Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-9344/2021 20.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh2 və Cavabdeh1nə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi” tələbinə dair iddia ərizəsini ona əlavə olunmuş sənədlərlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK tərəfindən 10 may 2018-ci il tarixli müqavilə öhdəliklərinin yerinə yetirilərək, ünvan 1 ünvanında inşa edilmiş 1 bloklu, 3-cü mərtəbədə yerləşən 2 otaqdan ibarət, ümumi sahəsi 72,3 kv.m olan 7 saylı mənzilin onun sahibliyinə və istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin may ayında tanşım Namiq adlı şəxs ona bildirmişdir ki, "xxxx" MTK-nın Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202 məhəllədə inşa etdirdiyi binadan aldığı 2 otaqlı mənzili satmaq istəyir. Həmin binaya va mənzilə gedib yerində baxmışdır. Mənzil tam təmirsiz vəziyyətdə olmuşdur. Mənzili bəyənmiş və Namiqlə zəngləşib birlikdə kooperativin sədri X2 ünvan 2 ünvanda yerləşən ofisinə getmişlər. Namiq özü əvvəldən E.Şirinovadan mənzilin satılması barədə demiş, o, özüdə Elmira Şirinovadan həmin mənzillə bağlı hər hansı problem olub-olmadığını soruşmuş və sonuncu heç bir problem olmadığını demişdir. Bundan sonra arxayınlıqla həmin mənzili almaq qərarına gəlmişdir. Namiqlə həmin mənzili 68000 manata razılamışlar. Elə həmin gün, yəni 10 may 2018-ci il tarixdə sənədləri arvadı Pərvanə Əliyevanın adına hazırlamışlar. Və Pərvanəni aparıb sənədlərə imza etdirmişdir. Namiqə həmin tarixdə yaşadığı ərazidə əvvəlcə 40000 manat, bundan təxminən 2 ay sonra isə 28850 manat pul vermişdir. Bundan sonra "Xəzər" televiziyasında sözügedən bina ilə aparılmış çəkilişə baxanda məlum olmuşdur ki, aldığı mənzil başqa başqa-başqa adamlara satılmışdır. Bundan sonra o, mənzili aldığı şəxs Cavabdeh2 ogluna zəng vuraraq bildirmişdir ki, həmin 7 saylı mənzil başqa şəxsə məxsusdur. Bundan sonra Cavabdeh2 iki dəfə Elmira Şirinovanın xidməti ofisində onunla görüşmüş və hər dəfə də Elmira Şirinova 7 saylı mənzili ilk olaraq Cavabdeh2 satıldığını məhz həmin mənzilində Cavabdeh2 məxsus olduğunu bildirmişdir. Göründüyü kimi sözügedən mənzilə dair ilkin olaraq müqavilə Cavabdeh2 ilə bağlanmış, o da, sözügedən mübahisəli mənzilini ona satmışdır. Qeyd edilən məsələlərlə bağlı zərərçəkmiş şəxslərin şikayəti əsasında Elmira Şirinova və digər şəxslərin barəsində cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə eləcə də, mənzili ilkin olaraq əldə etmiş Cavabdeh2 və X3 zərərçəkmiş şəxs qismində tanınmışlar. X3 həmin cinayət işi üzrə zərərçəkmiş şəxs olaraq vermiş olduğu izahatında Elmira Şirinovanın həmin 7 saylı mənzili ondan əvvəl Cavabdeh2 adlı şəxsə satdığını demişdir. Sözügedən cinayət işi üzrə məhkəmənin hökmünə əsasən həmin 7 və 8 saylı mənzilə dair zərəçəkmiş şəxs olaraq Cavabdeh2 xeyrinə 115,595 manat maddi ziyan, 5000 manat mənəvi zərər və 30 manat dövlət rüsumu olmaqla, cəmi 120,625 manat məbləğində pulun ödənilməsi, eləcə də həmin 7 saylı mənzilə dair zərərçəkmiş şəxs olaraq X1 xeyrinə 45000 manat maddi ziyan 5000 manat mənəvi zərər və 30 manat dövlət rüsumunun tutulması hökm edilmişdir. Sadalanan xüsusatlardan göründüyü kimi, həmin mübahisəli mənzili əldə-etmiş şəxslərə dəymiş zərərin ödənilməsi təmin edilmişdir. Sözügedən mənzilə dair başqa bir şəxslə müqavilə bağlanmamış və hər hansı bir başqa şəxsin sahibliyində və istifadəsində deyildir. Hazırda, o dəfələrlə müraciət edərək, müqavilə öhdəliklərinin yerinə yetirilərək, müqavilə əsasında ona məxsus olan mənzili, onun sahibliyinə və istifadəsinə verilməsini tələb etməsinə baxmayaraq, MTK-nın nümayəndələri onun həmin mənzilə heç bir hüququnun olmadığını bildirərək, müqavilə əsasənda ona məxsus olan mənzili onun sahibliyinə və istifadəsinə verilməsini təmin etməmişlər. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı iddia ərizəsində cavabdeh qismində cəlb etdiyi fiziki və hüquqi şəxsin barəsində eyniləşdirməyə məlumatlarını(şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərməmiş, iş materialları ilə də həmin məlumatların müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa Cavabdeh2 cavabdeh kimi cəlb edilmiş olsa da, iddiaçı tərəfdən ona qarşı hər hansı tələb yönəltməmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir və iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. -152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. -152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. -152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci, 263-264cü, maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh2 və Cavabdeh1nə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə, o cümlədən 100(bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-9344/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-9344/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver