Məhkəmə qərarları › İş №2(001)-910/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-910/2021

09.02.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-910/2021 09.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 2002-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan qızı – X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxx 2002-cı il təvəllüdlü qızı X5 uzun müddətdir ki, xəstədir və poliklinikada dispanser qeydiyyatındadır. O, müxtəlif xəstəliklərdən əziyyət çəkir. O, dəfələrlə müalicələr alsa da nəticəsi olmamışdır və ona “kvadroplegik spastik serebral iflic, uşaq serebral iflicin davamlı qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik, budun anadangəlmə deformasiyaları, hər iki aşağı ətrafının əzələlərinin atrofıyası, anadangəlmə skolioz, onurğanın ikinci dərəcəli skoliozu, aşağı ətrafların kontrakturaları” diaqnozu qoyulmuşdur, uzun müddətli müalicələrdə olsa da yaxşılaşma halı baş verməmişdir. X4 Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ümumi xəstəlik üzrə İ qrup əlillik dərəcəsi verilmişdir. O, müddətsiz İ qrup əlildir, əmək qabiliyyətsizdir, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanları yoxdur, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirmək imkanlarına malik deyildir. Bundan əlavə, o, öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyətinə malik deyildir, hərəkətlərinin mənasını anlaya bilmir, kənar şəxsin köməyi olmadan sərbəst qərarlar qəbul etmək imkanları yoxdur, öz hərəkətlərini idarə edə bilmir. Ona o, baxır və qulluq edir. X4 qəyyum təyin edilməsi barədə o, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etsə də, ona şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etməyi bildirmişlər. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsə hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Ağdam rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 252485 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxx 2002-ci il tarixdə Ağdam rayonu, Keşdazlı kəndində anadan olmuş, atası X6, anası Ərizəçidır. Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatların elektron çıxarışından görünür ki, X4 müddətsiz birinci dərəcə əlillik verilməklə, ona “kvdaroplegik spastik serebral iflic, uşaq serebral iflicin davamlı qalıq əlamətləri, spastik tetraplegiya, spastik dərin tetraparez, ağır dərəcəli əqli gerilik, budun anadangəlmə deformasiyaları, sağ budun anadangəlmə yüksək çıxığı, əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, hər iki aşağı ərtafının əzələlərinin atrofiyası, kəskin hərəkət məhdudluğu ilə, sümüklərin inkişaf qüsuru ilə əlaqədar anadangəlmə skolioz, onurğanın ikinci dərəcəli skoliozu, oynaqların konrtrakturası, aşağı ətrafların konktrakturaları” diaqnozu qoyulmuş, əmək qabiliyyətsizdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2450 saylı rəyindən görünür ki, X3 ağır dərəcəli əqli gerilik qeyd olunur. Bunu anamnestik məlumatlar – ağıl zəifliyi ilə əlaqədar təhsil ala bilməməsi, həmçinin hazırki müayinə zamanı aşkar olanan əlamətlər: zahirən gərgin olması, bir yerdə qərar tuta bilməməsi, xarici görünüşünün səliqəsizliyi, ünsiyyətə çətinliklə daxil olması, nitqinin dizartrikliyi, verilən suallara qırıq-qırıq səslərlə, anlaşılmaz sözlərlə, səhv cavablar verməsi, anamnetsik məlumatları açıqlaya bilməməsi, sadə, primitiv sualları cavablandırmaması, əhvali-ruhiyyə fondunun dəyişkənliyi, səbəbsiz olaraq aqressivləşməsi, yersiz olaraq gülməsi və sair əlamətlər sübut edir. Buna görə də X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Bunları nəzərə alaraq belə qərara gəlinmişdir ki, X3 ağır dərəcəli əqli gerilik qeyd olunur və o, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, X2 öz hərəkətlərinin mənasını dərk etməməsi və onları şüurlu idarə etmək iqtidarına malik olmaması halları məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik espertizasının rəyi ilə təsdiq edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ağdam rayonu, Keşdazlı kəndində xx xxxx 2002-ci il tarixdə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxx 2002-ci il tarixdə Ağdam rayonu, Keşdazlı kəndində doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar