Məhkəmə qərarları › İş №2(001)-989/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-989/2023

06.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-989/2023 06.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 (Abonent Kodu **********40000) ünvanı ilə bağlı əsassız hesablanmış 1034 (bir min otuz dörd) manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvan Abonent kodu **********40000 olmaqla Cavabdeh tərəfindən qazla təmin olunmaqdadır. Ödənişlər onun tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunub. 2005-2019-cu illərdə qeyd etdiyi ünvanda yerləşən ev yaşayış üçün yararsız vəziyyətdə olub və ümumiyyətlə yaşayış olmayıb. Buna görə də həmin ünvanda heç bir kommunal xidmətə ödəniş olunmayıb, bu faktı həmin sahə üzrə xidmət aparan bütün sahə nəzarətçiləri və bütün qonşular təsdiq edə bilərlər. 2018- 2019-cu illərdə həmin ünvanda təmir işləri aparıldıqdan sonra, 2019-cu ildən etibarən mənzildə yenidən yaşayış olub, uzun illər mənzildə yaşayış olmadığı üçün qaz şəbəkədən ayrılıb və təmirdən sonra yenidən sahə əməkdaşları tərəfindən qaz quraşdırılıb. Bu illər ərzində sayğac iddiaçıya aid olan həyət evinin çöl hissəsində yerləşdiyi üçün yararsız vəziyyətə düşmüşdür. Bununla yanaşı mənzilə aid olan su və işıq sayğacları da yararsız vəziyyətdə olub, 2022-ci ilin iyul ayında yeni sayğacla təmin olunanadək bütün borclar vaxtı-vaxtında tam şəkildə ödənilib. Qeyd etdiyi kimi mənzildə 10 ildən çox yaşayış olmayıb və ümumiyyətlə heç vaxt sayğaca onlar tərəfdən hər hansı müdaxilə olunmayıb. 2022-ci il tarixində cavabdehin əməkdaşları onların iştirakları olmadan ünvanına gələrək sayğacı dəyişdirmək üçün aparıblar. Yekun olaraq bildirmişdir ki, qeyd olunan sayğac 10 ildən artıq müddətdə nəzarətsiz şəkildə ona aid olan həyət evinin çöl hissəsində yararsız vəziyyətə düşüb, daha sonra 2019-cu ildə sahə nəzarətçiləri tərəfindən bərpa olunaraq işlək vəziyyətə salınıb. xx.xx.2022-ci ildə həmin sayğac evə aid hər-hansı şəxsin iştirakı olmadan laboratoriyada yoxlanılması üçün aparılıb və 2022-ci ilin oktyabr ayıda ona 1034 manat cərimə olunmağı ilə bağlı məlumat verilib. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, işdə olan sənədlərdən də müəyyən olunur ki, 2022-ci ilə qədər bu ev üzrə kommunal xidmətlər Zərifə Rəhimovanın adına rəsmiləşdirilmişdir. Hətta xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, sayğaca baxış keçirilmiş və sayğacın istismar müddəti bitdiyi üçün yeni sayğacla əvəz edilmişdir. Həmin aktda Zərifə Rəhimovanın imzası vardır. 2022ci ildən kommunal xidmətlər onun adına keçirilib, ödənişlərdə məhz onun tərəfindən ödənilmişdir. Buna baxmayaraq, cavabdeh Şirkətin əməkdaşları aktları, tələbnaməni və saldonu əvvəlki istehlakçının adına tərtib etmişdir. Əgər həqiqətən də onu sayğacında hər hansı şəkildə müdaxilə olunmuşdursa, cavabdeh Birliyin nümayəndələri onun iştirakını təmin edərdilər və akt onun iştirakı ilə tərtib olunardı. Lakin cavabdeh Birliyin əməkdaşları nəinki onun iştirakını təmin etməkdə maraqlı olmuş, ümumiyyətlə bu aktın surətini heç onun ünvanına da göndərməyə tənəzzül etməmişlər. Başqa sözlə deyilsə, akt həqiqətəndə düzgün əsaslarla tərtib edilmiş olsaydı onun iştirakı mütləq təmin olunardı, necə ki, başqa aktda Rəhimovanın iştirakını təmin etmişlər. Belə çıxır ki, hansı akt vətəndaşlara zərərlə bağlıdı həmin aktın tərtib edilməsində vətəndaşın iştirakı onlar üçün əhəmiyyət kəsb etmir. İşdə olan M.Ə.Rəsulzadə qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, o, evdə yalnız o, daimi qeydiyyatdadır və eyni zamanda istehlakçıya Azəriqaz bu məqamları müəyyən etmədən formal aktlar tərtib etmiş və ünvanına, yəni abunə hesabına əsassız borc hesablanmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Həmçinin iddiaya qarşı etirazını göndərməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 21 iyul 2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında aktın surətindən görünür ki, ünvan 1 ünvanına məxsus qaz sayğacı yeni Zenner tipli qaz sayğacı ilə əvəz edilmişdir Cavabdeh tərəfindən tərtib edilmiş 15 sentyabr 2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, ünvan 1 ünvanına quraşdırılmış sayğaca baxış keçirilmiş və aşkar edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruucu qapağına vurulan zavod qurğuşun plomb kəsilmiş, sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa edilmişdir. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin; Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 sentyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Rəhimova Zərifəyə ünvan 1 ünvanında itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 8640 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; **********40000 nömrəli abonent Rəhimova Zərifəyə məxsus abonentin saldosundan görünür ki, onun 2022-ci ilin sentyabr ayı üçün akt üzrə olan borcu 1036,80 manat təşkil edir; Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 2387 saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında daimi qeydiyyatdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göründüyü kimi iddiaçının yaşadığı evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən 15 sentyabr 2022-ci il tarixli, ******* nömrəli akt tərtib etmişdir. Lakin həmin aktın tərtib edilməsində həmin ünvanda yaşayanların iştirakı təmin edilməmiş, yalnız cavabdeh təşkilatın öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, habelə aktın tərtib edilməsinə hal şahidləri də cəlb edilməmişdir. Belə olan halda, 15 sentyabr 2022-ci il tarixli, ******* nömrəli akt etibarlı olmadığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, həmin akt əsasında Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, M.Məhəmmədxan küçəsi, keçid 2, ev 6 (Abonent kodu: **********40000) ünvanında təbii qazdan istifadə qaydalarının pozulması ilə əlaqədar hesablanmış 1034 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddia qiyməti 1.034 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30,34 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, M.Məhəmmədxan küçəsi, keçid 2, ev 6 (Abonent kodu: **********40000) ünvanında təbii qazdan istifadə qaydalarının pozulması ilə əlaqədar hesablanmış 1034 (bir min otuz dörd) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 30,34 (otuz manat 34 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar