Məhkəmə qərarları › İş №2(002)-111/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-111/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-111/2021 26.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «ipotekaya xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «ipotekaya xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.5-ci maddəsinə əsasən ipotekaya xitam verilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli 2(002)-298/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC ilə aralarında bağlanmış 27 may 2015-ci il tarixli sonrakı 356/E saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ondan 24.670 ABŞ dolları əsas borc, 11.104 ABŞ dolları 42 sent faiz, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 35.824 ABŞ dolları 42 sent (ödənildiyi zaman manata məzənnəsi ilə) pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş ona məxsus Lökbatan qəsəbəsi S.Orucov küçəsi ev 1, 35-ci mənzilinin açıq hərracda satılması, satışdan əldə edilmiş məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməsi, mənzildə qeydiyyatda olanların mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzil satıldıqdan sonra cavabdehlərin mənzildən məcburi qaydada çıxarılması və ondan ekspertiza tədqiqatının dəyəri olan 145 manatın tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh icra məmuru Nazim Qasımov 24.05.2019cu il tarixli qərarında 10 gün müddətində evin boşaldılmasını, əks təqdirdə məcburi icra tədbirlərinin tətbiq edilməsini qərara almış və evin hərracda satılması barədə hərrac təşkilatçısı Yasamal rayonu C.Cabbarlı küçəsi 44-də (Caspian Plaza) yerləşən "xxxx" MMC-yə müraciət etmişdir. Həmin MMC ilkin hərracın keçirilməsini 24.07.2019-cu il tarixə təyin etməklə bu barədə hər iki tərəfi qanunauyğun qaydada bildirişlə xəbərdar edilmiş, lakin ilkin hərrac baş tutmadığından eyni qaydada xəbərdarlıq edilməklə 2-ci hərrac 14.08.2019-cu il tarixdə keçirilsə də baş tutmamışdır. Hərrac təşkilatçısı bu barədə «Market» qəzetinin 19.08.2019-cu il tarixli 31(1015) saylı buraxılışında elan verilmiş və həmin tarixli 527 saylı məktubla mənzilin alınmasını "xxxx" ASC-yə təklif etmişdir. Bank qanunla nəzərdə tutulmuş bir ay ərzində mənzili götürmədiyi üçün hərrac təşkilatçısı ipotekaya xitam verilməsi üçün materialı 17.09.2019-cu il tarixdə Cavabdehnə qaytarmışdır. Göstərilənlərə baxmayaraq, icra məmuru N.Qasımov ipotekaya xitam verməkdən imtina edərək, buna əsas kimi Qaradağ rayon Məhkəməsinin tutma yönəldilməsini bir il müddətinə təxirə salınması haqqında qanuni qüvvəyə minmiş qərarının olmasını göstərmişdir. Hansı ki, bu qərar yalnız onların evdən çıxarılmalarına aid olan bir qərar olsa da, 19.06.2020-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən ləğv edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli 2(002)-298/2018 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" ASC-nin İddiaçı, X6, X4 və X2 qarşı «kredit müqaviləsinin ləğvi, mənzildə qeydiyyatda olan şəxslərin mənzildən istifadə hüququnun ləğv edilməsi, mənzildən çıxarılma və ipoteka qoyulmuş əmlaka tələbin yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 27 may 2015-ci il tarixli 356/E saylı kredit müqaviləsi ləğv edilmiş, 27 may 2015-ci il tarixli 356/E saylı kredit müqaviləsi üzrə cavabdeh İddiaçı 24.670 ABŞ dolları əsas borc, 11.104 ABŞ dolları 42 sent faiz, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 35.824 ABŞ dolları 42 sent (ödənildiyi zaman manatla məzənnə ilə) pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi; tutmanın ipoteka ilə yüklü edilmiş, İddiaçı məxsus Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsində istifadədə olan tam mülkiyyət hüququ üzrə İddiaçı daşınmaz əmlakın dövlət reyestrində 1459 nömrəli reyestr kitabının 133709 nömrəli vərəqində qeydiyyata alınmış 1 nömrəli binada yerləşən, 80,42 m2 ümumi, 55,92 m2 yaşayış, 24,5 m2 yardımçı sahədən ibarət 4 otaqlı 35 nömrəli mənzilə yönəldilməsi; mənzilin ilkin satış qiymətinin 120.300 manat məbləğində müəyyən edilməsi və mənzilin açıq hərracdan satılması; satışdan əldə edilmiş məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməsi; mənzildə qeydiyyatda olan İddiaçı, X5, X3 və X1 həmin mənzildə istifadə hüquqlarına xitam verilməsi və mənzil satıldıqdan sonra cavabdehlər mənzildən məcburi qaydada çıxarılmaları; cavabdeh İddiaçı ekspertiza tədqiqatının dəyəri olan 145 manatın tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, qeyd olunan qətnamə qanuni qüvvəyə minmiş, həmin qətnaməyə əsasən icra vərəqəsi tərtib olunaraq icra edilməsi üçün Bakı şəhəri Cavabdehnə göndərilmişdir. Bakı şəhəri Cavabdeh 03 iyun 2019-cu il tarixdə "xxxx" MMC-yə məktub ünvanlayaraq, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 120.300 manat olmaqla hərraca çıxarılmasını xahiş etmişdir. Hərracın keçirilməsi prosedurlarına riayət olunmaqla, hərracın keçirilməsi vaxtı və yeri barədə tərəflərə məlumat vermişdir. Bundan başqa, KİV vasitəsi ilə müvafiq elanlar dərc olunmuşdur. "xxxx" MMC Bakı şəhəri Cavabdeh 03 iyun 2019-cu il tarixli sifariş məktubuna əsasən ilk hərracı 24.07.2019-cu il tarixə, əmlak satılmadığından ikinci hərracı 14.08.2019-cu il tarixə təyin etmişdir. Əmlak ikinci hərracda da satılmadığından, hərrac təşkilatçısı olan "xxxx" MMC 19 avqust 2019-cu il tarixdə "xxxx" ASC-yə təklif ünvanlayaraq, 13.09.2019-cu il tarixədək ipoteka predmeti barədə alğı-satqı müqaviləsi bağlanmasını təklif etmişdir. Təklifdə əmlakın ilkin satış qiyməti, təklif qiyməti qeyd edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, bank tərəfindən qeyd olunan təklif qəbul edilməmişdir. Belə olduğu təqdirdə, iddiaçının ipotekaya xitam verilməsi barədə tələbi əsaslıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli («İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair) qərarında təsbit edilmiş hüquqi mövqeyə görə «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Məlum olduğu kimi, Plenumun Qərarı qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ipotekaya xitam verilməsinə hüquqi maneə yoxdur. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 27 may 2015-ci il tarixli 356/E saylı kredit müqaviləsinin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsində istifadədə olan tam mülkiyyət hüququ üzrə İddiaçı daşınmaz əmlakın dövlət reyestrində 1459 nömrəli reyestr kitabının 133709 nömrəli vərəqində qeydiyyata alınmış 1 nömrəli binada yerləşən, 80,42 m2 ümumi, 55,92 m2 yaşayış, 24,5 m2 yardımçı sahədən ibarət 4 otaqlı 35 nömrəli mənzilinə münasibətdə ipotekaya xitam verilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 27 may 2015-ci il tarixli 356/E saylı kredit müqaviləsinin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsində istifadədə olan tam mülkiyyət hüququ üzrə İddiaçı daşınmaz əmlakın dövlət reyestrində 1459 nömrəli reyestr kitabının 133709 nömrəli vərəqində qeydiyyata alınmış 1 nömrəli binada yerləşən, 80,42 m2 ümumi, 55,92 m2 yaşayış, 24,5 m2 yardımçı sahədən ibarət 4 otaqlı 35 nömrəli mənzilinə münasibətdə ipotekaya xitam verilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar