəllüdlü X3 əqli qüsurları haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2006-cı il təvəllüdlü X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də onun tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas vardır.
23. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Tətbiq edilən prosessual normalar:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
25. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
26. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
27. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;
28. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
29. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şəxsin öz hərəkətlərini idarə etmək baxımından fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsas olduğundan ərizə təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev