Məhkəmə qərarları › İş №2(001)-986/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-986/2024

04.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-986/2024 04.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən əsassız olaraq yazılmış 1036 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində yerləşən fərdi yaşayış evi faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. xx.xx.2022-ci il tarixdə ona məlumat verilmədən qaz sayğacı yoxlanışa aparmış və nəticədə iddiaçıya 1036 manat cərimə hesablanmışdır. Sayğac dəyişdirilən zaman üzərində möhür olmuş və həmçinin tərtib edilən aktda hər hansı bir zədənin olması ilə bağlı qeyd aparılmamışdır. Yoxlanışdan sonra qaz sayğacı dəyişdirilmiş və bildirilmişdir ki, dəyəri ödənilməmiş vəsait ödənildikdən sonra yeni kart veriləcək və qaz bərpa olunacaq. İddiaçı asan kommunal mərkəzində ödəniş etdikdən sonra qazın verilməsi bərpa olunmuşdur. Sayğacda heç bir qüsurun olmamasına baxmayaraq, cərimənin yazılmasını iddiaçı əsassız hesab edir və bu səbəbdən də əsassız yazılmış borcun silinməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Qaz sayğacının çıxaırlması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli akta əsasən, İddiaçı məxsus qaz sayğacı yenisi ilə əvəz edilmişdir. - xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, sayğaca baxış keçirilmiş və sayğacın çıxış plastmas borusunda deşik olduğu qeyd edilmişdir. - Abonent saldosundan və elektron çıxarışdan müəyyən edilir ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən fərdi yaşayış evinə görə (abonent kodu **********50000) abonent borcu 2022-ci ilin noyabr ayının sonuna 1036,80 manat, 2024-cü ilin fevral ayına isə 884,30 manat borc qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının istifadəsində olan qaz sayğacına təqsirini sübuta yetirmədən qaz sərfiyyatına görə ona ziyan hesablamışdır. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin (qazın paylanması) 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qazdan istifadə qaydalari”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin qərarının 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının: - 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. - 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. - 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Beləliklə, müəyyən edildi ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən fərdi yaşayış evinin (abonent kodu **********50000) sayğacının çıxış plastmas borusunun deşik olması qeyd edilmiş və dəymiş ziyan hesablanaraq ödənilməsi tələb edilmişdir. Lakin akt tərtib edilərək, istehlakçı tərəfindən hər hansı bir müdaxilənin olub olmaması müəyyən edilməmişdir. Göründüyü kimi iddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia tələbi qismən əsaslıdır, ona görə də iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh tərəfindən qaz sərfinə görə hesablanmış borc əsassız olduğundan 884,30 (hazırda olan qalıq borc) manat məbləğində borc silinməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu **********50000) Cavabdeh tərəfindən əsassız hesablanmış 884,30 (səkkiz yüz səksən dörd manat otuz qəpik) manat borc (cərimə) silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar