Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1020/2023 18.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixli ******* №li Aktın məzmunundan görünür ki, ünvan 1 ünvanında quraşdırılmış sayğacdan kənar boru içərisindən rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə olunur. Kənar xəttin kəsilməsi, dəymiş ziyanın hesablanması tələb olunur.
2. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akta əsasən **********000090 saylı abonent İddiaçı 8640 m3 dəymiş ziyan həcmi hesablanmışdır.
İddia tələbi
3. İddiaçı Cavabdehnə qarşı aktın ləğv olunması və hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* saylı xx.xx.2022-ci il tarixli aktın ləğv edilməsi və "xxxx" ASC tərəfindən onun adına hesablanmış 1000 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi belə əsaslandırılmışdır ki, onun Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 4, keçid 8, ev 9 ünvanında fərdi yaşayış evi vardır. Həmin ev ona məxsus olmaqla birlikdə yaşayır. X1 ona məxsus olan torpaq sahəsində özünə məxsus təxminən 20 kv.m sahədə ev tikdirmiş və ailəsi ilə birlikdə həmin evdə yaşamaq istəmişdir. Lakin evdə qaz olmadığına görə sayğacı qoyulması üçün bu barədə xx.xx.2022-ci il tarixdə cavabdeh təşkilata ərizə ilə müraciət etmişdir. Üç aya yaxın gözləsə də yeni tikdirdiyi evinə qaz sayğacı qoyulmamışdır. Buna görə də oğlu məcbur olub evinə qaz sayğacı çəkilənə qədər kənar xətdən qaz çəkmək istəmişdir ki, köçüb öz evində yaşasın. Elə həmin gün də xx.xx.2022-ci il tarixdə qonşuların məlumatı əsasında qaz idarəsinin əməkdaşları gəlib baxış keçirmiş və ona məxsus sayğacda kənar xətt çəkilməsi barədə at tərtib edilmişdir. Həmin aktda qeyd edilir ki, abonentin mənzilinə quraşdırılmış sayğacdan qeyri qanuni istifadə olunur. Oğlu yeni tikdirdiyi evin qarşısından keçən qaz xəttindən evinə qaz çəkmək istəmişdir. Onun qaz xəttinə bunun heç bir aidiyyatı olmamışdır. Oğlunun kənr xətt çəkmək istədiyi xətlə onun sayğacının heç bir əlaqəsi olmadığı halda əsassız olaraq ona məxsus qaz sayğacına 1000 manat cərimə yazılmışdır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
5. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il tarixi 12 may qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə istinad etmişdir.
6. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, abonent kimi müqaviləni o bağlasa da kənar xətti onun həyətində özünə ev tikmiş oğlu çəkmişdir. Kənar xəttin çəkilməsini inkar etmir, lakin oğlu Azəriqaz İB-nin əməkdaşlarına qazın çəkilməsi barədə müraciət etsə də, cavabdehin əməkdaşları qaz xətti çəkmədikləri və qış ayları olduğu, oğlunun körpə uşağı olduğu üçün sonuncu məcbur olub kənar xətt çəkmişdir. Bundan bir neçə gün sonra yoxlama gəlmiş və cəriməni onun adına yazmışlar. Cəmirə məbləği ilə razı deyil, hesab edir ki, həmin məbləğ abonentin saldosuna əsasən həqiqi göstəriciləri ifadə etmir, o yalnız pensiya almaqla göstərilən borcu ödəməyə qadir deyildir. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir.
8. Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə məhkəmənin hazırlıq iclasında iştirak edərək iddianı qəbul etmədiyini, mənzildə kənar xəttin olmasının iddiaçının özü tərəfindən etiraf edildiyini, müvafiq akt tərtib edilərək 3 aylıq müddətə, günə 4 m3 olmaqla 8643 m3 sərfiyyat götürülərək borc hesablanmışdır. Göstərilənlərə əsasən hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
9. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə baxış iclasında cavabdehin nümayəndəsinin iştirakı təmin edilməmiş, və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi
10. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
11. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
12. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.
13. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
14. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir.
«İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanunu
15. 17-ci maddəsinə əsasən, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanun
16. 6-2-ci bəndinə əsasən, müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür.
17. 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»
18. 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
19. 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
21. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
22. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
23. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
24. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
25. 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.
26. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
27. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
28. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
30. İddia qismən əsaslıdır.
31. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac üzrə xx.xx.2022-ci il tarixli akta əsasən kənar xətt çəkilməklə maye qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, həmin akt əsasında hesabat müddəti 90 gün qəbul edilməklə 8640 m3 qaz itkisi müəyyən edilmiş və onun əsasında cavabdehə 1036,80 manat borc hesablanmışdır. İstehlakçı cavabdehin hesablanmış olduğu həmin ziyan məbləği ilə razılaşmayaraq həmin aktın ləğv edilərək borcun silinməsini tələb edir.
32. Məhkəmə ilk növbədə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, hazırkı iddia tələbi bilavasitə qanundan irəli gəlməklə, tərəflər arasında mübahisə mülki hüquq pozuntusundan (delikt) yaranan münasibətlərə aiddir.
33. Mülki hüquq pozuntusu (delikt) (Mülki Məcəllənin 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələri) dizpozisiya şərtləri aşağıdakı ünsürlərdən ibarətdir: 1) əməl (hərəkət və hərəkətsizlik) 2) əməlin hüquqazidd olması 3) təqsir.
34. Hazırkı işdə əməlin baş verib-vermədiyi, iddiaçının hüquqazidd hərəkət etməsi və bu zaman təqsirli olmasının yoxlanması zamanı ilk növbədə sübutetmə yükünün düzgün müəyyən edilməsi zəruridir. Məhkəmə qeyd edir ki, kənar xəttin çəkilməklə qaz itkisinin baş verməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutları təqdim etmək vəzifəsi həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2ci cümləsinə görə məhz Cavabdeh İB-nin üzərinə düşür.
35. Cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı sübut qismində xx.xx.2022-ci il tarixli akta və həmin akta əsasən hesablanmış dəymiş ziyanla bağlı tələbnaməyə istinad edilmişdir. Məhkəmə iddiaçının verdiyi izahatında və ona verilmiş suallara cavabında sözügedən mənzildə kənar xəttin çəkilməsini qəbul etməsini nəzərə alaraq cavabdehin təqdim etdiyi həmin sübutları borcun hesablanmasına əsas olan faktın baş verməsi hissəsində mötəbər sübut kimi qiymətləndirir.
36. Bununla da, məhkəmə hazırkı mülki iş üzrə istehlakçı qismində çıxış edən iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində qaz paylayıcısına maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması halını sübut edilmiş hesab edir. Bu da öz növbəsində cavabdehin qaz xəttinə qanunsuz qoşulması, maye qazdan qeyri-qanuni istifadə etməsini bir daha təsdiq edir və iddiaçıya vurulmuş zərərin əvəzinin cavabdehdən tutulmasını şərtləndirir.
37. Məhkəmə vurulmuş ziyanın məbləği ilə bağlı araşdırma apararaq təqdim edilmiş akt və abonentə məxsus saldo məlumatlarının qarşılıqlı müqayisəsinə əsasən iddiaçı tərəfindən hesablama düzgün qaydada aparılmadığından iddia üzrə tələb edilən zərər məbləği ilə razılaşmır.
38. Belə ki, xx.xx.2022-ci il tarixli akta və tələbnaməyə əsasən itirilmiş qazın bərpası üçün maye qazın 1 m3-i 0,12 manatdan hesablanmışdır (8640 x 0.12 = 1036,8 manat). Lakin məlum olduğu kimi, Azərbaycanda əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satışı üçpilləli tarif sistemi ilə həyata keçirilir və əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün bir kubmetrə görə 25 qəpik hesablanır. Hər bir halda, limitin keçməsi halı baş vermişdirsə, aktda 1m3 - 0,20 və ya 0,25 manatdan hesablanmalı idi, iddiaçı tərəfindən isə limiti keçən qaz sərfiyyatına görə borc məbləği 0,12 manatdan hesablanmışdır. Məhkəmə hesablanma qaydası ilə sərfiyyat arasındakı bu uyğunsuzluğu nəzərə alıb hesab edir ki, vurulmuş ziyanın həddi ilə bağlı hissədə aktın mötəbərliyi şübhə doğurur.
39. Digər tərəfdən həmin akt üzrə hesablama 90 gün üzrə, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddət üçün aparılmışdır. Lakin iddiaçıya məxsus saldo məlumatlarına nəzər saldıqda 2022-ci ildən əvvəlki illərin eyni dövrünü (yanvar-mart ayları) əhatə edən sərfiyyatın miqdarının (450, 300, 300, 330, 400, 100, m3) orta hesabla 313.3 m3 olduğu müəyyən edilir.
40. Sözügedən aktın əhatə etdiyi dövr üzrə digər illərin eyni dövrünü əhatə edən sərfiyyatın işin halları nəzərə alınmaq hətta iki qatı götürüldükdə belə (kənar xəttin iddiaçının həyətində onun oğlu tərəfindən inşa edilmiş qanunsuz tikiliyə çəkildiyini, qış aylarında öz evi ilə yanaşı həmin evdə bir ədəd İran peçinin istifadə edildiyini iddiaçı etiraf etmişdir) ortaya çıxan rəqəm tələbnamədə göstərilən rəqəmdən xeyli aşağı təşkil edir (626,6 x 0,12 = 75,10 manat).
41. Məhkəmə onu da qeyd edir ki, işdə olan ərizədən görünür ki, iddiaçının X1 10 yanvar 2022-ci il tarixdə özü Azəriqaz İB-yə müraciət edərək Qaradağ rayonu, 4-cü massiv, 8-ci keçid ünvanında yerləşən fərdi yaşayış evinin öz şəxsi vəsaiti hesabına qazlaşdırılmasına kömək olunmasını xahiş etmiş, həmin tarixdə tərəflər arasında razılaşma protokolu imzalanmışdır. Bundan sonra qış ayları nəzərə alındıqda vətəndaşın maye qaza ehtiyacın zəruriliyi, bu istiqamətdə vətəndaşın müraciəti olmasına baxmayaraq qazla təminatın həyata keçirilməməsi və iddiaçı tərəfindən kənar xəttin hansı tarixdə çəkilməsinin qeyri-müəyyən olması nəzərə alınaraq maye qazdan qeyri-qanuni istifadə müddətinin cavabdeh tərəfindən hansı əsasla 3 ay hesablanması aydın deyil.
42. Bununla da, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli akt və tələbnamədə göstərilən qeyri-qanuni sərfiyyat müddəti və zərər məbləği reallığı əks etdirmir. Belə olan halda, iddiaçı tərəfindən maye qazdan qeyri-qanuni istifadə müddətinin bir ay götürülməsi daha ağlabatan və real olmaqla, həmin müddətdə 2880 m3 sərfiyyat üzrə və aktda bir m3-i 0.12 manat hesablanması əsas götürülərək, məhz 345.60 manat məbləğində zərərin vurulduğu müəyyən edilməlidir (2880 x 0,12).
43. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Mülki prosesdə məhkəmə həqiqətə nail olmaq üçün yalnız işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
44. Göstərilənlər “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında da öz əksini belə tapmışdır ki, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır.
45. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar və 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, MPM-in 119cu maddəsinin tələbi baxımından hazırkı mülki iş üzrə tərəflərin dövlət rüsumu ödəməkdən azad olunması halının nəzərə alınmasını zəruri hesab edir.
46. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh İB tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 4, keçid 8, ev 9 ünvan üzrə **********00090 №li abonentə dair tərtib edilmiş ******* nömrəli 27 mart 2022-ci il tarixli akta əsasən ünvan 3 ünvanı üzrə (abonent kodu: **********00090 üzrə) hesablanmış 654.4 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən silinməli, iddia qalan hissədə təmin edilməməlidir.
47. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 4, keçid 8, ev 9 ünvan üzrə **********00090 №li abonentə dair tərtib edilmiş ******* nömrəli 27 mart 2022-ci il tarixli akta əsasən hesablanmış 654.4 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova