Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-918/2021 23.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X4, Cavabdeh1 nümayəndəsi (vəkili) X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə, daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, 1 saylı evin 42 saylı mənzilindən istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi, qeyd olunan mənzildən çıxarılmaları, cavabdehlərin həmin mənzildən çıxarılan günədək aylıq olaraq 300 manat vəsaitin kompensasiya məbləğindən çıxılması və qalıq pulun cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 23 yanvar 1997-ci il tarixli, 003995 nömrəli alqı-satqı müqaviləsinə əsasən, X2 mülkiyyətində olan Bakı şəhəri, Cavadxan küçəsi, (əvvəlki Pişəvəri küçəsi) ev 1, mənzil 42 onun mülkiyyətinə keçirilmişdir. MH seriyalı 066205 nömrəli qeydiyyat vəsiqəsindən göründüyü kimi sözügedən ev onun adına xüsusi mülkiyyət kimi qeydiyyyata alınmışdır. Hal-hazırda onun mülkiyyətində olan evdə onun iradəsindən kənar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 rəsmi şəkildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Adı çəkilən şəxslərin evdə qeydiyyatda olması tamamilə qeyri-qanunidir. Belə ki, qanunvericiliyin müddəaları baxımından vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün yaşayış yeri verən şəxsin ərizəsi mütləqdir. Lakin, o, belə bir ərizə verməmişdir. Cavabdehlərin evdən istifadə hüququ ilə bağlı məhkəmə qətnaməsi də yoxdur. Yəni ki, cavabdehlərin evdən istifadə hüququ qanunsuz yaranmışdır və evə qeydiyyatları əsassızdır. Həmçinin, cavabdehlər həmin evdə qeydiyyatda olsalar da orada yaşamırlar. Həmin şəxslərin qeydiyyatda qalmaları onun öz mülkiyyət hüquqlarının maneəsiz qaydada həyata kəçirməsinə maneə olur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi, cavabdehlərin ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, 1 saylı evin 42 saylı mənzilindən istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi, qeyd olunan mənzildən çıxarılmaları, cavabdehlərin həmin mənzildən çıxarılan günədək aylıq olaraq 300 manat vəsaitin kompensasiya məbləğindən çıxılması və qalıq pulun cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, iddiaçı cavabdehlərə ümumilikdə 11.000 manat kompensasiya ödənilməsinə etiraz etmir. O, bu barədə yazılı ərizəni də məhkəməyə təqdim etmişdir. Eyni zamanda ona verilmiş suala cavab olaraq bildirmişdir ki, Cavabdeh1 iddiaçının qardaşı, digər cavabdehlər isə Cavabdeh1 arvadı və qızlarıdır. İddiaçı tələblərini ona görə artırmışdır ki, iddia təmin olunarsa cavabdehlər gələcəkdə qətnamənin icrasını gecikdirə bilərlər. Bu da cavabdehlərin mənzildən gec çıxmaları ilə nəticələnəcəkdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (vəkili) X5 iddianı qəbul etməyərək bildirdi ki, o, iddiaçının təklifini cavabdehə çatdırsa da cavabdeh ona bildirmişdir ki, o, ekspert rəyi ilə razı deyil, evin qiyməti və aylıq kirayəsi aşağı qiymətləndirilmişdir. Həmin evin həqiqi dəyəri 100.000 manat civarındadır. Ev metroya və şəhərə yaxındır, parkla üzbəüz, göz xəstəxanasının yaxınlığındadır. Ona görə də cavabdeh təklif edilmiş kompensasiya məbləği ilə razı deyil. Həmçinin, o və ailə üzvləri həmin evi tərk etmək istəmirlər. Əgər iddiaçı mənzilin qiymətinin 60.000 manat olması ilə razılaşırsa Cavabdeh1 iddiaçıya 30.000 manat təklif edir. Əvəzində isə mülkiyyətə dair hüquqların onun adına keçirilməsini istəyir. Cavabdehin iki qızı Bakı Dövlət Universitetinin tələbəsidir, arvadı işləmir, özü isə xəstədir, ağır əməliyyat keçirmişdir. Həmin ərazidə aylıq kirayə haqqı 400 manat təşkil edir. O və ailə üzvləri 1997-ci ildən həmin ünvanda yaşayırlar. Əvvəllər o və 3 qardaşı atasına məxsus Bakı şəhəri, 4-cü mkr, Cəbiyev küçəsində yerləşən evdə yaşamışlar. Mamed adlı qardaşı evlənib həmin evdən getmiş, o isə Daxili İşlər Nazirliyində işlədiyi və ev növbəsində olduğu üçün mübahisəli mənzil formal olaraq Oktayın adına rəsmiləşdirilmişdir. Qarabağ müharibəsi ilə əlaqədar məcburi köçkünlərin şəhərə gəlməsi cavabdehi ev almaq hüququndan məhrum etmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdehlər məhkəməyə gəlməmişlər, buna baxmayaraq Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 066205 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Pişəvəri küçəsi, 1 saylı evin 42 saylı mənzili İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçmişdir. Bu barədə reyestr kitabında 26 fevral 1997-ci il tarixdə qeydiyyat aparılmışdır. “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, Cavadxan küçəsi, ev 1, mənzil 42-də qeydiyyatdadırlar. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 aprel 2021-ci il tarixli, H/03-PLS nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, Cavadxan küçəsi, 1 saylı evin 42 saylı mənzilin bazar dəyəri 60.000 manat, aylıq kirayə haqqı dəyəri isə 270- 300 manatdır. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. 2 saylı Bakı Dəmir Yol Poliklinikası tərəfindən 28 yanvar 2021-ci il tarixdə verilmiş xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdan görünür ki, 1958-ci il təvəllüdlü Cavabdeh1 beyin qan dövranı pozgunluğu, sağ pəncənin plegiyası, sroir ifrazının ləngimə tipli pozulması, L4,5 diskin sağtərəfinin yırtığı diaqnozu qoyulmuşdur. “National Prime” Hospital tərəfindən verilmiş 02 iyun 2020-ci il tarixli 563 nömrəli epikrizin surətindən görünür ki, Cavabdeh1 müayinə edilmiş və ona L4-L5 diskin sağtərəfli yırtığı, sağ pəncənin plegiyası, at quyruğunun sıxılması sindromu, sidik ifrazının ləngimə tipli pozulması diaqnozu qoyulmuşdur. Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş epikrizin surətindən görünür ki, Cavabdeh2 müayinə edilmiş və ona uşaqlığın divardaxili (intramural) leyomioması diaqnozu qoyulmuşdur. Fərdi Məşğulluq vərəqəsindən görünür ki, Cavabdeh2 işləmir, işaxtaran kimi qeydiyyatda olduğu müddət 133 gündür. Bakı Dövlət Universiteti tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, Cavabdeh3 qeyd olunan universitetin “Beynəlxalq münasibətlər və iqtisadiyyat” fakultəsində təhsil almışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş təhsil kartının surətindən görünür ki, Cavabdeh4 təhsil müddəti 2020-2022-ci illəri əhatə edir. 12 oktyabr 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, 1 saylı evin 42 saylı mənzili 1997-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Eyni zamanda, həmin ünvanda iddiaçı ilə yanaşı qardaşı Cavabdeh1 və onun ailə üzvləri (digər cavabdehlər) qeydiyyatda olmaqla yaşayırlar. Hazırda iddiaçı cavabdehlərə ümumilikdə 11.000 manat kompensasiya ödəməklə onların mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsini, həmin mənzildən çıxarılmalarını, cavabdehlərin həmin mənzildən çıxarılan günədək aylıq olaraq 300 manat vəsaitin kompensasiya məbləğindən çıxılmasını və qalıq pulun cavabdehə ödənilməsini xahiş edir, Cavabdeh1 isə iddianı ümumiyyətlə qəbul etmir. Məkəmə ilk olaraq qeyd edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsində göstərilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı olan mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinə uyğun, bu tarixə qədər yaranmış hüquq münasibətləri ilə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan müddəalarına əsasən yaranmışdır. Belə olan halda isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları qanunla qorunur. Lakin, bununla belə həmin hüquqlar mütləq xarakter daşımır və qanunvericiliklə müəyyən olunmuş şərtlər daxilində, yəni komensasiyanın verilməsi ilə ona xitam verilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1, 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənlı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçinin və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı onun elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. İnsan hüquqları haqqında Ümumi Bəyənnamənin 25-ci maddəsinə əsasən hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq və yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən mərhum olduğu hallarda təminat hüququna malikdir. İqtisadi, sosial, və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 11-ci maddəsinə görə bu Paktda iştirak edən dövlətlər hər kəsin özü və ailəsi üçün, kifayət qədər qida, paltar, mənzil, həmçinin həyat şəraitinin fasiləsiz yüksəlişi daxil olmaqla, qənaətbəxş həyat səviyyəsinə nail olmaq hüququnu tanıyırlar. İştirakçı dövlətlər bununla əlaqədar azad razılığa əsaslanan beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyətini etiraf edərək, bu hüququn təmin olunması üçün lazımi tədbirlər görməyi qərarlaşdırmışlar. Məhkəmə kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı həmçinin aşağıdakıları qeyd edir: 1)Kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı işlər fərqli xüsusiyyətlərə malik olduqlarına görə kompensasiyanın məbləğinin müəyyən edilməsində hər bir işin konkret xüsusiyyətləri, özünəməxsusluğu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır. 2) Kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması (məsələn, azyaşlı uşaqları ilə). 3) Kompensasiya ödənilən şəxsin evin təmirində, bərpasında rolu. 4) Yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranma əsası. 5) Kompensasiya təklif olunan şəxsin həmin evə köçməmişdən əvvəl yaşayış sahəsinə malik olub-olmaması, həmin yaşayış sahəsinin taleyi. 6) Yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği. 7) Kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları. 8) Kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri (məsələn, kompensasiya ödənilən şəxsin digər ailə üzvlərinə qarşı dəfələrlə cinayət törətməsi) 9) Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. İş materiallarından isə görünür ki, mübahisəli mənzilin yerləşdiyi ərazi üzrə şəraiti, sahəsi, texniki göstəriciləri baxımından oxşar mənzillərin orta kirayə haqqı 270-300 manat təşkil edir. Məhkəmə hesab edir ki, kompensasiya məbləği hesablanarkən həmin məbləğlərin orta göstəricisi əsas götürülməlidir (270+300 / 2), yəni aylıq kirayə haqqı 285 manat məbləği. Göründüyü kimi, həmin ərazidə oxşar mənzilin kirayə haqqı bir il üçün 3.420 manat, iki il üçün 6.840 manat, üç il üçün isə 10.260 manat təşkil edir. İddiaçı isə cavabdehlərə ümumilikdə kompensasiya olaraq 11.000 manat təklif edir. Göründüyü kimi, iddiaçının cavabdehlərə təklif etdiyi 11.000 manat məbləğində kompensasiya ədalətli və ağlabatandır. Belə ki, bu məbləğ cavabdehlərin mülkiyyətçinin hesabına davamlı sürətdə və kifayət qədər uzun müddət daxilində (iş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyi əsas götürüldüyü halda 3 il 2 aydan artıq müddətdə) başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsi öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlərə ümumilikdə 11.000 manat məbləğində kompensasiya verilməklə, onların mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməli, habelə onlar mübahisəli mənzildən çıxarılmalıdırlar. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehlərə ümumilikdə 11.000 manat məbləğində kompensasiya verilməsi ilə cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsi, habelə onların mübahisəli mənzildən çıxarılmaları hər iki tərəf üçün eyni vaxtda icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh1 etirazında mübahisəli mənzilin bazar dəyərinin 60.000 manat deyil, 100.000 manat civarında olduğunu, habelə həmin ərazidə oxşar mənzillərin kirayə haqqlarının 400 manat məbləğində olduğunu bildirsə də, lakin qeyd olunanları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, habelə həmin hallar iş materialları ilə də öz təsdiqini tapmamışdır. Halbuki, MPM–in 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Məhkəmə iddia tələbinin “cavabdehlərin həmin mənzildən çıxarılan günədək aylıq olaraq 300 manat məbləğində vəsaitin kompensasiya məbləğindən çıxılması və qalıq pulun cavabdehə ödənilməsi” hissələri ilə əlaqədar isə qeyd edir ki, iddiaçının qeyd olunan tələbləri ehtimal olunan tələblər olduğundan iddia bu hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan prosessual normaların tələblərinə əsasən hazırki iş üzrə qəbul edilmiş qətnamə yalnız qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilə bilər ki, bu zamanda cavabdehlərə ümumilikdə 11.000 manat məbləğində kompensasiya verilməsi ilə cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsi, habelə onların mübahisəli mənzildən çıxarılmaları hər iki tərəf üçün eyni vaxtda icra ediləcəkdir. Məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun tələbləri də Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğundan məhkəmə hesab edir ki, hazırda iddiaçının cavabdehlərin mübahisəli mənzildən çıxarılan günədək aylıq olaraq 300 manat məbləğində vəsaitin kompensasiya məbləğindən çıxılması və qalıq pulun cavabdehə ödənilməsi tələbinin təmin edilməsi üçün hər hansı əsas müəyyən olunmur. Əgər gələcəkdə cavabdehlər məhkəmə qətnaməsinin icrasını gecikdirərlərsə, iddiaçı məhkəmə qətnaməsinin icrasının gecikdirilməsinə görə maddi ziyanla bağlı ümumi qaydada məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Təsvir edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumilikdə 11.000 manat məbləğində kompensasiya ödənilməklə, cavabdehlərin Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, 1 saylı evin 42 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməli və onlar həmin mənzildən çıxarılmalı, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməli, habelə iş üzrə aparılmış qiymətləndirmə ekspertizasının dəyərini təşkil edən 300 manat İddiaçı tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumilikdə 11.000 (on bir) manat məbləğində kompensasiya ödənilməklə, onların Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, 1 saylı evin 42 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin və onlar həmin mənzildən çıxarılsınlar. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kompensasiya ödənilməsi ilə onların istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları eyni vaxtda icra olunsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə aparılmış qiymətləndirmə ekspertizasının dəyərini təşkil edən 300 (üç yüz) manat İddiaçı tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-918/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-918/2021
23.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver