Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-103/2022 18.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «özbaşına inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, süni maneələrin aradan qaldırılması, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi və ona məxsus pilləkənin bərpası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 5 saylı evdə Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş bütün tikililərin sökülməsi və Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 5 saylı evin pilləkən hissəsinin təmirinə yaradılmış maneələrin aradan qaldırılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iki dəfə ərizə (iddia ərizəsinə əlavə, mahiyyət etibarı ilə iddia tələbinin həcminin artırılması barədə ərizələr) ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 5 saylı evdə yaşayan Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş, evinin qarşısındakı pilləkəninin altında tikilmiş təzə tikilinin sökülməsi, pilləkənin bərpa olunması və evinə dəyən ziyana görə 20.000 manat, mənəvi ziyana görə 10.000 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 5a saylı evi alğı-satqı müqaviləsinə əsasən almışdır. Alğısatqı müqaviləsi əsasında aldığı ev xx.xx.2020-ci il tarixdə mülkiyyət hüququ üzrə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda o, həmin mənzilin mülkiyyətçisidir. Qeyd etmək istəyir ki, o, himayəsində iki atılmış uşaq saxlayır, yaşadığı evi də həmin saxladığı uşaqlar üçün almışdır. O, uşaqlara təmənnasız olaraq baxır, uşaqların lazım olan bütün ehtiyaclarını qarşılamaq üçün əlindən gələni edir. Hal-hazırda uşaqlardan birinin 18 yaşı tamam olub və hazırda Kəlbəcər rayonu ərazisində hərbi xidmətdədir. Digər uşağın isə 15 yaşı vardır. Bundan əlavə isə İ qrup əlil olan oğlu X5 da onun himayəsindədir, oğluna xüsusi qulluq edir. Lakin qonşuluqda yaşayan iş üzrə olan Cavabdeh ona və ailə üzvlərinə evində rahat yaşamağa imkan vermir. Belə ki, cavabdeh onun yaşadığı evin qarşısında qanunsuz tikinti işləri aparır. Əgər Cavabdeh bu qanunsuz tikintini apararsa o, öz evində hava və işıq üzünə həsrət qalacaq. Bundan əlavə ona aid olan pilləkəni kəsib, evinə xəsarət yetirib, evində çat əmələ gəlib, hər bir vaxt uça bilər, həmin pilləkəni bərpa etmək istədikdə isə ustaya imkan vermir ki, məhv etdiyi pilləkəni bərpa etsin. Cavabdeh bildirir ki, burada nə istəsə onu da edə bilər. Cavabdeh onu öldürməklə, yandırmaqla hədələyir, onun ünvanına nalayiq söyüşlər deyir. Cavabdeh məktəbdə tərbiyəçi işləyir, lakin özünü qoçu kimi aparır. Cavabdeh dəfələrlə ona və ailə üzvlərinə xəsarət yetirib, dəfələrlə cavabdehin hərəkətləri barədə dövlət qurumlarına və «102» xidmətinə zəng vuraraq şikayət etmişdir. Lakin polis işçiləri gəlir, qanunsuz tikilinin tikilməsinə qadağa qoyur, sonra isə Cavabdeh yenə öz bildiyi kimi hərəkət edir, bir sözlə hökmranlıq edərək onların rahat yaşamalarına imkan vermir. Hal-hazırda isə qanunsuz tikinti işləri davam edir. Cavabdehin bu qanunsuz hərəkətləri açıq-aşkar göstərir ki, o, tikinti norma və qaydalarına qətiyyən əhəmiyyət vermir, nəticədə ətrafda yaşayan insanları real təhlükə qarşısında qoyur, mülkiyyətində olan mənzilin yaşayış üçün yararsız hala düşməsinə səbəb olur. Bu barədə qəsəbə nümayəndəliyinə şikayət etdikdə bildirir ki, onun tikinti aparmağa heç bir sənədi yoxdur, lakin bu insan dəlidir. Cavabdehin hərəkətləri barədə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddianı qəbul etmədi, cavabdehin izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının, cavabdehin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 17 sentyabr 2020-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi tam pay üzrə xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin evə dair həmçinin İddiaçı adına texniki pasport (xx.xx.2020-ci il tarixli, 04/5048 inventar nömrəli) tərtib edilərək, zəruri texniki göstəricilər əks olunmuşdur. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, tikiliyə dair sənədləri olduğunu bildirsə də, məhkəməyə hər hansı hüquqmüəyyənedici sənəd təqdim etmədi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2022-ci il tarixli, 10/6097 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən inşa edilmiş tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın üçüncü və dördüncü bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən yarımçıq tikilinin inşası zamanı, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələbinin pozulduğu müəyyən olundu. Həm iddiaçıya məxsus fərdi yaşayış evi, həm də cavabdeh tərəfindən inşa olunan yarımçıq tikilinin inşası zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələbi gözlənilmədiyinə görə, Cavabdeh tərəfindən inşa edilmiş tikilinin X1 məxsus evin işıqlandırılma və havalandırılmasına mane olması istisna olunmur. Həmçinin qeyd olunur ki, cavabdeh tərəfindən inşa olunan tikili istiqamətində olan iki ədəd pəncərə və bir ədəd nəfəslik iddiaçıya məxsus fərdi yaşayış evinə dair tərtib olunmuş «Texniki pasport»da öz əksini tapmamışdır. Cavabdeh tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə yaxın tikinti-quraşdırma işləri aparılaraq tikinti inşa etdiyini nəzərə alaraq, iddiaçıya məxsus fərdi yaşayış evinin divarlarında yaranmış qüsurların cavabdeh tərəfindən aparılmış tikinti-quraşdırma işləri nəticəsində yaranan silkələnmələrdən əmələ gəlməyə xarakterik olduğu müəyyən edilir. Həmçinin qeyd olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinə dəymiş ziyanın dəyəri müvafiq mütəxəssislər tərəfindən fərdi yaşayış evi üzrə müayinə və tədqiqat işləri aparılaraq, evin bünövrəsinin, eləcə də digər konstruktiv elementlərinin texniki vəziyyəti, həmçinin gücləndirmə işlərinin aparılmasının zəruri olub-olmaması öyrənildikdən, həmin işlərin həcmi dəqiqləşdirildikdən və tikililərin bərpa işlərinə dair layihə-smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. Aparılmış tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 26 may 2022-ci il tarixli, 17 saylı hesabatından (tikinti-təmir xərclərinin müəyyən edilməsi barədə mütəxəssis rəyindən) görünür ki, X1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi Entuziast küçəsində yerləşən 5a saylı fərdi yaşayış evinin mansardın açıq eyvanına dəymiş ziyan – 2.520 manat təşkil edir. Qiymətləndirmə xərci 200 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin 04 avqust 2022-ci il tarixli məktubundan görünür ki, məhkəmənin 22 iyun 2022-ci il tarixli məktubunda göstərilən sualların cavablandırılması üçün qeyd olunan obyektdə texniki müayinə işlərinin aparılması tələb olunur. Bu da çoxhəcmli olduğundan, ödənişli əsaslarla, yalnız müvafiq qaydada bağlanmış müqavilə əsasında mümkündür. İşin faktiki hallarından görünür ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yaxınlığında Cavabdeh tərəfindən inşa edilmiş tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın üçüncü və dördüncü bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Həmin Qaydaların üçüncü bəndinə əsasən - 3.1. Dəyişikliklər aparılacaq sahəyə inventarlaşdırma işlərini görən layihə təşkilatları, firmalar və mütəxəssislər cəlb edilməklə mövcud obyektin ilkin layihə sənədləri nəzərdən keçirilib, bina və ya qurğu müayinə edilməlidir. Mövcud bina və ya qurğunun kateqoriyası və konstruktiv sxemi layihə təşkilatı tərəfindən təyin edilməlidir. Dəyişikliklərin aparılmasının mümkünlüyünü müəyyən etmək üçün mövcud bina və ya qurğuya müvafiq qaydada vizual və instrumental baxış keçirilməlidir. 3.2. Mövcud bina və ya qurğunun ilkin layihə sənədlərinin müəllifindən onlarda dəyişikliklərin aparılması barədə müvafiq razılıq alınmalı və dəyişikliklər ediləcək işlər üçün hazırlanmış layihə həmin müəllif ilə razılaşdırılmalıdır. 3.3. Dəyişikliklər ediləcək sahənin layihə sənədlərini hazırlayarkən memarlıq, şəhərsalma, yanğın təhlükəsizliyi və sanitar normalarının tələbləri mütləq nəzərə alınmalıdır. 3.4. Genişləndirmə, yenidənqurma işlərinə aid layihə-smeta sənədlərinin işlənməsi zamanı qüvvədə olan tikinti norma və standartlarının tələbləri nəzərə alınmalıdır. 3.5. Nəzərdə tutulmuş konstruktiv dəyişikliklərin həllinin mümkünlüyü hesabat əsasında dəqiqləşdirilməli və lazım gəldikdə, mövcud konstruksiyaların gücləndirilməsi üçün layihə təşkilatının rəyi alınmalıdır. 3.6. Obyektə dəyişikliklərin edilməsi müsbət həllini taparsa, bu məqsədlə hazırlanmış layihə-smeta sənədləri görüləcək işlərə aid memarlıq-planlaşdırma, konstruksiyaların gücləndirilməsi və mühəndis hesabatları üzrə həlləri özündə əhatə etməlidir. 3.7. Dəyişikliklərin aparılması ilə əlaqədar işlənmiş layihə sənədləri müvafiq qaydada ekspertizadan keçirilməlidir. Həmin Qaydaların dördüncü bəndinə əsasən - 4.1. Sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. 4.2. Şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir. 4.3. Memarlıq-tikinti xidmətinin müvafiq rəyi nəzərə alınmaqla, obyektdə dəyişikliklərin edilməsi yerli icra hakimiyyəti ilə razılaşdırılır. 4.4. Tarix, mədəniyyət və memarlıq abidələrində aparılacaq dəyişikliklər Mədəniyyət və Turizm Nazirliyinin , «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılığı ilə edilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələblərinə riayət edilməmişdir. Belə ki, həm iddiaçıya məxsus fərdi yaşayış evi, həm də cavabdeh tərəfindən inşa olunan yarımçıq tikilinin inşası zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələbi gözlənilmədiyinə görə, Cavabdeh tərəfindən inşa edilmiş tikilinin X1 məxsus evin işıqlandırılma və havalandırılmasına mane olması istisna olunmur. Həmçinin müəyyən olunur ki, cavabdeh tərəfindən inşa olunan tikili istiqamətində olan iki ədəd pəncərə və bir ədəd nəfəslik iddiaçıya məxsus fərdi yaşayış evinə dair tərtib olunmuş «Texniki pasport»da öz əksini tapmayıb. Qeyd olunan Məcəllənin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinə əsasən ara məsafəsi aşağıdakı qaydada müəyyən edilmişdir: bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə – divar hündürlüyünün 0,3 hissəsi. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ünvan 2 ünvanda inşa edilmiş tikili İddiaçı məxsus yaşayış evi ilə 1,2 metr məsafə qoyulmaqla həmin hissədə Cavabdeh hesabına sökülməlidir. İddiaçı özbaşına inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbi irəli sürsə də, həmin tələb qismən əsaslıdır və yuxarıda qeyd olunduğu həcmdə təmin edilməli, qalan hissədə rədd edilməlidir. Çünki, cavabdehin yaşamağa başqa yaşayış yeri yoxdur, özbaşına tikilinin həmin ərazidə olması iddiaçının mülkiyyət hüquqlarını pozmur və tikilinin tam sökülməsi zərurəti də yoxdur. Cavabdehə qarşı qanunsuz tikilinin sökülməsi tələbi ilə buna subyektiv hüququ olan şəxs irəli sürə bilər. Məhkəmə hesab edir ki, iddia iddiaçıya evinin pilləkəninin təmirinə cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması tələbinə dair hissədə əsaslıdır. Belə ki, işin faktiki hallarından aşkar şəkildə görünür ki, cavabdeh iddiaçıya mülkiyyətində olan evin pilləkənin təmirinə süni maneələr yaradır, bununla da iddiaçının (mülkiyyətçinin) qanunla qorunan hüquqlarını pozur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bu səbəbdən, iddia yuxarıda qeyd olunan hissədə təmin edilməli, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin pilləkəninin təmirinə cavabdeh tərəfindən yaradılmış süni maneələr aradan qaldırılmalıdır. İddiaçı ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb etsə də, "xxxx" MMC-nin 26 may 2022-ci il tarixli, 17 saylı hesabatına əsasən İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsində yerləşən 5a saylı fərdi yaşayış evinin mansardın açıq eyvanına dəymiş ziyan – 2.520 manat təşkil edir. Məhkəmə hesab edir ki, mansardın açıq eyvanına dəymiş 2.520 manat zərər Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin mansardının açıq eyvanına Cavabdeh tərəfindən 2.520 manat həcmində maddi zərər vurulmuşdur. Ziyan məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulmuşdur. İddiaçı ona 20.000 manat həcmində maddi zərər vurulduğunu bildirir. İddiaçı ona 2.520 manatdan daha artıq maddi zərər vurulmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə mahiyyəti üzrə tam, hərtərəfli və obyektiv baxılması üçün 22 iyun 2022-ci il tarixli məktubla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə sorğu verərək, iş üçün əhəmiyyətli suallar qoyulmuşdur. Tikintidə X2 Agentliyi məhkəməyə yuxarıda qeyd olunmuş 04 avqust 2022-ci il tarixli məktubla müracət edərək, göstərilən sualların cavablandırılması üçün qeyd olunan obyektdə texniki müayinə işlərinin aparılması tələb olunduğunu, bunrun da çoxhəcmli olduğundan, ödənişli əsaslarla, yalnız müvafiq qaydada bağlanmış müqavilə əsasında mümkün olduğunu məhkəmənin nəzərinə çatdırmışdır. Bundan sonra iddiaçı öz maraqlarının mümkün qədər tam şəkildə təmin edilməsi, vurulmuş maddi zərərin dolğun şəkildə müəyyən edilməsinə şərait yaratmamış, ekspertizanın keçirilməsi üçün ekspertiza xərci ödəməmiş, Tikintidə X2 Agentliyi ilə sorğuya cavab məktubunda qeyd olunan müqaviləni bağlamamışdır. Bu səbəbdən, iddia maddi zərərin ödənilməsinə dair qalan hissədə təmin edilə bilməz. Məhkəmə bir daha vurğulayır ki, Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Aşkardır ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin bünövrəsinə zərərin vurulub-vurulmamasının, zərər vurulmuşdursa vurulmuş zərərin aradan qaldırılması üçün zəruri olan vəsaitin həcminin müəyyən edilməsi, digər sözlə ifadə etdikdə tədqiqat obyektinə baxış keçirərək, rəy verilməsi üçün xüsusi bilik tələb edən mütəxəssislərə müraciət edilməlidir. Bunun üçün tədqiqat obyektinə xüsusi bilik tələb edən mütəxəssislər tərəfindən baxış keçirilərək rəy verilməlidir. Məhkəmə, yuxarıda qeyd olunduğu kimi, mülki iş materiallarını bu məqsədlə tədqiqat aparılması (müvafiq olaraq layihə-smeta sənədlərinin tərtib edilməsi) üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumuna göndərmiş, həmin təşkilat tərəfindən tədqiqatın ödənişli əsaslarla aparıldığı məhkəmənin diqqətinə çatdırılmış, iddaçıya bu barədə hesab-faktura göndərilsə də, iddiaçı tərəfindən ödəniş edilməmiş, ekspertizanın aparılmasına lazımi şərait yaradılmadığından yaşayış evinin bünövrəsinə vurulmuş ziyanla bağlı rəy verilməsi (layihə-smeta işlərinin aparılması) mümkün olmamış, bu səbəbdən iş icrasız məhkəməyə qaytarılmışdır. Bu səbəbdən, iddia vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair hissədə qismən – yalnız 2.520 manat həcmində təmin edilə bilər. Vurulmuş mənəvi zərərə görə cavabdehdən 10.000 manat pul vəsaiti tutulmasına dair hissədə iddia təmin edilə bilməz. Belə ki, iddiaçı ona 10.000 manat həcmində mənəvi zərər (real zərər) vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 230 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 3 ünvanda inşa edilmiş tikili İddiaçı məxsus yaşayış evi ilə 1,2 metr məsafə qoyulmaqla həmin hissədə Cavabdeh hesabına sökülməli; İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin pilləkəninin təmirinə cavabdeh tərəfindən yaradılmış süni maneələr aradan qaldırılmalı; iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin mansardının açıq eyvanına vurulmuş zərərə görə 2.520 manat Cavabdeh İddiaçı xeyrinə tutulmalı; iş üzrə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba, 200 manat qiymətləndirmə xərci Cavabdeh tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməli; ödənilmiş 230 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 55 manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulmalı; ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 4 ünvanda inşa edilmiş tikili İddiaçı məxsus yaşayış evi ilə 1,2 metr məsafə qoyulmaqla həmin hissədə Cavabdeh hesabına sökülsün. İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin pilləkəninin təmirinə cavabdeh tərəfindən yaradılmış süni maneələr aradan qaldırılsın. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin mansardının açıq eyvanına vurulmuş zərərə görə 2.520 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. İş üzrə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba, 200 manat qiymətləndirmə xərci Cavabdeh tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilsin. Ödənilmiş 230 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 55 manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-103/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-103/2022
18.08.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver