Məhkəmə qərarları › İş №2(001)-917/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-917/2020

06.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-917/2020 06.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Azərişıq ASC-yə qarşı aktların etibarsız hesab edilməsinə və 2561,15 manat borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı aktların etibarsız hesab edilməsinə və 2561,15 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə Azərişıq ASC-nin əməkdaşı ona istifadə etməsinin qeyri-mümkün olduğu 653,28 manat enerji haqqı olan bildiriş təqdim etmişdir. Həmin vaxt o, şifahi olaraq öz etirazını bildirmişdir. xx.xx.2019-cu il tarixdə Azərişıq ASC-nin əməkdaşları yenidən onun istifadə etdiyi sayğaca baxış keçirib ona sayğacın işləmə prinsipində problem olduğunu bildirərək 153646 №li akt tərtib etmişlər. Küçədə yerləşən sayğacla bağlı akt tərtib edilən zaman heç bir hal şahidinin iştirakı təmin edilməmişdir. xx.xx.2019-cu il tarixdə mənzildə yaşayan şəxslərin iştirakı olmadan sayğac heç bir xüsusi qablaşdırma aparılmadan Azərişıq ASC-nin əməkdaşları tərəfindən sökülərək yenisi ilə əvəz edilmişdir. xx.xx.2019-cu il tarixdə Azərişıq ASC-nin əməkdaşı tərəfindən ona bildiriş təqdim edilərək 1494,52 manat borcu olduğu bildirilmişdir. O, hər ay istifadə etdiyi enerji haqqını vaxtında ödəməsini bildirib bu qədər borcun necə yarandığını soruşduqda Azərişıq ASC-nin əməkdaşı ona sayğacda qüsur olduğunu demişdir. Cavabdehin əməkdaşları dəfələrlə sayğaca baxış keçirsələr də, sayğacın düzgün işləməməsi barədə ona hər hansı bir xəbərdarlıq və ya məlumat verməmişlər. Sayğac küçədə yerləşdiyindən sayğaca nəzarəti də Azərişıq ASC-nin əməkdaşları etmişdir. O, heç vaxt sayğaca müdaxilə etməmişdir. O, abonent kimi Azərişıq ASC-dən hər hansı qanunsuz yolla enerji oğurlamamış, sayğacın möhür və plombuna müdaxilə etməmiş və elektrik sayğacından kənar elektrik enerjisindən istifadə etməmişdir. Sayğaca müdaxilə olunması barədə şübhələr olarsa sayğac abonentin iştirakı ilə dəyişdirilib xüsusi qabda qablaşdırılaraq möhürlənib möhürün nömrəsi abonentə təqdim olunmalı və təyin olunmuş vaxtda abonentin iştirakı ilə Azərişıq ASC-nin lobaratoriyasında bəlli möhür qablaşdırmadan açılaraq sayğaca rəy verilməlidir. Sayğacın yoxlanmasında nə o, nə də onun ailə üzvləri iştirak etməmişdir. Ona təqdim edilən bildirişdə sayğacın göstəricisi xx.xx.2019-cu il tarixə 54867 kvt/s, xx.xx.2019-cu il tarixdə tərtib edilmiş 153646 №li aktda isə sayğacın göstəricisi 48930 kvt/s olmuşdur. Cavabdeh onu onu əsassız cərimələdiyindən, cavabdeh tərəfindən tərtib olunan 08.11.19-cu il tarixli Rİ 153646 saylı və xx.xx.2019-cu il tarixli US ******* saylı aktları etibarsız hesab edilməsinə, ondan tələb olunan cəmi 2561,15 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə xx.xx.2020-ci il tarixinə təyin olunan məhkəmə iclasında cavabdeh Azərişıq ASC-nin nümayəndəsi X1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının mənzilində olan sayğaca baxış keçirilərək nöqsanlar aşkar olunmuş, iddiaçı barəsində tərtib olunan 08.11.19-cu il tarixli Rİ 153646 saylı akta əsasən 1066,89 manat cərimə hesablanmışdır. İddiaçı barəsində tərtib olunan xx.xx.2019-cu il tarixli US ******* saylı akta əsasən iddiaçıya 834,68 manat cərimə hesablanmışdır. Lakin sonuncu aktı və ya surətini məhkəməyə təqdim edilməsi mümkün deyildir. Cərimələrdən başqa iddiaçının borcuna hesablanan dəbbə pulu borcu olduöundan iddiaçının ümumi borcu 2561,15 manat təşkil edir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdeh Azərişıq ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdeh Azərişıq ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh Azərişıq ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərişıq ASC-nin əməkdaşları tərəfindən tərtib olunan R №153646 saylı xx.xx.2019-cu il tarixli aktın surətindən müəyyən olunur ki, Yusif Abdullayevə məxsus elektrik sayğacına baxış zamanı sayğacın göstəricisinin qarışması müəyyən edilmiş, elektrik sayğacının yenisi ilə əvəz olunması və laboratoriya şəraitində yoxlanılaraq rəy verilməsi qərara alınmışdır. Azərişıq ASC-nin əməkdaşları tərəfindən tərtib olunan xx.xx.2019-cu il tarixli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanması və quraşdırılması haqqında protokolun surətindən müəyyən olunur ki, R №153646 saylı xx.xx.2019-cu il tarixli akta əsasən Yusif Abdullayevə məxsus elektrik sayğacı yenisi ilə əvəz olunmuş, çıxarılan sayğac laboratoriyada yoxlanılması və rəy verilməsi üçün torbaya qoyulmuş və möhürlənmişdir. Azərişıq ASC-nin xx.xx.2019-cu il tarixli sayğacların və cərəyan transformatorlarının yoxlanması protokolunun surətindən müəyyən olunur ki, R №153646 saylı xx.xx.2019-cu il tarixli akta əsasən aparılmış laboratoriya yoxlaması zamanı sayğaca müdaxilə olunması və sayğacın istismara yararsız olması qərara alınmışdır. Binəqədi rayonu Enerji Təchizatı və X2 Abdullayevə ünvanladığı xx.xx.2019-cu il tarixli 136 saylı xəbərdarlıqdan müəyyən olunur ki, Y.Abdullayevin xx.xx.2019-cu il tarixə istifadə olunmuş elektrik enerjisi üçün 2561 manat borcu vardır. Azərişıq ASC-nin abonent haqqında elektron çıxarışından müəyyən olunur ki, abonent Yusif Abdullayevin borcu 2561,15 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/1391 saylı rəyindən müəyyən olunur ki, iş materiallarında olan İddiaçı aid abunə haqqında məlumata əsasən xx.xx.2001-ci ildən xx.xx.2020-ci il tarixədək olan dövrdə istehlak etdiyi 4198,28 manat məbləğində elektrik enerjisi sərfiyyatına, eyni zamanda 2499,02 manat aktlara görə həmin tarixlər üzrə cəmi 4136,14 manat ödəniş edilmiş və nəticədə onun Azərişıq ASC-yə olan borcu 2561,16 manat məbləğində müəyyən edilmişdir. İddiaçı hesablanmış borc məbləğinin tərkibi xx.xx.2019-cu il tarixli sayğaca müdaxilə nəticəsində yenisi ilə əvəz edilməsi ilə bağlı akt üzrə 1066,89 manat, xx.xx.2019-cu il tarixli akt üzrə 834,68 manat abunə haqqında məlumat üzrə 573,28 manat limitdən artıq istifadəyə görə və 24,17 manat dəbbə pulu üzrə olduğu müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İddiaçıdan tərtib etdiyi aktlara əsasən enerji sərfiyyatına görə 2561,15 manat tələb edən cavabdeh, məhkəmə araşdırması zamanı, tərtib etdiyi aktları, həmin aktların tərtib olunmasına, istehlakçıdan təqdim etdiyi xəbərdarlığa əsasən tələb etdiyi enerji sərfiyyatına görə 2561,15 manat borcun yaranma əsaslarına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Elektrik enerjisindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2005-ci il tarixli 18 saylı qərarının 1.3.-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Həmin müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Həmin Qaydaların 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma üçün elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 7.17-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.32.-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır:a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır;b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır.Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qaydaların 8.33.-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi cavabdehin fəaliyyətini nizamlayan qaydalara əsasən aşkar olunan pozuntunun sənədləşdirilməsi qaydası dəqiq müəyyən olunsa da, cavabdeh etirazında istinad etdiyi halları, yəni iddiaçıdan tələb etdiyi borcun yaranma əsaslarını sübuta yetirə bilməmişdir. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Azərişıq ASC-nin 08.11.19-cu il tarixli Rİ 153646 saylı və xx.xx.2019-cu il tarixli US ******* saylı aktları etibarsız hesab edilsin. Azərişıq ASC-nin İddiaçı elektrik enerjisi sərfiyyatına görə tələb etdiyi 2561,15 manat silinsin. Azərişıq ASC-dən iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 50 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 80 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar