Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-975/2023 31.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “sənədlərin eyni şəxsə məxsus olma faktının müəyyən edilməsi” tələbi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, evlənmək haqqında şəhadətnamədə X1 qeyd edilmiş sənədin, ölüm haqqında şəhadətnamədə qeyd edilmiş ad, soyad və ata adı uyğunsuzluğu olduğuna görə həmin sənədlərin eyni şəxsə, yəni X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1933-cü il təvəllüdlü mərhum əri X6 xx.xx.2022-ci il tarixində ürəyin kəskin işemik xəstəliyinin digər formaları xəstəliyindən əziyyət çəkdiyi üçün vəfat etmişdir. Əri- X6 ilə 1964-cü ilin noyabr ayının 2-də 23 saylı qeydiyyat aparılmaqla rəsmi nikaha daxil olaraq ailə qurmuş, soyadını Mustafayeva soyadına dəyişmişdir. Evlənmə haqqında şəhadətnamədə mərhum ərinin soyadı X2 qeyd edilmişdir. Halbuki, mərhum ərinin soyadı-Babalı, adı-Samid, soyadı- Mustafayevdir. Ərinə məxsus pensiyanı almaq hüququndan istifadə etmək üçün 1 saylı “ASAN Xidmət” Mərkəzinə müraciətin əsasında bildirmişdir ki, ona aid evlənmək haqqında şəhadətnamə və pensiya haqqında vəsiqə ilə ölüm haqqında şəhadətnamədə uyğunsuzluq olduğundan ərizəsi təmin edilmir. Bununla bağlı, 1 saylı “ASAN Xidmət” Mərkəzi tərəfindən milli arxiv idarəsinə sorğu verilmişdir. Lakin 1933-cü il tarixə olan doğum haqqında şəhadətnamələr qeydiyyat kitablarının arxivinə verilmədiyinə görə akt qeydinin axtarışının aparılması imkan xaricindədir kimi cavab verilmişdir. Bundan sonra o, Maraqlı şəxs1nə müraciət edərək, evlənmək haqqında şəhadətnamədə yalnışlığın düzəldilməsi barədə ərizəsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirmişdir ki, ərizəsini müdafiə edir və təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxılır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Plenum qərarında qeyd edilmişdir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Bundan başqa həmin qərarda göstərilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Bundan başqa “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçinin mərhum ərinin adı və soyadının nikah haqqında şəhadətnamədə X11 kimi, ölüm haqqında şəhadətnamədə X3 qeyd edilmişdir. Hazırda ərizəçi mərhum ərindən qalan pensiya məbləğinə əldə etmək üçün, sadalanan sənədlərdəki ad soyadlardakı uyğunsuzluqlar nəzərə alınmaqla onların eyni bir şəxsə məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə, ərizəçi nikah haqqında şəhadətnamədə mərhum ərinin adının düzgün qeyd olunmadığına görə, ölüm haqqında şəhadətnaməyə əsasən vəfat edən şəxsin onun əri olması barədə yaranmış mübahisədən narazıdır. Lakin ərizəçi vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə düzəliş edilməsi barədə inzibati orqanların üzərinə öhdəlik qoyulması barədə inzibati məhkəməyə müraciət etmək əvəzinə, sənədin eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Halbuki ölüm haqqında şəhadətnamə vətəndaşlıq vəziyyəti haqqında akt qeydi əsasında verilən qeydiyyat sənədidir. Orada edilən yalnışlıq isə akt qeydinə düzəliş edilməklə mümkündür. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların vətəndaşlıq vəziyyəti aktlarında yol verdikləri səhvlərin düzəliş edilməsindən əsassız olaraq imtina edildikdə isə müvafiq tələblə inzibati məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə məhkəmə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 261.0.1-ci maddəsinəs əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Odur ki, Ərizəçi “sənədlərin eyni şəxsə məxsus olma faktının müəyyən edilməsi” ərizəsinə dair mülki iş üzrə icraata xitam verilməli, ərizəçiyə qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Ərizəçi “sənədlərin eyni şəxsə məxsus olma faktının müəyyən edilməsi” ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Ərizəçiyə qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-975/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-975/2023
31.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver