Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-952/2024 09.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, faktiki olaraq ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı (abunə kodu: **********00002) çıxarılmışdır və bu barədə ARDNŞ Cavabdeh tərəfindən 02 aprel 2023-cü il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir. Cavabdeh tərəfindən 25 aprel 2023-cü il tarixdə qaz sayğacının yoxlanılması barədə akt tərtib edilmiş və aktda sayğacın çıxış plastmas borusunun deşilməsi, xətaların təyin edilə bilinməməsi, sayğacın giriş yivli birləşməsi ətrafında sız mövcud olması, sayğacın kipliyə yararsızlığı və sayğacın istismara yararsız olması qeyd edilmişdir. Cavabdeh tərəfindən 25 aprel 2023-cü il tarixdə ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Aktda sayğacın çıxış plastmas borusunun deşilməsi və sayğacın yivli birləşməsi ətrafında sızıntı mövcud olması qeyd edilmişdir. 30 aprel 2023-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə verilmişdir və qaz itkisi 25920 kub metr hesablanmışdır. Qaz itkisinə görə 3122 manat borc hesablanmışdır. Tərəflərindən sayğaca hər hansı bir müdaxilə edilməsi absurddur. Lakin onun qaz sayğacının dövlət yoxlamasına verilməsi, rəy verilməsi barədə akt tərtib edilməsindən məlumatı olmamışdır. Bu tamamilə əsassızdır. Belə ki, dövlət yoxlaması zamanı akt tərtib edilməsi barədə ona məlumat verilməmiş, onun iştirakı təmin edilməmiş və qaz sayğacına heç bir kənar müdaxilə olmamışdır. Əsassız olaraq itirilmiş qaz hesablanmışdır. O, hesab edir ki, formal olaraq belə bir akt tərtib edilmiş, sayğaca müdaxilə olmadığı halda, ona cərimə tətbiq edilməsi tamamilə əsassızdır. Aktlar onun iştirakı olmadan tərtib edilmişdir. Sayğacda və boru xəttində texniki səbəbdən baş vermiş nasazlıqların aradan qaldırılması birbaşa cavabdeh tərəfin öhdəliyindədir və vətəndaş bununla bağlı məsuliyyət daşımır. Hər-hansı bir problem yarandığı təqdirdə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq istehlakçını qabaqcadan xəbərdar etməli və qaz qurğusuna texniki baxış keçirməli idi. Həmçinin sayğaca texniki cəhətdən nəzarət etmək vətəndaşa aid deyildir, baş vermiş hər-hansı bir hadisə nəticəsində istehlakçı məsuliyyət daşımır, sayğac mənzildən bayırda yerləşir və qazpaylayıcı tərəfindən sayğaca ümumiyyətlə baxış keçirilməmişdir. Sayğaca müdaxilə edilməsi barədə cavabdehdə hərhansı bir sübut da yoxdur. Heç bir araşdırma aparılmadan qaz itkisi hesablanmışdır, tərəfindən qeyri-qanuni qazdan istifadəyə yol verilməmişdir və bu amili 3 ay müddətində yoxlamaqla ödənişləri tutuşdurub müəyyən etmək mümkün olardı. Bununla da, o, hesab edir ki, onun bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən ünvan 1 ünvanına (abonent kodu: **********00002) 25 aprel 2023-cü il tarixli akta və 30 aprel 2023-cü il tarixli tələbnaməyə əsasən əsassız hesablanmış 3122 (üç min bir yüz iyirmi iki) manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, qaz sayğacına tərəfindən hər-hansı müdaxilənin edilməməsini əsas gətirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdehnə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı 2023-cü il üçün 3110.40 manat borcu vardır. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində (istifadəsində) olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid sayğac laboratoriyaya göndərilmiş, qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-4020-1 nömrəli rəyə əsasən “sayğacın çıxış plastmas borusu deşilib, xətalar təyin edilə bilmədi, sayğacın yivli birləşmələri ətrafında sızma mövcuddur” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 02 aprel 2023-cü il tarixli, ******* saylı aktın surətindən məlum olur ki, İddiaçı məxsus ünvanda olan sayğac yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, cavabdeh tərəf hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00002 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İb-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmiş, həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” Akta əsasən “sayğacın hesablama mexanizminin plastmas qapağının üzərinə vurulan zavod qurğuşun plombu kəsici alətlə kəsilərək yapışqan maddə ilə yapışdırılıb, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı 30 aprel 2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” AKT tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnaməyə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. 30 aprel 2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 25920 kub metr təşkil etmişdir. Hesablanmış 3110.40 manat məbləğində dəymiş ziyan 2023-cü ilin aprel ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırılmışdır ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göstərilənləri nəzərə alaraq, iddia ərizəsinə öz etirazlarını bildirmişlər. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) müvafiq olaraq qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir (3.1.7). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5.5, 5.6). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandıra bilər (6.1.4). Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.”. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bu maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətində “sayğacın çıxış plastmas borusu deşilib, xətalar təyin edilə bilmədi, sayğacın yivli birləşmələri ətrafında sızma mövcuddur” kimi qeyd edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 3110.40 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, borc məbləğinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən borcun məbləği 3122 manat qeyd edilsə də, işdə olan sübutlarla borcun (aktlara əsasən və 2023-cü ilin aprel ayı üçün) 3110.40 manat olması müəyyən edilmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00002) dair hesablanmış 3110.40 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə də qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı da dövlət rüsumu ödəməkdən azad edildiyindən cavabdehdən iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 51.10 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz sərfinə görə istehlakçı İddiaçı (abonent kodu: **********00002) hesablanmış 3110.40 manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 51.10 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-952/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-952/2024
09.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver