Məhkəmə qərarları › İş №2(001)-919/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-919/2024

11.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-919/2024 11.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə (İB) qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbi barədə mülki işə 11 yanvar 2024-cü il tarixdə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: ünvan 1 ünvanında yerləşən 149 saylı mənzil İddiaçı mülkiyyətindədir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 21 sentyabr 2022-ci il tarixdə iddiaçıya məxsus mənzilə quraşdırılmış 1002AQ**********3 seriya nömrəli qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz edilmiş, köhnə sayğac yoxlanması üçün laboratoriyaya göndərilmişdir. Yoxlama nəticəsində müəyyən olunmuşdur ki, sayğacın elementi bitib, xx.xx.2022-ci il tarixə elektron göstərici 22032 kub-metr olmuş, sayğacın çıxış plastmas borusu deşilib, sayğac istismara yararsızdır. Bundan sonra həmin akt əsasında cavabdehin əməkdaşları tərəfindən 31 yanvar 2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, iddiaçıya 2073,6 manat borc hesablanmışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən barəsində təbii qazdan qeyri-qanuni istifadəyə görə əsasında hesablanmış 2073,6 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin, ona etirazın əsasları: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 149 saylı mənzilə quraşdırılmış sayğacı çıxararaq yerinə başqa sayğac quraşdırmışdır. Sayğac çıxarılarkən bütün plombları üzərində olmuş və sayğaca heç bir kənar müdaxilə olmamışdır. Həmin sayğac yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. Laboratoriyada aparılan yoxlamanın nəticəsinə əsasən sayğacın çıxış plastmas borusunun deşik olduğu qeyd edilmişdir. Hansı ki, həmin boru sayğacın daxilində yerləşir və iddiaçı üçün əlçatan deyil. Bundan sonra cavabdeh heç bir əsas olmadan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli akt tərtib etmiş, həmin akt və tələbnamə əsasında iddiaçıya 2073,6 manat əlavə borc hesablanmışdır. Bütün bu əməliyyatlar iddiaçıya heç bir xəbərdarlıq edilmədən və onun iştirakı olmadan icra edilmişdir. İddiaçı yalnız 2023-cü ilin oktyabr ayında qeyd edilən məsələlərdən xəbərdar olmuşdur. Cavabdeh iddia tələbinə yazılı etiraz ünvanlayaraq, göstərmişdir ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağı ola bilməz. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alğı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndi (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) ), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildirilir ki, **********01490 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. İddiaçının sayğaca müdaxilə etməsi cavabdehin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiş ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesalanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca güyə müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yanlış təsəvvür yaradaraq, dıymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Məhkəmə iclasında verilən izahatlar: Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirib, əlavə olaraq göstərdi ki, sözügedən evdə uzun müddət yaşayış olmamışdır. O, bir neçə aydan bir həmin evə gedib nəzarət etmişdir. Yaşayış olmadığından qazdan istifadə də yox səviyyəsində olmuşdur. Ehtimal olunur ki, uzun fasilələrlə işlədiyindən sayğacın ekranı sönmüş, buna görə də o, cavabdehə müraciət etmişdir. Cavabdehin əməkdaşları həmin sayğacı sökmüş, yenisi ilə əvəz etmişdir. Bu prosesdə o özü də iştirak etmiş, əvvəlki sayğac çıxarılarkən plombunun olmaması və ya üzərində hər hansı müdaxilə izlərinin olması barədə cavabdehin əməkdaşları tərəfindən ona heç nə bildirilməmişdir. Həmin sayğaca laboratoriya şəraitində baxış prosesində isə o iştirak etməmiş, onun ümumiyyətlə bundan məlumatı olmamışdır. Sonradan müəyyən edilmişdir ki, cavabdeh tərəfindən ona borc hesablanmış, əsas o olmuşdur ki, güyə o, əvvəlki sayğaca müdaxilə edərək təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Sonda iddiaçı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddianın rədd edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 149 saylı mənzil İddiaçı mülkiyyətindədir. - Cavabdehin əməkdaşları və iddiaçının iştirakı ilə tərtib edilmiş 21 sentyabr 2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, iddiaçıya məxsus mənzildən “İtron” tipli, “G4” markalı, 1002AQ**********3 nömrəli sayğac ekranın sönməsi səbəbi ilə çıxarılmış, mənzilə “Zenner” tipli, “G4” markalı, **********839 nömrəli yeni sayğac quraşdırılmışdır. - Abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya **********01490 abonent kodu verilmiş, iddiaçıya məxsus mənzildə təbii qazla işləyən cihazlar kimi 4 gözlü qaz plitəsi və qənaətli su qızdırıcısı göstərilmişdir. - Cavabdeh tərəfindən tərtib edilmiş “Qaz sayğacının yoxlanılması barədə” 27 yanvar 2023-cü il tarixli, MSK-19/1710-03721-1 nömrəli aktdan görünür ki, iddiaçının mənzilindən götürülmüş sayğaca baxış keçirilmiş, 01 sentyabr 2022-ci il tarixə elektron göstərici 22032 kub-metr olmurdur. Sayğacın çıxış plastmas borusunun deşildiyi, istismara yararsız olduğu göstərilmişdir. Həmin akt əsasında cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 31 yanvar 2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuş, dəymiş ziyanın hesablanmalı olduğu göstərilmişdir. - “Dəymiş ziyanın bərpasına dair” 31 yanvar 2023-cü il tarixli tələbnamədə göstərilmişdir ki, iddiaçının mənzili ilə bağlı qaz sayğacının nominal qaz sərfi 4 kub-metr, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə, itirilmiş qazın miqdarı 17280 kub-metr müəyyən edilmişdir. - Abonentin saldosundan görünür ki, iddiaçıya 2023-cü ilin yanvar ayına qalıq və aktlar üzrə iddiaçıya 2073,6 manat borc hesablanmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddiaya etirazı nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: -11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; - 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir;” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü- butları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 6.5-ci bəndinə əsasən, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. - 6.5-2-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. - 6.5-4-cü bəndinə əsasən, qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoğulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan sayğaca müdaxilə yolu ilə istifadə edilməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Lakin hər hansı səbəbdən istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması və ya istehlakçının pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi da istisna deyil. Belə olan halda, yalnız akta əsaslanan rəsmiləşdirmə hüquqi nəticə etibarı ilə etibarsız, istehlakçıya hesablanmış zərər məbləği isə əsassız olacaqdır. Bu səbəbdən cavabdehin əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, rəsmiləşdirmə zamanı digər sübutların əldə edilməsi (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması və sair) üçün tədbirlər görməlidir. Hazırki halda müəyyən edilir ki, iddiaçıya 2073,6 manat borcun hesanlanmasına əsas olan 31 yanvar 2023-cü il tarixli akt məhz cavabdeh tərəfindən tərtib edilmiş “Qaz sayğacının yoxlanılması barədə” 29/1710-03721-1 nömrəli akt əsasında tərtib edilmişdir. Sayğacda aşkar edilən xəta çıxış plastmas borusunun deşilməsi olmuşdur ki, bu, vizual görülə bilən müdaxilə olmadığından 21 sentyabr 2022-ci il tarixdə həmin sayğac iddiaçının evindən götürülərkən tərtib edilmiş aktda bu barədə qeyd aparılmamışdır. Belə olan halda, sayğaca müdaxilə faktı aşkar edildiyindən, iddiaçının təbii qazı qanunsuz talamaqla cavabdehə zərər vurduğu müəyyən edilir. Lakin, məhkəmə aktlarda və aktlar əsasında qəbul edilmiş qərarda (tələbnamə) aparılmış hesablama, yəni vurulmuş maddi zərərin məbləği ilə razılaşmır və bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də qaz cihazlarının orta günlük iş rejimi 24 saat kimi nəzərə alınmışdır. Halbuki, «Qazdan istifadə Qaydaları»nın 6.5-1-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmalıdır. İddiaçının mənzilindən müdaxilə edilmiş sayğac 21 sentyabr 2022-ci il tarixdə götürülmüşdür. Cavabdeh tərəfindən tərtib edilmiş tələbnamədə hesablama müddəti kimi 180 gün qəbul edilmişdir. Yəni, hesablama yay aylarındakı orta sərfiyyata uyğun aparılmalıdır. İddiaçının mənzilindəki qaz avadanlıqlarının 1 ədəd PQ4 cihazı, 1 ədəd kombi cihazı olduqları nəzərə alınarsa, bu cihazların hər birinin həm adi şəraitdə, həm də müxtəlif səbəblərdən (məsələn, sakinlərin 24 saat ərzində evdə olmaması, habelə gecə vaxtlarında yatmaları səbəbindən cihazları söndürməsi, mövsümə görə istifadə müddətinin dəyişməsi və sair), həm də təyinatına görə (məsələn, qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur, kombinin təyinatı isə həm evi isti su ilə təmin etmək, həm də evi isitmək olduğu üçün xüsusən də qış aylarında ondan gün ərzində uzunmüddətli istifadə mümkündür, yay aylarında isə ondan yalnız suyun isidilməsi üçün istifadə edilir) 24 saat işlək vəziyyətdə saxlanılması mümkün deyil. Ümumiyyətlə bu cihazların təyinatı təhlükəsizlik baxımından da onların bütün gün ərzində istifadə edilməsini istisna edir. Buna görə, məhkəmə təbii qazdan qeyri-qanuni istifadə edilməsi səbəbindən qənaət edilməməsi və nəticədə hər cihaz üzrə 24 saat ərzində istifadə edilməsi barədə cavabdehin mövqeyini əsassız hesab edir. Məhkəmə təcrübəsində eyni məzmunlu işlərə baxılması zamanı Cavabdeh İB tərəfindən təqdim edilmiş tələbnamələrdə “PQ-4” (yəni 4 gözlü qaz plitəsi) cihazının maksimal saatlıq qaz sərfinin 1,2 kub-metr/saat, “Kombi” cihazının isə maksimal saatlıq qaz sərfinin 2,6 kub-metr/saat olduğu göstərilmişdir. Məhkəmə cihazların təyinatına və istifadə edilməsinə dair yuxarıda nümayiş etdirilmiş mövqeyini nəzərə alıb hesab edir ki, “PQ-4” cihazının orta günlük iş rejimi 4 saat, “Kombi” cihazının isə iyun-sentyabr ayları da daxil olmaqla orta günlük iş rejimi 2 saat kimi qəbul edilməlidir. Lakin, iddiaçının əvvəlki dövr üzrə orta gündəlik qaz sərfinə nəzər yetirdikdə müəyyən edilir ki, iddiaçı 2022-ci ilin yanvar, fevral və mart aylarında, yəni qış aylarında hər ay 42 kub-metr qaz istehlak etmiş, buna görə hər ay 5 manat ödəniş etmiş, borc yaranmamışdır. Belə olan halda itirilmiş təbii qazın dəyəri əvvəlki dövr üzrə istifadə edilmiş həcmə uyğun, yəni 180 günə (6 aya) görə hər ay üçün 5 manat hesablanmaqla iddiaçının cavabdehə vurcuğu zərər 30 manat məbləğində müəyyənləşdirilməlidir. Qeyd olunmalıdır ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə görə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə borcu 30 manat məbləğində qəbul edilməli, beləliklə, iddia qismən təmin edilərək, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 2073,6 manat borcdan 2043,6 manatı silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən 149 saylı mənzil üzrə (abonent kodu: **********01490) hesablanmış 2073,6 manat borcdan 2043,6 manatı əsassız hesab edilərək silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar