Məhkəmə qərarları › İş №2(002)-1220/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1220/2024

09.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1220/2024 09.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, abonent kodu **********00790 olan iddiaçının ünvanına əsassız olaraq xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 1036,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı onun atasıdır, özü isə 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Onlar Zəngilan rayonundan məcburi köçkün olmaqla ünvan 2 ünvanında yaşayırlar. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış müqaviləyə əsasən 04 noyabr 2022-ci il tarixdə həmin ünvana "Zenner" qaz sayğacı quraşdırılmışdır. Sayğac evdən kənarda, küçədə yerləşir. Həmin sayğac dəyişdirilərkən plombu üzərində olmuşdur. Sonradan həmin sayğac laborotoriyaya aparılmışdır. Bu hadisənin üzərindən 3 aya yaxın vaxt keçmiş, 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli akta əsasən həmin ünvana əsassız olaraq borc hesablanmışdır. ******* saylı, 31 yanvar 2023-cü il tarixli aktın tərtib olunmasından iddiaçının xəbəri olmamış, həmin akt iddiaçının iştirakı ilə tərtib edilməmiş və imza etmək üçün iddiaçıya təqdim edilməmişdir. İddiaçının bu müddət ərzində aktdan xəbəri olmamışdır. Həmin akta əsasən hesablanmış məbləği tamamilə əsassız hesab edir. Belə ki, sayğaca nəzarət cavabdeh tərəfindən edilməli idi və hər ay da nəzarət olunurdu. İddiaçı gecə-gündüz küçədə yerləşən sayğaca nəzarət edə bilməz, onun tərəfindən sayğaca hər hansı müdaxilə edilməmişdir. Əgər sayğacda hər hansı bir nasazlıq olsaydı, nəzarətçi dərhal tədbir görməli idi. Məcburiyyət qarşısında qalaraq iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək müəyyən edir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, paylayıcı Cavabdeh İB bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı İddiaçı keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Cavabdeh İB tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.1.10-cu bəndinə əsasən, istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlamasından keçirmək, habelə təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq paylayıcının vəzifəsidir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın və qaz sayğacının yoxlanılması barədə aktın surətlərindən görünür ki, abonent kodu **********00790 olan İddiaçı məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş, sayğacın çıxış plasmas borusu deşilmiş, xətalar təyin edilə bilməmiş, sayğacın membranı fasilələrlə işlədiyindən sayğacı yoxlamaq mümkün olmamış, sayğac istismara yararsızdır rəyi verilmiş, dəymiş ziyanın ödənilməsi qeyd olunmuşdur. İş materiallarında olan **********00790 kod nömrəli abonentin saldosundan və çıxarışdan görünür ki, abonentin 2023-ci ilin yanvar ayında akta əsasən 1036,80 manat borcunun yarandığı qeyd olunmuşdur. İş materiallarında olan Cavabdeh Qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-04314-1 saylı aktının surətindən görünür ki, sayğaca ümumi baxış keçirilmişdir, sayğac istismara yararsızdır. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən izahata, iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, fiziki şəxs olan istehlakçı iddiaçı üçün qaz sayğacı yaşayış evindən kənarda quraşdırılmış və cavabdeh təşkilatın həmin qaz sayğacına maneəsiz nəzarət imkanı olmuşdur. Belə olan halda, sayğacla bağlı yaranmış problemə görə fiziki şəxs olan istehlakçının hər hansı təqsiri müəyyən edilmədiyindən və sübuta yetirilmədiyindən, habelə mövcud qanunvericiliyə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, iddiaçının barəsində xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən borcun hesablanması əsassız hesab olunmalı, bu səbəbdən iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən abonent kodu **********00790 olan İddiaçı hesablanmış 1036,80 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar