Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-944/2025 05.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, müqavilə üzrə ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, müqavilə üzrə ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli ST-14-10/21=008 nömrəli Müqavilənin və xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 ilə onun arasında bağlanmış ST-10-03/23 nömrəli Müqavilənin etibarsız hesab edilməsi və hər iki müqavilə üzrə ödənilmiş 29570 manat məbləğində pul vəsaitinin və ödənilmiş 178,71 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 ilə aralarında bağlanmış 14 dekabr 2021-ci il tarixli ST-14-10/21=008 nömrəli Müqaviləyə əsasən, Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 qızı X2 Türkiyənin Ankara Universitetində tibb təhsili üçün qəbulunu öz öhdəsinə götürmüşdür. Bunun müqabilində, müqavilənin ümumi dəyəri 11.000 ABŞ dolları olmasına baxmayaraq faktiki endirimli dəyəri olan 10,000 ABŞ dollarını tam olaraq 2 dəfəyə və həmin günün manat ekvivalentində ödənilməsi tələb olunmuşdur. İlkin olaraq 7000 ABŞ dolları, daha sonra isə 3000 ABŞ dollarının ödənilməsi müqavilənin 3.3-cü bəndində qeyd edilmişdir. Odur ki, 7000 ABŞ dollarını ödəmiş, qalan 3000 ABŞ dollarını isə qızı qəbul olunduqdan sonra ödəniş edəcəyi barədə Cavabdeh2lə razılaşmışlar. Qeyd edir ki, sözügedən müqavilə 36 ay müddətinə bağlanmışdır. Prosesin icrasının isə 30 ay ərzində yekunlaşması nəzərdə tutulmuşdur. Daha sonra, yəni 10 mart 2023-cü il tarixdə Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 ilə aralarında bağlanmış ST-10-03/23 nömrəli Müqaviləyə əsasən, Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 qızı X2 Türkiyənin Ankara Universitetində tam təqaüdlü təhsilini öz öhdəsinə götürmüş və bunun müqabilində 15000 ABŞ dolları ödəyəcəkləri barədə müqavilə bağlamağı tələb etmişdir. Cavabdeh tərəfindən müəyyən edilmiş Müqavilənin dəyəri olan 15000 ABŞ dolları tam olaraq tərəfindən Cavabdeh2 istifadəsində olan kaıt hesabına ödənilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh2 heç bir iş görməmiş və yalan vədlər verməklə onu aldatmışdır. Müqavilənin 4.1-ci bəndində aşağıdakılar göstərilmişdir: “Bu müqavilə 2 ili müddətinə bağlanılır. Prosesin icrası mövcud qanunvericiliyə uyğun olaraq 2024-cü ilin avqust ayına kimi yekunlaşması nəzərdə tutulur.” Həmin Müqavilənin 4.2-ci bəndində qeyd edilmişdir ki, “İcraçı hazırkı müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin icrasına 10 mart 2023-cü il tarixdən başlayır. Təqaüdün ən gec 10 avqust 2024-cü ildə gəlməsi gözlənilir.” Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh Müqavilə üzrə öhdəsinə götürdükləri öhdəliklər bu günə qədər yerinə yetirilməmişdir. Odur ki, Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 əməlinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 2024-cü ilin yanvar ayında şikayət etmişdir. Şikayət etdikdən sonra Cavabdeh2 tərəfindən cəmi 7930 manat məbləğində pul ona geri qaytarılmışdır. Lakin, Cavabdeh2 ödədiyi pulları tam şəkildə geri qaytarmadığına görə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-yə müraciət etmişdir. Nizami RPİ-nin 25-ci PŞ tərəfindən cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmiş və ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Göründüyü kimi, Cavabdeh2 yalan və əhəmiyyətsiz müqavilələr bağlamaqla onu aldatmış və 29570 manat məbləğində pul vəsaitini mənimsəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Belə ki, iddiaçının tələb etdiyi 29570 manat məbləğdən, 27000 manat məbləğini qəbul edirlər. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və onun nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “İcraçı” Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 ilə “Sifarişçi” İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ST-14-10/21=008 saylı müqavilədən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “İcraçı” 1.2 bəndi ilə müəyyən olunan xidməti göstərməyi, “Sifarişçi” isə həmin xidmətin əvəzində müqavilə ilə müəyyən edilmiş qiyməti “İcraçı”ya ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh1 MMC Sifarişçinin qızı (oğlu) X1 Ankara Universitetində tibb təhsili üçün qəbulunu öz öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən əgər şirkət imzaladığı müqaviləyə uyğun qəbulu ala bilməzsə bu zaman ödənişdən heç bir % (məbləğ) tutulmadan ödəniş tam olaraq 30 iş günü ərzində geri qaytarılır yaxud müştərinin digər universitetlərindən birinə qəbulu təklif olunur. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri 11.000 ABŞ dolları olmasına baxmayaraq faktiki endirimli dəyəri 10.000 ABŞ dolları olacaqdır. Ödəniş tam olaraq 2 dəfəyə və həmin günün manat ekvalentində ödənilir. (Faktiki dəyəri 17.000 manat olacaq) Müqavilənin 3.3-cü bəndinə əsasən ilkin olaraq 7000 ABŞ dolları, daha sonra isə 3000 ABŞ dolları ödənəcəkdir. “İcraçı” Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 ilə “Sifarişçi” İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ST-10-03/23 saylı müqavilədən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “İcraçı” 1.2 bəndi ilə müəyyən olunan xidməti göstərməyi, “Sifarişçi” isə həmin xidmətin əvəzində müqavilə ilə müəyyən edilmiş qiyməti “İcraçı”ya ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh1 MMC Sifarişçinin qızı X2 Türkiyənin Ankara Universitetində tam təqaüdlü təhsilini öz öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən əgər şirkət imzaladığı müqaviləyə uyğun qəbulu ala bilməzsə bu zaman ödənişdən heç bir % (məbləğ) tutulmadan ödəniş tam olaraq 30 iş günü ərzində geri qaytarılır yaxud müştərinin digər universitetlərindən birinə qəbulu təklif olunur. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri 15.000 ABŞ dolları olub manat ekvalentində ödənilir. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə 2 ili müddətinə bağlanılır. Prosesin icrası mövcud qanunvericiliyə uyğun olaraq 2024-cü ilin avqust ayına kimi yekunlaşması nəzərdə tutulur. Müqavilənin 4.2-ci bəndinə əsasən icraçı hazırki müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin icrasına xx.xx.2023-cü il tarixindən başlayır. Təqaüdün ən gec xx.xx.2024-cü ildə gəlməsi gözlənilir. xx.xx.2021-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə 8500 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 MMC-nin hesabına 900 manat məbləğində ödəniş edilmişdir. Ödəniş qəbzlərinin surətlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 hesabına xx.xx.2023-cü il tarixdə 10000 ABŞ dolları və 2000 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 3000 ABŞ dolları məbləğində ödənişlər etmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin rədd olunması barədə qərarın surətindən görünür ki, X4 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və ərizəçi vətəndaşa mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. “Whatsapp” mobil tətbiqində olan yazışmalardan görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 bank kartı hesabına 2500 manat məbləğində ödəniş köçürülmüşdür. xx.xx.2024-cü il tarixli xitam haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 MMC xitam haqqında qərar ilə həqiqətən də təsdiq etmişdir ki, sifarişçi İddiaçı ilə aralarında bağlanılan (ST-10-03/23) müqaviləsinin 9.5-ci maddəsinə əsas olaraq bildirilmişdir ki, müqavilənin 1 tərəfli xitam edilməsi tələb və ya təklif edən tərəf öncədən məlumatlıdır ki, ilkin olaraq ödənilən ödəniş heç bir halda geri qaytarılmır. Şirkət rəhbərliyinin humanizm və və milli dəyərlərə önəm verməsinə əsaslanaraq bildiriblər ki, sifarişçidən heç bir xidmət haqqı və faiz tutulmadan ödənişin 20 fevral tarixinədək qaytarılması nəzərdə tutulur. Bu xitam qərarı heç bir halda dəyişdirilə bilməz. Sifarişçi tərəfindən bu xitam haqqında qərar dəyişdirilməyə cəhd göstərilsə, müqavilənin 9.5-ci maddəsi tam olaraq qüvvəyə minəcəkdir. Ödəmə məbləği : 25500 manat. Ödəniləcək şəxs: İddiaçı. Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə müraciət edərək bildirmişdir ki, qızı X6 Universitetinə qəbul olunmasına köməklik göstərmək üçün Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2, aralarında bağlanmış xidmət müqaviləsi üzrə ondan ümumlikdə 22.000 ABŞ dolları pul vəsaiti almışdır. Baş İdarənin Əməliyyat idarəsində aparılmış araşdırma zamanı qeyd olunan müraciətin mülki xarakterli olmaqla məhkəmə qaydasında həll edilməsi olduğu müəyyən edilərək müraciət baxılmamış saxlanılmış və vətəndaşa mülki qaydada məhkəmə müraciət etmək hüququ izah edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 178,75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, müqavilənin ləğvi üçün öhdəliyin istənilən pozuntusu deyil, əhəmiyyətli pozuntusu əsas ola bilər. Hazırki işdə də Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 tərəfindən müqavilələr əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Qeyd olunmalıdır ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Bununla belə məhkəmə onu da vurğulayır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü Qərarında vurğulamışdır ki, nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları adlanan 421-ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Vurğulanmalıdır ki, göstərilən maddədə “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yuxarıda qeyd edildiyi kimi, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin edilməsi kimi müəyyən edilmişdir (Mülki Məcəllənin 1.1-ci maddəsi). Müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələri). Həmin Məcəllənin 389.1-ci maddəsinin mənasına görə müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan razılaşmadır. Odur ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Məhkəmə iddianın tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli ST-14- 10/21=008 nömrəli müqavilənin və xx.xx.2023-cü il tarixli ST-10-03/23 nömrəli müqavilənin etibarsız hesab edilməsi hissəsində hesab edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli xitam haqqında qərar ilə xx.xx.2023-cü il tarixli ST-10-03/23 nömrəli müqaviləyə xitam verilmişdir. Belə olan halda da, hazırda xx.xx.2023-cü il tarixli ST-10-03/23 nömrəli müqaviləyə xitam verildiyindən, həmin müqavilə məhkəmə tərəfində etibarsız hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-c il tarixli qərarı”na əsasən Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Həmçinin məhkəmə iddianın müqavilələr üzrə ödənilmiş pul vəsaitinin qaytarılması hissəsində də hesab edir ki, iddia bu hissədə də qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 ümumilkdə (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) 37400 manat məbləğində ödəniş edilmiş, həmin məbləğdən Cavabdeh2 tərəfindən 7908 manat məbləğində pul vəsaiti iddiaçıya qaytarılmışdır. Hazırda həmin məbləğ üzrə ödənilməmiş pul vəsaiti 29492 manat məbləğində müəyyən olunur. Həmçinin, cavabdeh tərəfindən iddia qismən etiraf edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli ST-14-10/21=008 nömrəli müqavilə etibarsız hesab edilməli, xx.xx.2021-ci il tarixli ST-14-10/21=008 nömrəli və xx.xx.2023-cü il tarixli ST-10-03/23 nömrəli müqavilələr üzrə ödənilmiş 29492 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 175 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ST-14-10/21=008 nömrəli müqavilə etibarsız hesab edilsin, xx.xx.2021-ci il tarixli ST-14-10/21=008 nömrəli və xx.xx.2023-cü il tarixli ST-10-03/23 nömrəli müqavilələr üzrə ödənilmiş 29492 (iyirmi doqquz min dörd yüz doxsan iki) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 175 (yüz yetmiş beş) manatı cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-944/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-944/2025
05.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver