Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-116/2022 10.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X10 iştirakı ilə, İddiaçı cavabdeh «Araz Avia” MMC-nə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Araz Avia” MMC-nə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, “Binə Ticarət Mərkəzi” kompleksindəki 5.44.4 nörməli ticarət obyektinə dair «Araz Avia” MMC ilə X19 arasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi, etibarsız əqd hüquqi nəticələrə səbəb olmadığından həmin ticarət obyektinə dair «Araz Avia” MMC ilə Abbasova (Qubatova) Səidəxanım Allahyar qızı arasında bağlanmış icarə müqaviləsinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Binə Ticarət Mərkəzi” kompleksindəki 5.4.44 nörməli ticarət obyektinə dair «Araz Avia” MMC ilə X19 arasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi, etibarsız əqd hüquqi nəticələrə səbəb olmadığından həmin ticarət obyektinə dair «Araz Avia” MMC ilə Abbasova (Qubatova) Səidəxanım Allahyar qızı arasında bağlanmış icarə müqaviləsinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, bir tərəfdən “Binə Ticarət Mərkəzi” "xxxx" firmasının təmsilçisi K.M.Məmmədovanın şəxsində (icarədar) və digər tərəfdən X7 (icarəçi) arasında bağlanmış 03 oktyabr 2011-ci il tarixli, 1223 nömrəli İcarə müqaviləsinə əsasən, “Binə Ticarət Mərkəzi” kompleksində ümumi sahəsi 40 kv.m. olan 6-2-48T nömrəli mağaza X4 müddətsiz icarəyə verilmişdir. X1 “Binə Ticarət Mərkəzi” kompleksində ümumi sahəsi 40 kv.m. olan 6-2-48T nömrəli mağaza sonradan 5.4.44 nömrəli mağaza ilə əvəz olunmuşdur. Qeyd edir ki, müqavilə üzrə icarəçi Qubatova (Abbasova) Səidəxanım Allahyar qızı iddiaçının anasıdır və o, 29 noyabr 2016cı il tarixdə vəfat etmişdir. 18.07.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, miras qoyan X5 məxsus olmuş ünvan 1 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 74,28 kv.m olan mənzil iddiaçıya miras qalmışdır. İddiaçı anasının vəfatından sonra da mağazadan icarə haqqı almış, lakin son dövrdə oğlu Eston Qubadovla aralarında münaqişə yaranmış, Estonun evdən bütün sənədləri götürdüyü aşkar edilmiş, 2021-ci ilin iyun ayında isə iddiaçıya məlum olmuşdur ki, Qubatova (Abbasova) Səidəxanım Allahyar qızına icarəyə verilmiş “Binə Ticarət Mərkəzi” kompleksində yerləşən 5.4.44 nömrəli mağazanın icarəçisi qanunsuz olaraq dəyişdirilmiş və həmin mağazanın X15 icarəyə verilməsinə dair "xxxx" MMC ilə yeni müqavilə bağlanmışdır. Qeyd olunanları nəzərə alaraq, 02 iyul 2020-ci il tarixli, 512 saylı vəkil sorğusu ilə "xxxx" firmasının rəhbərliyinə müraciət olunmuş, «Araz Avia” MMC-nin 22 iyul 2021-ci il tarixli, 24 saylı məktubu ilə sorğuya cavab olaraq bildirilmişdir ki, qeyd olunmuş icarə müqaviləsi ilə bağlı vərəsəlik hüququ tanınmamışdır. Həmin icarə müqaviləsinə dair vərəsəlik hüququ qəbul edildikdən sonra vərəsəliyi qəbul etmiş vətəndaş icarə müqaviləsinin əsli, qanuni vərəsəlik hüququ haqqında şəhadətnamənin əsli və şəxsiyyəti təsdiq edən sənədlə birgə MMC-nin rəhbərliyinə müraciət edə bilər. «Araz Avia” MMC-nin 22 iyul 2021-ci il tarixli, 24 saylı məktubunda imtinanın əsası kimi qeyd edilənləri əsassız hesab edərək bildirmək istəyir ki, mülki qanunvericiliyə görə, miras qoyan Qubatova (Abbasova) Səidəxanım Allahyar qızının yeganə vərəsəsi İddiaçı olduğundan və onun tərəfindən mirasın bir hissəsi qəbul edildiyindən Qubatova (Abbasova) Səidəxanım Allahyar qızının vəfatından sonra “Binə Ticarət Mərkəzi” kompleksində yarləşən 5.4.44 nömrəli mağazaya dair icarə müqaviləsi də məhz İddiaçı ilə bağlana bilər. “Binə Ticarət Mərkəzi” kompleksindəki 5.4.44 nömrəli mağazanın icarəçisi-miras qoyan Qubatova (Abbasova) Səidəxanım Allahyar qızının yeganə vərəsəsi İddiaçı olduğu halda, həmin mağazaya dair icarə müqaviləsinin heç bir hüquqi əsas olmadan X19 ilə bağlanması qanunsuz olduğundan məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Ona görə də iddiaçı məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı cavabdeh «Araz Avia” MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X14 izahat verərək bildirdi ki, cavabdeh tərəf iddia tələbinə etiraz edir. Belə ki, iddiaçı öz tələbinin əsaslılığını iddia ərizəsinə əlavə etdiyi 03 oktyabr 2011-ci il tarixli, 1223 saylı müqavilənin surəti ilə əsaslandırmışdır. Halbuki, həmin müqavilənin əsli Abbasova (Qubatova) Səidəxanım Allahyar qızının 2014-cü il tarixli imtina ərizəsi əsasında MMC-yə geri qaytarılmış və 6-2-48T saylı mağazaya dair həmin tarixdə digər şəxslə icarə müqaviləsi rəsmiləşdirilmişdir. Bundan əlavə, 5.4.44 saylı mağazanın nə mərhuma, nə də iddiaçıya heç bir aidiyyəti yoxdur. Cavabdeh özünə məxsus mağazalarla bağlı istənilən şəxslə icarə müqaviləsi bağlaya bilər. Sözügedən 5.4.44 saylı mağaza ilə bağlı 04.12.2007-ci il tarixdə X16 ilə ilkin icarə müqaviləsi rəsmiləşdirilmiş, bu mağaza 2019-cu ilin sonunadək müqavilə əsasında həmin şəxsin icarəsində olmuşdur. Lakin pandemiya səbəbindən 2020-ci ilin əvvəllərində həmin şəxsin ərizəsi əsasında qeyd edilən mağaza MMC-yə təhvil verilmişdir. Bu mağaza sonradan 2021-ci ilin mart ayında müraciəti əsasında mülki iş üzrə üçüncü şəxs X19 ilə bağlanan 29.03.2021-ci il tarixli, 2960 nömrəli icarə müqaviləsi əsasında sonuncunun icarəsinə verilmişdir, hazırda mağaza həmin şəxsin icarəsindədir. Bundan əlavə, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi müqavilənin surətindən görünür ki, vərəqin aşağısında 6-2-48T nömrəsindən sonra 5.44.4 nömrəsi qeyd edilmişdir. Lakin məhkəmə baxışı zamanı məlum olmuşdur ki, iddiaçı tərəf qeyd edilən hissədə sübutları dəyişərək məhkəməni yanıltmağa və düzgün olmayan sübutları məhkəməyə sübut kimi təqdim etməyə çalışmışdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən müqavilənin surəti ilə vəkil sorğusuna əlavə edilən müqavilənin surəti qarşılıqlı tədqiq edilərkən üzə çıxmışdır ki, iddia ərizəsinə əlavə edilən surətin sonunda iddiaçının əsaslandığı 5.44.4 qeydi vəkil sorğusuna əlavə edilən surətdə qeyd edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı tərəf müqavilənin ləğvindən xəbərdar olmuş, onda olan müqavilədə 5.44.4 qeydi olmadığı halda özü bu qeydi müqaviləyə yazmaqla məhkəməni yanıltmağa çalışmışdır. Eyni zamanda, təqdim edilən qanuni vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən aydın olur ki, qeyd olunan icarə müqaviləsi ilə bağlı hər hansı vərəsəlik hüququ tanınmamışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X17 izahat verərək bildirdi ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 icarə müqaviləsini nənəsi Səidəxanım Abbasovanın vərəsəsi kimi yox, müstəqil fiziki şəxs kimi bağlamışdır. Həmin 5.4.44 saylı mağazanın nə mərhuma, nə də iddiaçıya hər hansı aidiyyatı yoxdur. Həmçinin, icarə hüququ vərəsəliklə keçə bilməz, şəxsin vəfatı ilə bu münasibətlərə xitam verilir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X20 ifadə verərək bildirdi ki, o, İddiaçı oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 isə qardaşıdır. Sözügedən mağazanın nömrəsi 5.4.44 olmuşdur. Həmin mağaza nənəsinə məxsus olmuş və həmin mağazanı nənəsi işlətmişdir. Mağaza daim icarəyə verilmişdir. O, 2016-cı ildən 2020-ci ilə qədər icarə haqqını alıb anasına vermişdir. Daha sonra o, ailə həyatı qurmuş, 2021-ci ildən Eston mağaza ilə maraqlanmaqla icarə haqqını alıb iddiaçıya vermişdir. Anası ilə Eston arasında mübahisə yarandığından, o və anası həmin mağazaya getmişlər. Lakin icarədar mağazanın Estona icarəyə verildiyini, yalnız Estonu tanıdığını və onlara icarə haqqı verməyəcəyini bildirmişdir. Hazırda da Estonla münasibətləri yoxdur. Məhkəmə, izahatları və şahidin ifadəsini dinləyib, iş materiallarında olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X7 ilə «Araz Avia” MMC-nin arasında bağlanmış 03.10.2011ci il tarixli, 1223 saylı icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən «Araz Avia” MMC “Binə Ticarət Mərkəzi” kompleksində 40 kv.m mağazanı X4 müddətsiz icarəyə vermişdir. Həmin vərəqin sonunda əl yazısı ilə 6-2-48T və 5.44.4 nömrələri qeyd olunmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı, 097710 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X7 05.01.2016-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Nikahları 5 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada Qubatova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ No 846698 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 29 noyabr 2016-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə 1 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 1589 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZB seriyalı, 016311 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İddiaçı atası X22, anası X6r. İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən verilmiş 18.07.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 29.11.2016-cı il tarixdə vəfat etmiş X3 vərəsəsi Bakı şəhəri, Z.Xəlil küçəsi, məh.1929, m.75 ünvanında qeydiyyatda olan qızı İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında DƏDRX Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 18.07.2017-ci ildə, ********** saylı elektron arayışa və 11.11.2008-ci ildə, ********** qeydiyyat nömrəli çıxarışa əsasən miras qoyan X5 məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 74,28 kv.m olan mənzildən ibarətdir. İş materiallarında olan «Araz Avia” MMC-nin “FİDES” vəkil bürosuna ünvanladığı 24 saylı, 22.07.2021-ci il tarixli məktubun surətindən görünür ki, təqdim edilən qanuni vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmçinin 6-2-48T saylı ticarət obyektinə yazılmış 03 oktyabr 2011-ci il tarixli, 1223 saylı icarə müqaviləsinin surətindən məlum olur ki, qeyd olunmuş icarə müqaviləsi ilə bağlı vərəsəlik hüququ tanınmamışdır. Həmin icarə müqaviləsinə dair vərəsəlik hüququ qəbul edildikdən sonra vərəsəliyi qəbul etmiş vətəndaşın icarə müqaviləsinin əsli, qanuni vərəsəlik hüququ haqqında şəhadətnamənin əsli və şəxsiyyəti təsdiq edən sənədlə birgə MMC-nin rəhbərliyinə yaxınlaşması tövsiyə olunmuşdur. İş materiallarında olan «Araz Avia” MMC-nin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlandığı 01 saylı, 10.01.2022-ci il tarixli məktubun surətindən görünür ki, "xxxx" MMC-nə məxsus “Binə Ticarət Mərkəzi”nin reyestrinə baxış keçirilərkən müəyyən edilmişdir ki, ticarət mərkəzində 5.44.4 nömrə ilə mağaza qeydə alınmamışdır. Məhz bu səbəbdən bu nömrə altında heç bir özgəninkiləşdirmə və ya hər hansı sənədləşmə aparılmamışdır. İş materiallarında olan «Araz Avia” MMC tərəfindən verilmiş 21.01.2022-ci il tarixli, 07 saylı arayışdan görünür ki, «Araz Avia” MMC ilə Abbasova (Qubatova) Səidəxanım Allahyar qızı arasında 6-2-48T saylı mağazaya dair bağlanmış 03 oktyabr 2011-ci il tarixli, 1223 nömrəli icarə müqaviləsinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Qeyd olunan müqavilə Abbasova (Qubatova) Səidəxanım Allahyar qızının 2014-cü il tarixli imtina ərizəsi əsasında MMC-yə geri qaytarılmış və 6-2-48T saylı mağazaya dair həmin tarixdə digər şəxslə icarə müqaviləsi rəsmiləşdirilmişdir. Qeyd edilən icarə müqaviləsinin təsdiq olunmuş surəti hazırki məktuba əlavə edilmişdir. Bundan əlavə qeyd edilmişdir ki, sözügedən 5.4.44 saylı mağaza ilə bağlı 04.12.2007-ci il tarixdə X16 ilə ilkin icarə müqaviləsi rəsmiləşdirilmiş, bu mağaza 2019-cu ilin sonunadək müqavilə əsasında həmin şəxsin icarəsində olmuşdur. Lakin 2020-ci ilin əvvəllərində həmin şəxsin ərizəsi əsasında qeyd edilən mağaza MMC-yə təhvil verilmişdir. Bu mağaza sonradan 2021-ci ilin mart ayında müraciəti əsasında mülki iş üzrə üçüncü şəxs X19 ilə bağlanan 29.03.2021-ci il tarixli, 2960 nömrəli icarə müqaviləsi əsasında sonuncunun icarəsinə verilmişdir. Hazırda mağaza həmin şəxsin icarəsindədir. İş materiallarında olan X7 ilə «Araz Avia” MMC-nin arasında bağlanmış 03.10.2011-ci il tarixli, 1223 saylı icarə müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, icarəyə verən «Araz Avia” MMC “Binə Ticarət Mərkəzi” kompleksində 40 kv.m mağazanı X4 müddətsiz icarəyə vermişdir. Həmin vərəqin sonunda əl yazısı ilə 6-2-48T nömrəsi qeyd olunmuşdur. İş materiallarında olan X18 ilə «Araz Avia” MMC-nin arasında bağlanmış 18.05.2014-cü il tarixli, 1391 saylı icarə müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, icarəyə verən «Araz Avia” MMC 6-2-48T saylı 40 kv.m mağazanı həmin şəxsə müddətsiz icarəyə vermişdir. İş materiallarında olan X16 ilə «Araz Avia” MMC-nin arasında bağlanmış 04.12.2007-ci il tarixli icarə müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, icarəyə verən «Araz Avia” MMC “Yeni Bazar” ticarət kompleksinin tikintisi başa çatdıqdan sonra orada ümumi sahəsi 20+20 kv.m olan mağazanı həmin şəxsə müddətsiz icarəyə vermişdir. Həmin vərəqin sonunda əl yazısı ilə 5.4.44 nömrəsi qeyd olunmuşdur. İş materiallarında olan X19 ilə "xxxx" MMC-nin arasında bağlanmış 29.03.2021-ci il tarixli icarə müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, icarəyə verən «Araz Avia” MMC Lökbatan qəsəbəsində inşa edilmiş 5.4.44 saylı 40 kv.m mağazanı həmin şəxsə müddətsiz icarəyə vermişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, iddiaçının anası S.Abbasova (Qubatova) ilə cavabdeh «Araz Avia” MMC arasında 03.11.2011-ci il tarixdə icarə müqaviləsi bağlanmış, 6-2-48T saylı mağaza onun müddətsiz icarəsinə verilmiş, S.Abbasova (Qubatova) 29.11.2016-cı il tarixdə vəfat etmişdir. İddiaçı tərəf 6-2-48T saylı mağazanın anasının sağlığında 5.4.44 saylı mağaza ilə dəyişdirildiyini, anası vəfat etdikdən sonra da oradan icarə haqqı aldığını, 5.4.44 saylı mağazanın qanunsuz olaraq E.Qubadova icarəyə verildiyini iddia etməklə, sonuncu icarə müqaviləsinin etibarsızlığını və həmin mağazaya dair mərhumla cavabdeh arasında icarə müqaviləsinin bərpa edilməsini tələb etməkdədir. Lakin iddiaçı tərəf iddia tələbinin əsaslandığı faktları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, bu barədə şahid qismində ifadə verən iddiaçının oğlu R.Qubadovun ifadəsi, onun üçüncü şəxs E.Qubadovla münasibətlərinin olmadığını bildirməsi səbəbindən və hər hansı yazılı sübutla təsdiq edilmədiyindən mötəbər hesab oluna bilməz. İddia ərizəsinə əlavə edilmiş müqavilə surətində əl yazısı ilə yazılmış 5.44.4 nömrəsi ilə bağlı məhkəmə baxışında müəyyən edildi ki, həmin nömrə nə müqavilənin təsdiq edilmiş surətində, nə də iddiaçının məhkəmədən əvvəl cavabdehə müraciətində təqdim etdiyi müqavilə surətində qeyd olunmamış, ümumiyyətlə 5.44.4 saylı nömrəli mağazanın mövcud olmadığı, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə göstərilən 5.4.44 nömrəli mağazanın isə cavabdeh tərəfindən 2007-2019-cu illərdə E.İsmayılov adlı şəxsə, 2021-ci ildə isə üçüncü şəxs E.Qubadova icarəyə verildiyi aşkar edilmişdir. Nəticə etibarilə iddiaçının və mərhum anasının 5.4.44 saylı mağazaya aidiyyəti sübuta yetirilmədiyindən, həmin mağazaya dair cavabdehlə üçüncü şəxs arasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbi əsassız hesab olunmalıdır. Bundan əlavə, həmin nömrəli mağazaya dair vəfat etmiş şəxslə cavabdeh arasında icarə müqaviləsinin bərpası tələbinin qanuni əsası olmadığından təmin edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.6-cı maddəsinə əsasən, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 1153-cü maddəsinə əsasən, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh «Araz Avia” MMC-nə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-116/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-116/2022
10.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver