Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-921/2024 17.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “hüquqi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “hüquqi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair JN-058A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədəki “X6” ilə “Ərizəçi” eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixdə Ermənistan, Vardenis rayonunda anadan olmuşdur. O, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı Maraqlı şəxs publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, sonuncu ərizənin icrasından imtina etmiş və imtinanın əsası kimi Torpağın mülkiyətə verilməsinə dair JN- 058A nömrəli şəhadətnamədə göstərilən hüquq sahibi “X6” kimi qeyd edilsə də, şəxsiyyətini təsdiq edən sənəddə “Ərizəçi” kimi qeyd edilmişdir. Qeyd edilənlərə əsasən ərizəçi sənədlərin ona aid olması faktı ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistan, Vardenis rayonunda anadan olmuş və Azərbaycan Respublikasının vətəndaşıdır. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X5 xx.xx.1985-ci il tarixdə nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydlər kitabında 19 nömrə ilə qeyd edilərək, qadına “Hüseynova” soyadı verilmişdir. - Torpağın mülkiyyətə verilməsinə dair JN-058A nömrəli, 30800027 kodlu şəhadətnamədən görünür ki, Abşeron rayon İslahatı Komissiyasının xx.xx.1980-ci il tarixli 21 saylı qərarı ilə 0.10 hektar torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. - Abşeron rayon İHB-nin Mehdiabad qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1998-ci il tarixli 24 nömrəli sərancamından çıxarışdan görünür ki, X3 0.10 hektar torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “JN-058A nömrəli torpağın mülkiyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibi “X6” kimi qeyd edilsə də, şəxsiyyətini təsdiq edən sənəddə “Ərizəçi” kimi qeyd edilmişdir. Ona görə də ərizənin icrasından imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Ərizəçi həmin maddənin göstərişinə istinad edərək xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Ərizədə qeyd olunan sənədlərin ərizəçiyə məxsus olması faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, başqa yolla müəyyən edilməsi mümkün olmadığından, qeyd edilən faktı müəyyən edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin” (JN-058A, KOD ********) xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuş Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-921/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-921/2024
17.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver